Bu gün Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində “Son zəng”dir. 2803 nəfər məzun orta məktəbləri bitirir. NUHÇIXAN onların hər birinə uğurlar arzulayır. Məzunlar üçün şair Mir Sabirin “Son zəng” şeirini təqdim edir.
Dayanın, çalmayın sonuncu zəngi!
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman “gəl” deyən o doğma səsdə
Bir hicran nəğməsi oxunacaqdır.
Zəngçalan, nə olar, əlini saxla,
Bu şagird ömrünü uzat bir an da.
Bu məktəb, bu bina, bax… bu divarlar
Mənim olmayacaq zəng vurulanda.
Hələ bir-birindən ayrı düşəcək
Neçə könül dostum, neçə sirdaşım .
O sarı köynəkli gülərüz qız da
Daha olmayacaq sinif yoldaşım.
Qoy bircə dəfə də “mənimdir”, – deyə
Sinif otağını süzüm doyunca.
Tələsmə, zəngçalan… bununçün sənə
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın lövhəyə məni müəllim ,
Bir misal versin ki, asan olmasın.
Üç saat çalışıb, həll edim onu,
Təki, gün uzansın, zəng vurulmasın!..
Ürəyim titrəyir yad elədikcə
Məktəbə gəldiyim o ilk çağımı.
De burda nə cürə qoyub gedim, mən
Kürəyi çantalı uşaqlığımı?
Durub cərgə-cərgə müəllimlərim,
Baxırlar üzümə sözü var kimi.
Bu doğma, mehriban şən baxışlara
“Əlvida!..” deməyə dilim gələrmi?!
Dayanın, çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman “gəl” deyən o doğma səsdə
Bir hicran nəğməsi oxunacaqdır…