Dünya şöhrəti qazanmış naxçıvanlı rəssam

119

Naxçıvan torpağının yetirməsi, görkəmli rəssam İbrahim Səfi (1898-1983) XX əsr Türkiyə rəssamlıq sənətinin ən böyük nümayəndəsi olub. İbrahim Səfi müasir türk incəsənətində ən məhsuldar fırça ustası kimi 10 mindən artıq rəsm əsəri çəkib. Türkiyə  rəssamlığında özünün yaradıcılıq məktəbi olan, fırça ustalarına başçılıq edən bu böyük sənətkar ilk rəsm əsərlərini Azərbaycanda, Naxçıvan torpağında yaradıb. Belə ki, hələ 1913-cü ildə çəkdiyi  “Araz balıqçıları” və bir az sonra meydana çıxan “Köç” əsərləri onun gələcəyin böyük rəssamı olacağından xəbər verirdi. Türkiyədə İbrahim Səfi haqqında nəşr olunmuş  kitabda əksini tapan bir müsahibədə bu sənət korifeyi keçmiş günləri xatırlayaraq bildirirdi ki, “Qafqazda incəsənətə qarşı böyük maraq vardı. Qızlar rəngbərəng xalçalarda arzularını, diləklərini naxışlara çevirərkən, oğlanlar həsir, ağacoyma kimi el sənətkarlığı ilə məşğul olardılar. Bütün bu gözəlliklər addım-addım məni rəssamlığa yönləndirdi. Ətrafımdakı akademiya məzunları, müəllimlərim məni dəstəkləyir, gələcəkdə yaxşı bir rəssam olacağımı söyləyirdilər. Mən də rus rəssamı Repinin əsərlərini bəyənir, gələcəkdə onun kimi bir rəssam olmağı çox istəyirdim”.

İbrahim Səfi realist rəssamdır və ömrünün sonuna kimi yaradıcılıq ənənəsinə sadiq qalıb. Sənət fədaisinin əsərləri onu əhatə edən və real olan əşya və hadisələrin təsvirindən ibarətdir. O, mücərrəd mövzulara demək olar ki, müraciət etməyib. Rəssam realist üsluba üstünlük verməsini özü belə izah edib: “Mənim sənət anlayışım  rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir. Mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram. Sənət xalqa uymalıdır, insanların anlayacağı şəkildə yaradılmalıdır. Mən rəssamlıqda gerçəkçiyəm, portağal çəkirəmsə, yuvarlaq çəkirəm, amma modernist onu künclü-bucaqlı çəkir”.

Sənətşünas Süleyman Arısoyun “Türk kültürü” jurnalında çap olunmuş “Sənətkar rəssam İbrahim Səfi” başlıqlı məqaləsində qeyd edir ki, “İbrahim Səfi yaradıcılıq aləminə gəldiyi ilk günlərdən indiyə kimi realizmə sadiqdir. O, öz yaradıcılıq təcrübəsində dünya incəsənətinin ən mütərəqqi ənənələrini davam etdirir” .

İbrahim Səfi ensiklopedik yaradıcılığa malik rəssamlardandır. O, əsərlərini müxtəlif janrlarda – natürmort, portret, mənzərə və kompozisiya janrlarında yaratmışdır. Onun yaratdığı portret qalereyasına yüzlərlə  simalar daxildir. Ən dəyərli portretlərindən biri olan “Atatürkün portreti” onun yaradıcılığının şah əsərlərindəndir. Rəssam müxtəlif illərdə Türk dünyasının böyük lideri Atatürkün obrazına müraciət edib. O, ilk dəfə 1925-ci ildə bu mövzuya müraciət ermiş, daha sonra XX əsrin 60-70-ci illərində “Atatürkün Samsuna çıxışı” və 1975-ci ildə çəkdiyi “Atatürk”  əsərləri ilə cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün parlaq obrazını yaratmışdır.

İbrahim Səfinin Türkiyə mövzusuna və xarici ölkələrə həsr etdiyi əsərləri onun yaradıcılığında üstünlük təşkil edir. “Qaradəniz sahilləri”, “Topxana meydanı”, “Ankara Maltəpədən”, “Caddə bostan”, “İzmirdə sərgi köşəsi”, “Ankaralının portreti”, “Maranqoz Hüseyin”, “Ankara qalası”, “Boğazda 1935-ci ilin buz axını”, “Qaladan – Ankara”, Konkord meydanı Paris” kimi tablolar yaradıcılığında yer alıb.

İbrahim Səfi həm qarışıq sərgilərdə iştirak edib, həm də özünün 100 fərdi sərgisini reallaşdırıb. İbrahim Səfi 1955-ci ildən sonra xarici ölkələrdə sərgi açmağa başlayıb. Görkəmli rəssam Almaniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Fransa, Yunanıstan və digər ölkələrdə yaradıcılıq ezamiyyətində olub, bu ölkələrə aid təsirli, yaddaqalan tablolar yaradıb. Bir faktı qeyd edək ki, Fransanın ən böyük ikinci şəhəri olan Marsel şəhərində onun səkkiz fərdi sərgisi açılıb. İbrahim Səfi Almaniyanın əhalisinin sayına görə üçüncü şəhəri olan Münhenə  aid  “Münhendə bir qış mənzərəsi”,  “Münhendə axşam”, “Almaniyada Tolsi qəsəbəsi”, “ “Münhendə Hakker Kaller qarşısında” və s. mənzərələri də kətan üzərinə köçürüb. Məlumdur ki, rəssam ömrünün iki ilini Münhendə yaşayıb və həmin əsərlər də onun yaradıcılığının Münhen dövrünə aiddir. Onu da qeyd edək ki, beynəlxalq aləmdə nüfuz qazanması avropalı gənc rəssamların ondan dərs almaq istəməsinə səbəb olub. Təsadüfi deyildir ki, tanınmış ingilis rəssamı Conson Baker İbrahim Səfinin yetirməsi idi.

Ömrünün sonuna kimi ancaq yaradıcılıqla məşğul olan görkəmli rəssam İbrahim Səfi XX əsr Türkiyə incəsənəti tarixinə adını qızıl hərflərlə yazdıran azərbaycanlıdır. İbrahim Səfinin ölümündən 35 il keçməsinə baxmayaraq Türkiyədə onun zəngin yaradıcılığına diqqət azalmayıb. Sakarya universitetinin müəllimi Rumeysa İşıq Yayla görkəmli rəssamın bədii irsini tədqiq edib, “İbrahim Səfi yaradıcılığında Şərq mövzusu” mövzusunda dissertasiya işi yazıb və böyük fırça ustasının  əsərlərində şərq mədəniyyətinin ifadə vasitələrini, xüsusiyyətlərini dərindən araşdırıbdır.

Ancaq bunlara baxmayaraq dünyaşöhrətli bu görkəmli rəssamın irsi çox az öyrənilib, onunla əlaqədar cəmi üç kitab, bir kataloq işıq üzü görüb. Bu kitablardan birini dostu professor Ənvər Tali Çətin 1990-cı ildə İstanbulda öz vəsaiti ilə nəşr etdirib.

İbrahim Səfinin dostlarından, tədqiqatçılarından biri də Naci Tərzidir. Bu fırça ustası İbrahim Səfi sənətinin çoxsaylı pərəstişkarlarından biridir. O yazır: “İbrahim Səfi Türkiyəyə rəng anlayışını gətirmiş sənətkardır. Türk rəssamları  rəngin nə olduğunu ondan sonra dərk etməyə başladılar. Mən indiyə qədər onun kimi alicənab, sənətinə aşiq olan bir adam görməmişəm. Türk rəsm sənəti İbrahim Səfidən çox şey öyrəndi”.

Daha sonra Naci Tərzi sənətkarın ömrü boyu vətən həsrəti çəkdiyini müşahidə etdiyini göstərərək yazır: “İbrahim Səfi daim doğulub böyüdüyü yerlərin xiffətini çəkirdi. Bunu hiss etdirməməyə çalışsa da, mən daim gözlərindəki nisgildən  sezirdim. Məncə, İbrahim Səfi bu dünyadan gözləri açıq getdi, çünki 20 yaşında tərk etdiyi doğma yurdunu görə bilmədi”.

Başqa bir mənbədə də bu fikri təsdiq edən faktlara rast gəlirik. Belə ki, akademik Rasim Əfəndi 1970-ci illərdə Türkiyəyə səfərə getmişdi. İstanbulda İbrahim Səfi ilə görüş ona böyük təsir bağışlayır. O, böyük fırça ustası ilə görüşünü, evində qonaq olmasını belə təsvir edir: “Vaxtımız az olduğundan İbrahim Səfi nəfəsini dərmədən danışır və mənə suallar verirdi. O, çox şeylərlə maraqlanırdı. Tez-tez qəhərlənirdi, elə hey: “Darıxıram, onun üçün darıxıram. Bircə dəfə hüsnünü görə bilsə idim, rahat ölərdim”-deyirdi. Mən dözməyib ondan soruşdum: İbrahim bəy, kimin xiffətini çəkirsiniz? Bu zaman o, əllərini bərk-bərk sıxdığı başından aralayıb arxasındakı divara, oradan asılmış tabloya tuşladı və dedi: “Onun üçün, onun üçün”. Divardakı rəsmə yalnız indi diqqət yetirdim, bayaqdan ev bir az qaranlıq olduğu üçün fikir verməmişdim. Bu, İbrahim Səfinin  qürbətdə çəkdiyi “Haçadağ” əsəri idi”.

Görkəmli rəssamın fırçasının hər telinə hopan Vətən sevgisi, yurd sevgisi, sonsuz həsrət, genetik yaddaş onun əsərlərinin hər birinə doğma Naxçıvanın bir parçasını həkk etmişdir.

Sovet Azərbaycanında İbrahim Səfinin yaradıcılığından demək olar ki, bəhs olunmayıb. Müstəqillik illərində bu rəssam haqqında mətbuatda bəzi yazılar çap olunsa da,  geniş ictimaiyyət onun varlığından, əsasən xəbərsiz olub. Azərbaycan muzeylərində İbrahim Səfinin cəmi 11 əsəri mövcuddur.

Dünya şöhrətli rəssam İbrahim Səfinin şəxsiyyətinə, yaradıcılığına dəyər verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 17 oktyabr 2018-ci ildə “Görkəmli rəssam İbrahim Səfinin 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam bu sahədə böyük mədəni və ictimai-siyasi əhəmiyyətli hadisə oldu. Sərəncamda göstərildiyi kimi, İbrahim Səfinin şəxsiyyəti və yaradıcılığının tədqiqi bütünlükdə hər bir vətəndaş, xüsusilə rəssamlarımız üçün vacibdir. Azərbaycanı xarici ölkələrdə öz yaradıcılıq fəaliyyəti ilə layiqincə təmsil edən rəssam bu gün  həyatda olmasa da, onun yaratdıqları  ölkəmizi layiqli şəkildə  təmsil etməkdədir. Bu sərəncamın işığında bu yaxınlarda Naxçıvan Rəssamlar Birliyinin sərgi salonunda böyük sənətkarın 54 əsəri nümayiş etdirildi, mətbuatda İbrahim Səfi yaradıcılığına həsr edilmiş maraqlı məqalələr nəşr edildi.

Anadan olmasından 120 il keçməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasında bu cür görkəmli rəssama dövlət tərəfindən diqqət və qayğı göstərilməsi bir ziyalı kimi  bizi çox sevindirdi. İnanırıq ki, dünyaşöhrəti qazanmış, türk dünyasının  tanınmış naxçıvanlı rəssamı İbrahim Səfinin  həyat və yaradıcılığı bundan sonra da geniş şəkildə tədqiq ediləcək, müasir gəncliyə, gələcək nəsillərə layiqincə tanıdılacaqdır.

 

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü,

AMEA Naxçıvan bölməsi, İncəsənət, Dil  və Ədəbiyyat İnstitutunun direktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: