Düşürsən yadıma….

200

Hər il dekabr ayının 3-ü Beynəlxalq Əlillər Günü olaraq qeyd edilir. Bu tarix Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Günün qeyd olunmasında məqsəd əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərin təşkil olunmasına dəstək verməkdir.

Amma mən sizə əlillər günü və ya günün tarixi haqqında danışmaq istəmirəm. Mən sizə doğuşdan əlil olan bir insan haqqında danışmaq istəyirəm.

Əslində onu heç vaxt tanımamışdım. Tanıyandan sonra isə unutmamışdım. Belə bir adamın varlığından belə xəbərim yox idi. Amma onu tanıyandan sonra buna çox təəssüfləndim, onu tanımadığıma təəssüfləndim. Və doğrusuna qalsa, bir az da utandım. Çünki biz hansısa işi görmək üçün bu yoxdur, o çatmır, mən bacara bilmərəm – kimi bəhanələr gətiririk. Amma Tanrının bizə verdiyi sağlam orqanizmi unuduruq. Axı o bizə hər bir işin öhdəsindən gəlməyimiz üçün verilib – gələ bilməyimiz üçün bəlkə də.

O isə əlil arabasına bağlanıb qalsa da bunu özü üçün nə bir müsibət, nə də bir fəlakətə çevirmişdi. Tanrının ona yazdığı tale ilə barışmışdı, amma özünü başqalarından nə fərqli hiss edirdi, nə də aciz. Şam kimi yandırırdı barmaqlarını və güc verirdi qələminə. Onun o zəif, gücsüz barmaqlarından çıxan bir-birindən maraqlı əsərlər isə onu taleyini bağlamağa məcbur olduğu əlil arabası ilə bütün Azərbaycana tanıtdırdı.

Qəhrəmanım – mərhum yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Vətən”, “Yaddaş”, “Türk ədəbiyyatına xidmət” mükafatları laureatı,  BMT-nin ədəbiyyat üzrə Avropa ordeni ilə təltif edilmiş Rasim Qulu oğlu Məmmədli, ədəbi təxəllüsü ilə Rasim Gənzəlidir.

2008-ci ilin yay ayları idi. Çalışdığım radiodan məni Rasim Gənzəli adlı yazıçıdan müsahibə almaq üçün göndərmişdilər. Onların evlərinə getməli idim. Mənə bələdçilik edən xanım yol boyu qısa da olsa Rasim müəllim haqqında danışdı. Yol getdikcə necə bir insan, necə bir sima ilə rastlaşacağım haqqında düşünürdüm. Evlərinə çatanda isə artıq nahar vaxtı idi. Rasim müəllim bizi çox səmimiyyətlə qarşıladı. Onunla söhbət etdikcə sanki başqa bir dünyanın insanıymış kimi məni heyrətləndirirdi.

Əslində elə başqa bir dünyanın insanı idi Rasim müəllim. Bəzi fiziki cəhətdən sağlam insanlardan daha çox həyat eşqi ilə qaynayırdı onun ürəyi. Onun taleyini yaşayan insanlardan daha çox irəli getmişdi. Tanrının ona yazdığı tale ilə razılaşmayıb və daha çox çalışıb, çalışdığının müqabilində isə qazanıb: saysız-hesabsız oxucu sevgisi, oxucu rəğbəti.

1962-ci il fevral ayının 9-da Ordubad rayonunun Gənzə kəndində anadan olan Rasim müəllim uşaqlıqdan əlil idi, yeriyə bilmirdi. Amma bu onun iradəsini qırmamışdı. Evdə fərdi surətdə orta, daha sonra ali təhsil alıb, Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdi.

Bunlara görə, sizin qədər mən də çox təəccüblənmişdim. Rasim müəllimə baxdım, bir də bu günün bəzi gənclərini xatırladım. Sağlam, rahat bir şəkildə dərsə gəlib-gedən amma oxumağı, əlində bir dəftər, bir kitab götürməyi özünə ar bilən tələbələri xatırladım. Qarşımdakı insan sağlamlıqdan məhrum, amma həyat eşqi ilə qaynayan,  sabaha ümidlə baxan, yazıb-yaradan, hər bir halı ilə güclü, inamlı insan idi. Və burada böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misrası yadıma düşdü:

İnsan, insan olur öz hünəriylə….

 – həqiqətən belədir. Rasim müəllim bunu mənim üçün bir daha sübut etmişdi. Həmişə xatırlayacağım və unuda bilməyəcəyim bir sübut!

Rasim müəllim öz uşaqlıq illərini belə xatırlayırdı: “…Mən hər gün bir buğda boyu böyüdükcə yaxınlarım fərəhlənirdi. Ancaq… Günlər ötdükcə bu fərəhin yerini nigarançılıq əvəz etməyə başlayırdı. Məsələ burasındaydı ki, mən bütün uşaqlar kimi böyüsəm də, bütün uşaqlar kimi ayaq açıb yerimirdim. Üç yaşım oldu, beş yaşım, yeddi yaşım yetişdi… Yeriyə bilmədim…”

Rasim Gənzəli gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmağa başlamışdı. Gənc yaşlarından mətbuat sahəsində çalışıb. Ordubadda çıxan “ Yeni Ordubad “ və “ El həyatı“ qəzetlərində müxbir kimi fəaliyyət göstərib. Respublikanın dövri mətbuatında altı yüzə yaxın məqalə və publisistik yazıları dərc olunub. “Ağrı” adlı ilk hekayəsi isə “Araz” almanaxında dərc olunub. Dərc olunan ilk hekayəsinin ardından fəal ədəbi yaradıcılıqla məşğul olan Rasim müəllim “Qanlı çay”, “Qara sevda”, “Qurdlar və manqurtlar”,  “Qaranlıq gündüzlər”, “Qəlbi asiman kimi”, “Qalib gələn adam”, “Qiyamət qopanda…” və başqa kitabların da müəllifi idi.

Fiziki cəhətdən qüsurlu olan insanlar bəzən həyatdan küskün və ümidsiz olurlar. Amma Rasim müəllim bütün sədləri və sərhədləri öz qələmi ilə qırıb-dağıtmış, özünün heç bir digər insandan fərqli olmadığını qələmi ilə, nitqi ilə, düşüncəsi ilə, yanaşma tərzi ilə sübut etmişdi. Ondan ümidsiz və ya kiminsə ümidi olub-olmadığını soruşmuşdum və Rasim müəllim mənə belə cavab vermişdi: “Naxçıvandan Ordubada gedirdim. Yolda bir xanımı da avtomobilimizə götürdük. Yol boyunca söhbət etməyə başladıq və o məni tanıdı. O dedi ki, Rasim müəllim, mən xəstə idim, ona görə ki, qızımın başına faciə gəlmişdi, problemləri var idi. Sizin “Qara sevda” romanınızı oxuyandan sonra mən bir qədər rahatladım, kitabı apardım qızım da oxudu və o kitabdan ümid tapdıq. Yaşam eşqimiz artdı…”

Mənim üçün həqiqətən də çox maraqlı idi. Bəlkə, başqa belə insanlar kimlərdənsə ümid gözləyər daha çox, kimlərəsə ümid edər. Amma Rasim müəllim öz qələmi ilə başqalarının ümidinə çevrilmişdi. Həqiqətən qibtə etdim ona.

“Bu gün özünüzü necə hiss edirsiz?” – sualını isə Rasim müəllim yenə də özünəməxsus şəkildə cavablandırmışdı: “Tanrıya min şükür. Min şükür ki, yaşayırıq. Həyatı bir qədər zəif dərk edən insanlar, düşünmədən danışan insanlar bəzən mənə deyirlər ki, “ay Rasim müəllim, sən oturduq yerdə necə yaşaya bilirsən?”. Bu mənim taleyimdi, mən bu taleyi qəbul eləmişəm, həm də sevə-sevə qəbul eləmişəm. Xırda, bir əlçim işıqdan ümid götürüb yaşaya bilirəmsə, deməli, mən otura-otura da yaşaya bilərəm. Tanrıma çox şükür ki, yaşayıram, yazıram-yaradıram. Biz “Paralaks” Əlilliyə Dəstək İctimai Birliyini yaratmışıq, müəyyən layihələrlə məşğuluq. Bizim məqsədimiz ölkəmizdə olan istedadlı əlilləri dünyaya inteqrasiya etmək, onların istedadını üzə çıxarmaq, əlil insanları tənhalıqdan qurtarmaqdır”…

Ancaq həyat eşqi ilə qaynayan, qəlbi həyat eşqi ilə coşan insanlar – necəliyindən asılı olmayaraq belə işlərə imza ata bilər.

Və Rasim Gənzəli haqqındakı bu kiçik yazını yazıçının “Qaranlıq gündüzlər” kitabına yazdığı “Qaranlıqdan işığa və yaxud, qoyun bir az da özümdən deyim” adlı ön sözündən götürdüyüm bu fikirlərlə tamamlamaq istəyirəm:

“Havası, suyu dözüm olanların uzaqda, lap uzaqda nöqtə boyda parlaq bir ulduzu olur. O parlaq ulduz anbaan, günbəgün böyüyüb adamı öz ziyasında yuyundurur. Mən də nöqtə boyda ulduzu gözümə yığıb yaşadım, döyüşdüm, mübarizə apardım. Hekayələr yazdım, povestlər, romanlar müəllifi oldum. Kitablarım dərc olundu, mükafatlara, diplomlara layiq görüldüm. Ən başlıcası, ən əsası isə oxucu rəğbəti. Oxucu məhəbbəti qazandım.

Elə o anlardan da, mənim parlaq ulduzum böyüməyə başladı. İndi o ulduzun böyüyüb Ay olması, məni öz ziya selində yuyundurması üçün Tanırdan yaşamağa bir-neçə il istəyirəm. Tanrı o illəri mənə versə, bir də gözləyəcəm ki, gecənin bir çağında Ay başımın üstündə dayanıb üzümə gülür. Və elə o andaca başımı ömür-gün yoldaşımın dizləri üstünə qoyub asta səslə deyəcəyəm: “Ölüm, xoş gəldin, xoş gəldin!!!”

Və elə bu arzusuna çatdı da 12 avqust 2018-ci ildə həyatla vidalaşdı. Özündən sonra əsərlər, xatirələr yadigar qoyub getdi.

Təki bütün insanlar, gülümsəyən Ay boyda ulduzunu görüb bu dünyadan köçsünlər…

Məmməd Babayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: