Duzdağ Fizioterapiya Mərkəzində yaradılan şərait Naxçıvanda səhiyyə turizminin inkişafına stimul verir

231

Naxçıvan Muxtar Respublikasının qədim tarixə və mədəniyyətə malik olması, buradakı səliqə-sahman və yaradılan infrastruktur bir çox ölkələrdən turistləri bu qədim diyara cəlb edir. Təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində yaradılan şərait də burada səhiyyə turizminin inkişafı üçün əlverişli mühit formalaşdırır.

NUHÇIXAN xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları bu günlərdə Duzdağ Fizioterapiya Mərkəzinə müalicə almaq üçün gələn qonaqlarla həmsöhbət olub.

Qazaxıstan vətəndaşı Arsakul Sadırkulova bu qədim Azərbaycan torpağında olmağından məmnunluğunu ifadə edərək deyib: “Naxçıvana nəvəmin müalicəsi üçün gəlmişəm. Burada bir neçə gündür olmağımıza baxmayaraq, artıq onun səhhətində yaxşılaşma hiss olunur. Duzdağ həqiqətən də möcüzəli yerdir. Çünki Duzdağda xəstələr heç bir kimyəvi müalicə olmadan sadəcə şaxtalarda nəfəs almaqla müalicə olunurlar. Boş vaxtımızda Naxçıvanın tarixi və mədəni yerləri ilə də tanış olmaq imkanı əldə etdik. Ən çox diqqətimi cəlb edən Əshabi-Kəhf ziyarətgahı oldu. Bir çox yerdə dini ziyarətgahlarda olmuşam, lakin müqəddəs kitabımız “Qurani-Kərim”də haqqında bəhs olunan Əshabi-Kəhfdə olarkən insan sanki mənəvi rahatlıq tapır. Onu da deyim ki, Naxçıvan olduqca səliqəli, təmiz və abad məkandır. Buradakı sabitlik, qayda-qanun diqqətimi çəkdi. Əgər bir diyarda inkişaf varsa, bu, ilk növbədə, əmin-amanlıq sayəsindədir. Hər gün dünyanın bir sıra şəhərlərində insanlar qanunsuzluqla, özbaşınalıqla qarşılaşırlar. Lakin Naxçıvanda hara üz tutursan, səni mədəni şəkildə qarşılayıb, qonaqpərvərliklə yola salırlar”.

Digər bir həmsöhbətim, Ukraynanın Kiyev şəhərində yaşayan İrina Maxinya isə övladını müalicə etdirmək məqsədilə Naxçıvana gəlib. O, Duzdağın möcüzəvi təsirindən danışarkən deyib: “Bir neçə ildir ki, övladım bronxial-astma xəstəliyinə tutulub. Bir sıra müalicə ocaqlarına müraciət etsək də, dərdinə əlac tapılmadı. Daha sonra sosial şəbəkələr vasitəsilə Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzinin olduğunu və burada həmin xəstəliyin müalicəsinin aparıldığını öyrəndim. Vaxt itirmədən sizin diyara üz tutdum. Onu da deyim ki, buraya gəlməzdən bir neçə gün öncə övladımın vəziyyəti daha da ağırlaşmışdı. Müalicədən 3 gün keçməsinə baxmayaraq, müsbət nəticələr əldə edilib. Həkimlər də müalicə barədə ürəkaçan rəylər veriblər. İnanıram ki, bir neçə kurs müalicədən sonra övladım bu xəstəlikdən tam sağalacaq”.

İrina Maxinya bildirib ki, onu vətənində bronxial-astma xəstəliyindən əziyyət çəkənlər çoxdur: “Ukraynaya qayıdan kimi onlara bu müalicə mərkəzi haqqında ətraflı məlumat verəcəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Duzdağ” otelində də bizə yüksək xidmət göstərilir. Fürsət tapıb diyarınızın gəzməli-görməli yerləri ilə tanış olmuşam. Çox zəngin tarixiniz, maraqlı abidələriniz var. Möminə xatın və Nuh Peyğəmbərin türbələri məni, həqiqətən, heyran etdi. Naxçıvan mətbəxi özünəməxsus dadı və ləzzəti ilə seçilir. Bundan sonra Naxçıvana tez-tez gəlməyi düşünürəm”.

Bakı şəhərindən gələn Vüsalə Əliyeva da yolunu tez-tez Naxçıvandan salır. Deyir ki, bu torpaq ona yeni həyat bəxş edib: “İllər öncə tutulduğum bronxial-astma xəstəliyindən uzun müddət müalicə alsam da, heç bir müsbət nəticə əldə olunmadı. 2013-cü ilin fevral ayında isə vəziyyətim daha da ağırlaşdı və Naxçıvana üz tutdum. Duzdağ Fizioterapiya Mərkəzinə müalicə üçün gəldiyim ilk günlərdən səhhətimdə yaxşılaşma hiss etdim. Bu, məni inanılmaz dərəcədə çox sevindirdi. Artıq beşinci dəfədir ki, müalicə üçün buraya gəlirəm və çox yaxşı nəticələr alıram, demək olar, tam sağalmaq üzrəyəm”.

“Ötən illər ərzində Naxçıvanın bir çox görməli yerlərini də gəzmək fürsətim olub. Qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşmışam. Ulu Tanrı səxavətini bu torpaqdan əsirgəməyib, buranı cənnətməkana çevirib” – deyən Vüsalə Əliyeva bildirib ki, Naxçıvan qədim tarixi, müasir inkişafı və qonaqpərvərliyi ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Buradakı xalqın keçmişinə işıqsalan tarixi abidələr, mənəvi irsimizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: