“DÇ-2018”in açılış matçını argentinalı referi Nestor Pitana idarə edəcək

179

İyunun 14-də start götürəcək futbol üzrə XXI dünya çempionatının Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında oynanılacaq açılış matçını idarə edəcək referi müəyyənləşib.

NUHÇIXAN FIFA-nın saytına istinadla xəbər verir ki, mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək. Onun köməkçiləri həmyerliləri Xuan Pablo Bellati və Hernan Maidana olacaqlar. Oyunun dördüncü hakimi funksiyasını isə braziliyalı Sandro Riççi yerinə yetirəcək.

Açılış matçına videonəzarətin təmin olunması italiyalı Massimilano İrrati (VAR), argentinalı Mauro Viqliano (AVAR1), çilili Karlos Astroza (AVAR2) və M.İrratinin həmyerlisi Daniel Orsato (AVAR3) tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, N.Pitana iki dünya çempionatında hakimlik edən ikinci argentinalı referi olacaq. Ondan əvvəl Norverto Koerezza 1970-ci və 1978-ci illərdə keçirilən mundiallarda ədaləti təmin edib.

Cənubi Amerikanın ən təcrübəli referilərindən biri olan N.Pitana Argentina çempionatında 2007-ci ildə, beynəlxalq turnirlərdə isə 2010-cu ildə debüt edib. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında dörd qarşılaşmada, o cümlədən dörddəbir finalda Fransa-Almaniya oyununun hakimi olub. N.Pitana “Rio-2016” Olimpiya Oyunlarının yarımfinalında Almaniya-Nigeriya matçını və ötən il Konfederasiyalar Kuboku turnirinin yarımfinalında Almaniya-Meksika qarşılaşmasını idarə edib.

Futbol üzrə XXI dünya çempionatının açılış matçı iyunun 14-də Bakı vaxtı ilə saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: