Dünya çempionatının onuncu gününə Belçika-Tunis oyunu ilə start veriləcək
İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının onuncu günündə “F” və “G” qruplarında növbəti oyunlar keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, günün ilk oyununda “G” qrupunda yer alan Belçika və Tunis yığma komandaları üz-üzə gələcəklər. Görüşü amerikalı referi Marrufo Cair idarə edəcək.
Digər iki qarşılaşma isə “F” qrupundakı komandalar arasında keçiriləcək. Cənubi Koreya ilə Meksika, Almaniya ilə İsveç milliləri görüşəcəklər.
Dünya çempionatının onuncu gününə saat 16:00-da Moskvadaki “Spartak” stadionunda Belçika – Tunis oyunu ilə start veriləcək. Belçika millisi ilk turda mundialın debütantı Panama üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Tunis isə ingilislərə məğlub olub – 1:2.
Bu oyun komandalar arasında ikinci matç olacaq. Belçika yığması Tunis millisi ilə 2002-ci ildə təşkil olunan mundialda “H” qrupunda mübarizə aparıblar. Həmin görüş 1:1 hesabı ilə başa çatıb.
Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.
1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.
Saat 19:00-da başlayacaq günün ikinci matçı “Rostov Arena”da keçiriləcək. “F” qrupunda ikinci tura Cənubi Koreya və Meksika yığmalarının görüşü ilə start veriləcək. Bu komandalar “Fransa 1998”də qarşılaşıblar. Meksika yığması Cənubi Koreyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Meksika birinci turda sonuncu dünya çempionu Almaniya milisini gözlənilmədən məğlub edib (1:0). Cənubi Koreya isə eyni hesabla İsveç millisinə məğlub olub. Meksikalılar bu görüşdə qalib gələcəkləri təqdirdə səkkizdəbir finala yüksələcəklər.
Görüşü serbiyalı Maziç Milorad idarə edəcək.
1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.
Bundan əvvəl 9 dəfə dünya çempionatlarında yer alan Cənubi Koreya yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləyiblər. Yarımfinalda Almaniya yığmasına məğlub olan ev sahibləri üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzublar. Həmin oyunda Hakan Şükürün qapıdan keçirdiyi top (11-ci saniyə) dünya çempionatlarında vurulan ən erkən qol kimi tarixə düşüb.
Günə saat 22:00-da Soçidəki “Fişt Arena”da start veriləcək Almaniya və İsveç millilərinin görüşü ilə yekun vurulacaq. “F” qrupunda yer alan bu komandalardan Almaniya ilk görüşdə Meksika millisinə minimal hesabla məğlub olub. İsveç millisi isə Cənubi Koreya ilə çətin 3 xalı minimal hesabla aktivinə yaza biliblər (1:0). Almaniya millisinin isveçlilər üzərində ən böyük qələbəsi 1937-ci ilə təsadüf edir. Həmin görüşdə almaniyalılar İsveç yığmasının qapısından beş cavabsız top keçiriblər. Bundan əlavə, komandalar dörd dəfə qarşılaşıblar və bütün oyunlarda üstün tərəf Almaniya millisi olub.
Görüşü polşalı Marcinyak Sumon idarə edəcək.
Almaniya yığma komandası dörd dəfə – 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb.
İsveçlilər 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən futbolçu isə Anders Svenssondur (148 oyun).
Belçika – Tunis oyunu İdman Azərbaycan, Cənubi Koreya-Meksika və Almaniya-İsveç matçları isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.