Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik-leytenant Dilsuz Əliyev deyib.
Onun sözlərinə görə, “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində (10 sentyabr 1946-cı ildə ermənilər adını dəyişdirərək “Areni” qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Bu, böyük hərbi nailiyyətdir.
“Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir”, – deyən ehtiyatda olan polkovnik-leytenant vurğulayıb. O deyib ki, Əlahiddə Ümumqoşun Ordunun böyük hərbi üstünlük əldə etməsi düşməni ciddi narahat edir, onlarda təşviş yaradır.
Muxtar respublikanın təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu qeyd edən Dilsuz Əliyev bildirib ki, Naxçıvandakı birləşmə və hissələrimizin döyüş qabiliyyəti və peşəkarlığı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı dünyanın qabaqcıl orduları ilə müqayisə olunur. Ötən ay qardaş ölkənin Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimi bunu bir daha təsdiq edir. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb edilmiş bölmələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
O deyib: “Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dəfələrlə muxtar respublikadakı hərbi hissələrə, buradakı hakim yüksəkliklərə gələrək xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bu, hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradır. Bundan başqa, hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun olan müasir texnikalarla təchiz edilib. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub”.