Son vaxtlar erməni ekspert dairələri Dağlıq Qarabağla bağlı vəziyyətin daha da mürəkkəbləşdiyini bildirir, bunu əsas olaraq ABŞ və Fransanın regionda fəallaşması ilə əlaqələndirirlər. Daha konkret ifadə etsək, onlar bu iki ölkə rəhbərliyinin məsələyə münasibəti ilə əlaqədar “yeni məqamlar”ın meydana çıxdığından bəhs edirlər. O cümlədən Donald Tramp, Emmanuel Makron və Mayk Pompeonun Azərbaycan rəhbərliyinə ünvanladıqları məktubları və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın regiona səfəri kontekstində proqnozlar verməyə cəhd edirlər. Bu proseslərin münaqişənin həllinə necə təsir edə biləcəyi həqiqətən maraqlı məsələdir. Ancaq onlara geniş və obyektiv mövqedən yanaşdıqda, bir sıra ekspertlərin təqdim etməyə çalışdıqları mənzərədən tamamilə fərqli bir vəziyyətin olduğu aydın olur. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.
Diplomatik fəallıq: səbəblər və görüntü
Kütləvi informasiya vasitələri ABŞ və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşdığı haqqında məlumatlar yayır. Donald Tramp və Emmanuel Makronun Azərbaycan rəhbərliyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik etməsi ilə yanaşı, bu iki ölkənin digər rəsmi şəxslərinin də prosesə qatılması bu tezisi təsdiq edir. O cümlədən ABŞ dövlət katibi Mayk Pompeo da Azərbaycan hökumətini və xalqını yubileylə bağlı təbrik edib və Fransanın xarici işlər naziri Azərbaycanla Ermənistana səfər edərək, müəyyən mesajlar verib.
Artıq KİV-də geniş surətdə D.Trampın Azərbaycan rəhbərliyi ilə münaqişənin sülh yolu ilə həlli üçün birgə çalışmağa hazır olduğu və yaxın aylarda bu istiqamətdə fəallığın nümayiş etdiriləcəyi haqqında ifadə etdiyi fikirləri təhlil edilir. ABŞ Prezidentinin nə demək istədiyi üzərində erməni siyasi və ekspert dairələri də baş sındırırlar. Ekspertlər üçün əsas müəmma D.Trampın qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını vurğulaması ilə bağlıdır. Söhbət hansı imkanlardan gedir? Amerika nə kimi proseslərə ümid edir ki, onlar münaqişənin sülh yolu ilə həllinə yeni imkanlar yaradır?
Bu sualların cavablarını bir sıra ekspertlər E.Makronun və M.Pompeonun yazdıqları məktublardakı fikirlərin məzmununda və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Bakı və İrəvanda söylədikləri fikirlərin kontekstində axtarmağa çalışırlar. Ancaq bu siyasətçilər yeni nə deyiblər?
E.Makron Prezident İlham Əliyevə ünvanladığı məktubda vurğulayıb ki, Fransa münaqişənin danışıqlar yolu ilə həlli üçün əlindən gələni edəcək və heç bir şeyi əsirgəməyəcək. Fransanın dövlət başçısı onu da ifadə edib ki, Azərbaycan gələcək məsələlərin həllində və Avropa İttifaqı ilə yaxınlaşmada da Fransaya etibar edə bilər. Bu ilin iyul ayında isə E.Makron İlham Əliyevin Parisə səfər edəcəyinə ümid etdiyini bildirib.
Dövlət katibi M.Pompeo isə vurğulamışdı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların intensivləşdirilməsini ən tez zamanda görmək istərdi. Fransanın xarici işlər naziri Jan-İv Le Drian da mayın 27-də (maraqlıdır, fransalı nazir Azərbaycanda mayın 27-də, Ermənistanda isə mayın 28-də olub, yəni bu ölkələrin müstəqilliklərini elan etdikləri gündə həmin ölkələrdə olmayıb) Bakıda bəyan edib ki, yaxın aylarda münaqişənin tənzimlənməsi üzrə intensiv danışıqların başlayacağına ümid edir. Bu zaman o, mövcud status-kvonun və müharibənin qəbuledilməz olduğunu da vurğulayıb.
İrəvanda isə fransalı nazir münaqişənin həllinə müsbət təsir edən hər bir “kreativ təklif”ə dəstək verməyə hazır olduqlarını bəyan edib. Münaqişənin həlli istiqamətində faydalı ola biləcək hər bir yanaşmanı qəbul etdiklərini bildirib.
ABŞ və Fransa rəsmilərinin yuxarıda vurğuladığımız fikirləri hansı məqamları əks etdirir və onlar üçün ortaq mövqe nələrdə ifadəsini tapıb? Hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri faktiki olaraq məzmun və məqsədə görə yeni heç bir şey deməyiblər. Onlar iki məqamı qabardıblar: münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində fəal addımlar atmaq gərəkdir və müharibə qəbuledilməzdir! Bu barədə illərdir ki, həmsədr dövlətlərin başçıları deyirlər. Fransanın xarici işlər naziri onu da ifadə edib ki, status-kvonu dəyişmək gərəkdir. Bu haqda da dəfələrlə fikir bildirilib. Həmsədr dövlətlərin rəhbərləri bir neçə dəfə bu barədə danışıblar ki, bu da sənədlərdə öz əksini tapıb. Ancaq status-kvonun dəyişməsi üçün onlar real heç bir addım atmayıblar.
Süni manevrlərdən imtina: təcavüzkara dəstəyin iflası
Deməli, Qərb Dağlıq Qarabağda müharibənin alovlanmamasını və danışıqları sürətləndirməyi tələb edir. Vəssalam! Bu zaman status-kvodan da danışmaq olar, geosiyasi maraqları da müzakirəyə çıxarmaq mümkündür və hətta əməkdaşlığın müxtəlif aspektlərini münaqişə ilə bağlı aparılacaq danışıqlara müncər etmək də olar. Ancaq bütün bunların həqiqi mənada münaqişənin həllinə yardım edəcəyi barədə susurlar. Yalnız ümid verilir, lakin silahlı münaqişəyə “yox” deyilir.
Erməni siyasi dairələrinin, ekspertlərinin və onları yönləndirənlərin “yeni vəziyyət” adlandırdıqları durumun “yeniliyi” məhz yuxarıda vurğuladığımız iki məqamla əlaqəlidir. Bunun da iki aspekti vardır. Əvvəla, qlobal miqyasda cərəyan edən hadisələrin məntiqinə uyğun olaraq ABŞ və Fransa Qafqazda fəallaşmağa çalışırlar. İkincisi, onlar havadarlıq etdikləri Ermənistanın məğlubiyyətinə razı olmur, müxtəlif üsullar və bəhanələrlə İrəvanı düşdüyü acınacaqlı və məğlub vəziyyətdən çıxarmağa çalışırlar.
Birinci aspekt Vaşinqton və Parisin dünyada gedən proseslərlə bağlı narahatlıqlarını ifadə edir. Baxın, Suriyada da məhz bu iki dövlət aqressiv və ədalətsiz mövqe tutublar. Böyük Britaniya və Almaniya onlara qoşulmur. ABŞ və Fransa Suriyada terrorçulara dəstək verir, Münbicə öz xüsusi təyinatlılarını yerləşdirir, terrorçulara külli miqdarda silah satır, bununla Yaxın Şərqdə geosiyasi mənzərənin normallaşmasına mane olurlar. Rusiya, Türkiyə və İrana qarşı müxtəlif radikal addımlar ataraq, öz maraqlarını nəyin bahasına olur-olsun təmin etməyə çalışırlar. İndi bu “cütlük” Dağlıq Qarabağla bağlı “narahat olubmuş”!
Bununla onların münaqişənin ədalətli həlli üçün çalışmadıqları tam aydın olur. Çünki bir dəfə də olsun işğalçıya “Azərbaycan torpaqlarını tərk et” deyilmir. Əvəzində, ibarəli diplomatik ifadələrlə sülhdən, “kreativ təkliflər”dən, müharibə etməyin qorxularından, danışıqları sürətləndirməkdən, yəni tələsməkdən bəhs edirlər. Bütün bunların arxasında isə əsl həqiqəti gizlədirlər.
Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi müstəqil siyasət yeridir. Prezident İlham Əliyev Rusiya, Türkiyə və İranla normal münasibətlərin inkişafına çalışır. Seçkidən sonra ölkə başçısı ilk səfərini Türkiyəyə, oradan da Böyük Britaniyaya etdi. Bundan başqa, Suriyada ABŞ və Fransanın antitürkiyə mövqedə olduqları məlumdur. İndi Vaşinqton və Paris Cənubi Qafqazda təşəbbüsü ələ almağa, o cümlədən Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığına mane olmağa qərar verən kimi görünürlər. Amerika və Fransa rəhbərliyinin Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrini vurğulamaları bu anlamda faktiki olaraq şərt kimi səslənir. Yəni bizimlə əməkdaşlıq etmək istəyirsinizsə … filan şərtlər olmalıdır.
Təbii ki, ermənilər həmişə olduğu kimi, bu dəfə də ABŞ və Fransanın direktivlərinə boyun əyməyə hazırdırlar. Həm də bu iki ölkənin atdığı addımlar Ermənistanı qorumağa xidmət edir. Buna görə də İrəvanın aldadıcı manevrlər və xüsusi taktiki gedişlər edib, özünü sülhsevər kimi göstərməyə çalışacağını təxmin etmək olar. Azərbaycan isə heç bir halda müstəqil siyasətindən dönməyəcək. Dağlıq Qarabağ məsələsi də yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə həll edilə bilər.
Bundan başqa, Azərbaycan hər bir ölkə ilə ancaq bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq formatına uyğun əlaqə qurur və bu, davam etməkdədir. Həmin prinsipdən kənara çıxanlarla Azərbaycanın əməkdaşlığı çətin ki, baş tutsun.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, rəsmi Bakı nəticəsiz danışıqları uzun müddət davam etdirmək fikrində olmadığını dəfələrlə ifadə edib. Əgər ABŞ və Fransa doğrudan da danışıqların sürətlənməsini arzulayırlarsa, diplomatik manipulyasiyalara, gəlişigözəl sözlərlə real acınacaqlı vəziyyəti gizlətmək cəhdlərinə son qoymalıdırlar. Onlar təcavüzkara işğal etdikləri ərazilərdən rədd olmaları üçün təzyiq etməlidirlər. Bundan kənar “kreativ təkliflər”in nədən ibarət olduğu xeyli qeyri-müəyyəndir. Yəni süni oyunların limiti tükənib və bunu İrəvanla yanaşı, Vaşinqton və Parisdə də anlamalıdırlar!
Newtimes.az