Dövlət İmtahan Mərkəzinin mətbuat üçün açıqlaması

199

Dövlət İmtahan Mərkəzi (DİM) ilk qurumlardandır ki, kütləvi proseslərin idarə olunmasında İKT-nin imkanlarından istifadə edir. Hər il DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda təqribən 600 min nəfər iştirak edir. DİM, həmçinin əhaliyə elektron xidmətlər göstərən ilk təşkilatlardandır. Təkcə bir faktı qeyd etmək istəyirik ki, ötən ildə DİM-in göstərdiyi elektron xidmətlərdən 7 milyon 383 min, bu ilin iki rübü ərzində isə 5 milyon 319 min dəfə istifadə edilib.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, bu qurum öz fəaliyyəti ilə əlaqədar əldə etdiyi fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizəsini təmin edir, hətta imtahanların təşkili və keçirilməsi dövründə qanun pozuntularına yol vermiş şəxslərin fərdi məlumatlarını açıqlamır. Bu məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunsa da, ictimailəşdirilmir.

Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının surəti çıxarılmış (“screen” olunmuş) versiyası paylaşılıb. Qeyd edirik ki, həmin iş nömrəli abituriyent daha aşağı bal toplayıb və müsabiqədən keçməyib. Sadəcə olaraq imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılaraq həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar daha yüksək qeyd olunub. Əslində isə abituriyentin balı aşağıdır. Bu saxta elektron arayış forması özünü “təhsil eksperti” kimi təqdim edən bir nəfər tərəfindən yayımlanıb. Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, mötəbər olmayan informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər.

KİV-lərin nümayəndələrinə bir daha müraciət edirik ki, DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan bu tip məlumatları yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər. Məlumat paylaşıldıqdan sonra deyil, əvvəlcə rəsmi qurumla əlaqə saxlanılması daha doğru olar.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44 min 772 abituriyent iştirak edib və onlardan 39 min 906-sı qəbul olunub. Təqribən 5.074 plan yeri boş qalıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsə idilər hər hansı bir ali təhsil müəssisəsinə qəbul oluna bilərdilər. Qəbul oluna bilməyən abituriyentlərin bəziləri və bu işdə müəyyən maraqları olan insanlar isə müxtəlif yollara əl atır, DİM-in nüfuzuna xələl gətirməyə cəhd göstərirlər.

Xatırladırıq ki, DİM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün mərkəz tərəfindən müvafiq addımlar atılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: