Daxili işlər orqanlarında orta və böyük rəis heyəti üzrə vəzifələrin tutulması üçün test imtahanı keçirilir

678

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında orta və böyük rəis heyəti  üzrə vakant vəzifələrin tutulması üçün 2018-ci il iyunun 1-dən elan olunmuş müsabiqənin  test imtahanlarına avqustun 21-dən   start verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə müsabiqəyə 53 vakant vəzifə çıxarılıb.  Həmin vəzifələrin tutulması üçün isə 49 nəfər sənəd təqdim edib. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 80 və məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilib.  Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. 

Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Test imtahanları 22 avqust 2018-ci il tarixədək davam edəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: