Dünya çempionatının “G” qrupu: Lider Belçika, yoxsa İngiltərə olacaq?

198

İyunun 28-də futbol üzrə XXI dünya çempionatının “G” qrupunda sonuncu turun oyunları start götürüb.

NUHÇIXAN xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin sonuncu turunda qrupun liderləri İngiltərə ilə Belçika qarşılaşırlar. Paralel keçən digər oyunda isə Panama ilə Tunis milliləri qarşılaşırlar.

“G” qrupunda İngiltərə və Belçika milliləri altı xalla səkkizdəbir finala vəsiqəni artıq təmin edib. Tunis və mundialın debütantı Panama yığmaları iki məğlubiyyətdən sonra sıfır xalla sonuncu yerlərdə qərarlaşıblar.

İngiltərə-Belçika oyunu “Kalininqrad Arena”da keçirilir. Görüşü sloveniyalı Damir Skamina idarə edir. İngiltərə millisinin heyətində meydana Cordan Pikford, Qari Keyxil, Con Srounz, Fil Cons, Erik Dayer, Fabian Delf, Ruben Loftus-Cik, Trend Aleksandr-Arnold, Deni Rouz, Markus Reşford, Ceyms Vardi çıxıblar.

Belçika yığmasının start heyətində Tibo Kurtua, Dedrik Boyata, Tomas Vermalen, Leander Dendonker, Maruan Felaini, Musa Dembele, Torqan Hazard, Naser Şadli, Yuri Tilemans, Mişi Batşuayi, Adnan Yanuzay yer alıblar.

Qeyd edək ki, bu oyun komandalar arasında 22-ci görüş olacaq. Belçika və İngiltərə yığmalarının ilk görüşü 1921-ci ilə təsadüf edir. Həmin görüşdə ingilislər üstün olub (2:0). Ümumilikdə isə İngiltərə yığması 22 oyunun 15-də qalib gəlib, bir oyun heç-heçə başa çatıb.

İndiyədək 14 dəfə mundiallarda iştirak edən “dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub. İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.

Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

X X X

Tunis-Panama matçı isə Saranskdakı “Mordoviya Arena”da keçirilir. Tunis yığmasının start heyətində meydana Aymen Matludi, Rami Bedui, Yasin Meriya, Usama Xaddadi, Xamdi Naqez, Fercani Sasi, Elyes Sxiri, Qaylen Şalali, Fəxrəddin Ben-Yusef, Vaxbi Xəzri, Naim Sliti çıxıblar.

Panama yığmasının ilk “onbirliyi”ndə isə Xayme Penedo, Roman Torres, Fifel Eskobar, Adalfo Macado, Luis Ovalye, Anibal Qodoy, Qabriyel Qomes, Rikardo Avila, Xose Luis Rodriqez, Edqar Barsenas, Qabriyel Torres yer alıblar.

1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

Panama millisi isə tarixində ilk dəfədir ki, dünya çempionatında iştirak edir.

Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 14 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar. “H” qrupunun qalibləri Yaponiya və Kolumbiya yığmalarının rəqibləri İngiltərə və Belçika oyunundan sonra müəyyənləşəcək.

Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: