Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

150

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqazidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR Konstitusiyalarına zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı da zəbt etdilər. Nəticədə 1094 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 92 min əhali (41 min yerli, 51 min məcburi köçkün) məskunlaşıb. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb, dağıdılıb və məhv edilib. Tarixi və memarlıq abidələrindən Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), o cümlədən Xan qızı Xurşudbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilib. Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.

Bundan əlavə, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikilisi, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərib.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Ağdam rayonunun 190 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.

“Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır.

Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”, – deyə bəyanatda bildirilir.

Bəyanat “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin toplantısında qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: