Dövlət qulluğuna qəbul uğurla aparılır

418

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2018-ci ilin 9 ayında da dövlət qulluğuna qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında keçirilib. 2018-ci il martın 5 də elan edilən  müsabiqəyə 35 dövlət orqanından 294 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 395 sənəd təqdim edilib. Müsahibələrdə iştirak edən 123 namizəddən 64-ü keçid balını toplayaraq müvəffəqiyyət qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplayan 56 namizədin sənədləri dövlət orqanlarına göndərilib və onlar müvafiq vəzifələrə təyin ediliblər. Komissiyada 45 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 18-i müvəffəqiyyət qazanıb.

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının 16 mətbuat xidməti əməkdaşı ödənişsiz attestasiyaya cəlb olunub, onlardan 13-ü uğur qazanaraq attestasiyanın esse mərhələsində iştirak etmək hüququ qazanıb. Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 7 vakant baş məsləhətçi vəzifəsinin tutulması üçün 2018-ci il  iyunun 1-də   elan edilən müsabiqənin test imtahanı mərhələsində 20 nəfər iştirak edib, onlardan 5-i keçid balını toplayıb. Esse mərhələsində iştirak edən 5 namizəddən 4-ü yüksək nəticə göstərərək dövlət qulluğuna qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanlarında 390 müəllim iştirak edib, onlardan 332-si keçid balını toplayıb.

Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə qəbulla əlaqədar elan edilmiş müsabiqələrin test imtahanları keçirilib, muxtar respublika Prokurorluğunda, Daxili İşlər və Vergilər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində, Dövlət Gömrük Komitəsində vakant vəzifələrin tutulması üçün müsabiqələrdə iştirak edən 344 namizəddən 106-sı test imtahanlarında müvafiq keçid balını toplayıb.

Ötən dövrdə komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılıb. Test bazasında olan suallar qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılıb, 4075 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilib və test bankına əlavə olunub. Eyni zamanda müəllimlərin işə qəbulu və diaqnostik qiymətlənidirilməsinin aparılması məqsədilə 6 minə yaxın sual alınaraq test bankına yazılıb. Yeni Əsasnaməyə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 191 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilib. Həmçinin Komissiya tərəfindən keçirilən sınaq imtahanlarında ümumilikdə 448 nəfər iştirak edib.

Komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində işlər görülüb. Bu da namizədlərin Komissiyaya gəlmədən, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirak etmələrinə şərait yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: