Duz və onun folklorumuzdakı yeri

137

Ulu əcdadlarımızın ilkin görüşləri, təsəvvürləri, inancları əhatə olunduqları ətraf aləmlə və məişətlə sıx bağlı olub. Bu bağlılıq isə öz əksini milli folklorumuzda, yəni xalq ədəbiyyatında tapıb. Xalq ədəbiyyatı nümunələrində-nəğmələrdə, bayatılarda, əfsanə və rəvayətlərdə, nağıllarda, alqış və qarğışlarda, deyimlərdə və sair janrlarda xalqımızın bu və ya digər məfhumlarla bağlı düşüncələri, inam-inancları özünü göstərir. Bu mənada milli folklorumuzda öz əksini tapan duz və bununla bağlı yaranan nümunələr də olduqca maraqlıdır.

Bəli, duz milli folklorumuzda özünəməxsus yer tutur və xalqımızın ən qədim zamanlardan etibarən müqəddəs hesab etdiyi nemətlərdən biri kimi diqqəti cəlb edir. Bunun isə bir neçə səbəbi var. Əvvəla, qeyd edək ki, muxtar respublikamız çox zəngin duz ehtiyatlarına malikdir. Hətta bəzi tarixçilər Naxçıvan şəhərinin tarixini burada yerləşən Duzdağla bağlı olduğu fikri üzərində dayanırlar. Yəni ilkin şəhərin salınması ilə burada yerləşən duz mədənlərinin tarixi eyni dövrlərə təsadüf edir. Buna görə də 5-7 min il bundan öncə Naxçıvanda duz çıxarılmasına başlanılması, eyni zamanda, burada duz ənənəsinin yaranmasına da səbəb olub. Beləliklə də, Naxçıvanın ən gözəl nemətlərindən biri olan duz folklorumuza ayaq açıb və özünə yer tapıb. Alqışlardan qarğışlara, nağıllardan əfsanələrə, haxıştalardan duvaqqapmaya, inanclardan sınamalara qədər, demək olar ki, folklorumuzun hər sahəsində duzla bağlı deyimlər yaranıb. Məhz buna görə də, duz ulu əcdadlarımız üçün çörək qədər əziz olmuş və bu nemətlə bir tutulub.

Duz folklorumuzda, ulularımızın təsəvvüründə, hər şeydən öncə, ruzi-bərəkəti ifadə edib. Xalq içində belə bir inanc var ki, yumurta satanda üstünə duz tökülsə, evin bərəkəti artıq olar. Duz hətta Naxçıvanın tapmacalarında da işlənilir. Açması “duz” olan tapmaca belədir:

Gəzib bütün dünyanı,

Bəyənib bizim yeri,

Məskən edib Naxçıvanı.

Duz həm də dostluq, qardaşlıq, düzlük rəmzidir. Dədə-babalarımızdan qalma “Duz-çörək haqqı” andı daima dilimizdə ən dəyərli kəlmələrindən biri olub. Naxçıvan xalq dastanlarında olan deyimlərdə “Duz kəsən düz olar”, “Duz kəsən namərd olmaz”, “Şeytana uyma. Duza dönük çıxan murada çatmaz”, “Qoy onlar tez-tez duz kəssinlər” kimi deyimlərdə bunu bir daha görmək olur. Duzla bağlı bir nəğmədə isə yuxarıda söylənən fikri daha açıq-aydın görmək mümkün olur:

Atəş daşı, duz daşı

Gəl yeyək bulqur aşı

Əl-ələ tutaq gedək

Dosta, düşmənə qarşı

Duz ulu əcdadlarımızın inanc sistemində də özünə yer tutub. Duzdan qədim zamanlarda bəd ruhları və pis əməlləri qovmaq məqsədilə istifadə edilib. Belə bir inam mövcud idi ki, yeni doğulan uşağın başının altına çörəklə yanaşı, duz qoyularsa, bu yeni doğulan körpənin bəd ruhlardan qoruyar. Başqa bir inanc isə qorxan uşaqla bağlıdır. Qırxlı uşağın qorxduğunu görən ana-nənələr duz və çörək götürüb deyərdilər ki, itdən-qurddan, indən-cindən, özündən yeylərdən qorxuluğunu götürürəm. Sonra bir ovuc torpağa büküb qoyardılar uşağın başının altına. Sübh vaxtı onu qibləyə tutar, sonra isə damın üstünə atardılar. Başqa inanca görə isə qırxlı uşaq evdə olarkən onun başının altına ağ və ya Quran qoyarlar, evdən çölə çıxanda isə duz-çörək.

Duzla bağlı inanclardan biri də budur ki, uşağa nəzər dəyməsin deyə onu uşağın başına fırladar, “balama nəzər edənin gözləri bu duz kimi çırtıldasın”,- deyib ocağa atarlar.

İnanc sistemimizdə duzdan həm də ev əhlini, ailə ocağının qorunması məqsədilə istifadə edildiyini də görürük. Əgər evdə və ya həyətdə insanların olduqları yerlərə ilan gələrsə və ya bayquş dama qonarsa, yenə də duz-çörək götürüb deyərlər ki, “səni and verirəm bu duz-çörəyə ki, çıxıb bu ocaqdan gedəsən”.

Qeyd edək ki, ulu əcdadlarımızın duzla bağlı sınamaları da mövcuddur. Sınamada duz günü hesab edilən bazar ertəsində səfərə çıxılmasının məqsədəuyğun olmadığı göstərilir.

Göründüyü kimi, ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaratmışdır. Bu da səbəbsiz deyildir. Çünki duz qədim diyarımız Naxçıvanda xalqımızın ən dəyər verdiyi sərvətlərindən biridir.

                                                                                                                                         Səbuhi HƏSƏNOV,

AMEA Naxçıvan Bölməsinin

Etnoqrafiya şöbəsi, kiçik elmi işçi

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: