DMX Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi ilə bağlı məlumat yayıb

162

Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliklərə dair vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən daxil olan suallarla əlaqədar bildirir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi ilə bağlı müraciətlərin edilməsi müddəti dəyişilməyib.

NUHÇIXAN xəbər verir ki, Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.

Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması da icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda isə bu barədə icazə alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər DMX-yə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı üç ay qalmış müraciət etməlidirlər.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə beş il müddətinə verilir. Bu müddətin bitməsinə azı üç ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən beş il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almağa görə müraciət edənlər yuxarıda göstərilən müddətlərə əməl etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: