Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının Tvinninq aləti çərçivəsində layihəni uğurla reallaşdırır

108

Tvinninq Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olaraq dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi və kömək göstərilməsi, habelə milli qanunvericiliyin müvafiq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, quruma üzv dövlətlərin dövlət institutları ilə benefisiar, yaxud tərəfdaş ölkələr arasında institusional əməkdaşlıq üzrə Aİ alətidir. Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Aİ-yə inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanılıb. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə quruma üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan kontekstində Tvinninq Aİ qanunvericiliyinin müəyyən hissələrinin və qabaqcıl təcrübəsinin mənimsənilməsi üçün səmərəli şərait yaratdığı və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində hökumətə kömək göstərdiyi üçün strateji əhəmiyyətə malikdir. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Aİ-nin Tvinninq aləti çərçivəsində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə dövlət qulluğu vəzifələri funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur. Layihə üzv ölkə qismində Litva Respublikasının müvafiq qurumları ilə birgə həyata keçirilir. Litva dövlət qurumları layihə çərçivəsində həm təcrübələrini bölüşür, həm də qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq DİM-in səmərəliliyinin gücləndirilməsi və imkanlarının genişləndirilməsinə töhfə verir. Bu layihə, həmçinin Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verir. Tvinninq layihəsinin əsas məqsədi dövlət qulluğu vəzifələrinin yeni, fəaliyyətin məzmununa əsaslanan qruplaşdırılma sisteminin qurulması, bu sistemin dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsi, habelə bu sahədə DİM-in malik olduğu alətlərin, potensialın və səmərəliliyin artırılmasıdır.

Aİ tərəfindən maliyyələşdirilən və iki il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin büdcəsi 1,2 milyon avrodur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: