Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib

268

İyunun 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Konstitusiya Məhkəməsi, müxtəlif nazirliklər, Heydər Əliyev Mərkəzi, Ombudsman Aparatı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, dövlət komitələri və xidmətlərinin, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət qulluğunda innovativ idarəetmə texnologiyalarının tətbiqi: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb.

Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən U.Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını vurğulayıb. Respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışan akademik XXI əsrin prioriteti olan davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətləri xatırladıb, bunun əsasında Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyalarının rolunu qeyd edib. Alim bildirib ki, bu fakt nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsi ölkədə inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcək.

Konfransda DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilovun “Dövlət qulluğunda aktual problemlər və çağırışlar” mövzusunda məruzəsi dinlənilib.

B.Xəlilov dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan bəhs edib. Bildirilib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir.

Vurğulanıb ki, bu sahədə DİM-in üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və səmərəli əsaslarla aparmaqdan ibarətdir.

DİA-nın rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması institutunun direktoru, professor Gülnarə Qurbanova “Dövlət qulluqçularının tədris və təlim sisteminin təşkilində ənənələr və innovasiyalar”, DİM-in dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov “Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlərin aktual istiqamətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: