Dağların qırmızı naxışı – həmərsin və zirinc

232

Yurd yerimizin dağında, dərəsində Tanrı neməti olan onlarla  bitki növünə rast gəlmək olar. İnsanlar bu bitkilərdən həm qida, həm də müalicəvi əhəmiyyəti baxımından istifadə edirlər. Ona görə də yaz aylarından başlayaraq dağlara sarı üz tutan insanlar bitkiləri həvəslə toplayar, sonrakı aylar üçün tədarük edərlər. Keçili kənd sakini İbrahim Səfərov deyir ki,  insanlar ta qədimdən dərdinə dərmanı türkəçarələrdə, müalicəvi bitkilərində tapıblar. Hətta vaxt olub ki, o nemətlərlə aclıqlarını da unudublar. Bitkilərin adını, hansı xəstəliklərin əlacında istifadəsini də yaxşı biliblər. Bu gün rayonun hansı kəndi olursa-olsun, orada min dərdin dərmanı olan bir çox adda bitkini asanlıqla tapmaq olar. İlin bu vədələrində dağların ətəyində, dərə kənarlarında qol-boyun olan yemişanın, həmərsinin, zirincin həvəsi ilə dağlara üz tutanlar xurcunlarını doldurmadan geri dönməzlər. Yadımdadır, çöl-bayır işində olan böyüklərimizin yemişan və həmərsin çiçəklərindən ocaq üstə dəmlədiyi çaydan içmək üçün əldən-ayaqdan gedərdik. Çünki o çayın ayrı bir dadı, ləzzəti olardı. Belə bir şey də var idi ki, kənd adamı  bazardan meyvə alıb mürəbbə bişirməyi, kompot hazırlamağı, onu qurutmağı da ar bilərdi. Ona görə də hər kəs ailə üzvləri ilə birlikdə kəndin çölündə, çəmənində, öz həyət-bacasında olanlardan qışa azuqə yığardılar. Dava-dərman tanımayan insanların da ömrü, uzun olardı. Təbiətin səxavətli vədəsində-payızda yetişən yemişan, həmərsin kolları blokadanın ilk illərində darda qalan insanlara ümid yeri olmuşdu. Bu kolların həm də yaxşı oduncağı olardı. Yanacağa ehtiyac duyulan vaxtlarda insanlar həmərsinin, yemişanın budaqlarını elə barı üstündə olan zaman qırıb istifadə edirdilər. Nəticədə həmin vaxtlarda yemişan, həmərsin kolları azalmağa başladı. Amma ulu öndərin təbiətə qayğısı, dövlətin təbitəin qorunması ilə bağlı apardığı maarifləndirmə tədbirləri  sayəsində dağlarımızda, çölümüzdə-kəvşənimizdə bitən yemişan kolları böyüdü, həmərsin kolları bara gəldi. Bu gün rayonumuzun dağ kəndlərinə yolu düşən hər kəs yolçuya “əl eyləyən” bir çox meyvə ağaclarımızla yanaşı, yemişan, həmərsin, zirinc kollarının da meyvəsindən dadmağa, onu toplamağa çalışır. Bu kolların barı həm də kənd sakinlərinin ruzi mənbəyidir. Kənd camaatı onları toplamaqla yanaşı, həm də satışını həyata keçirir. Bu yaxınlarda rayonumuzda təşkil edilən ailə təsərrüfatı məhsullarının satış-sərgisi keçirilən zaman kənd adamları bu məhsulları da  sərgiyə çıxardılar. Qeyd edim ki, indi istər həmərsin, istər yemişan olsun,  kəndlərimizə qonaq gələn şəhərli qohumlarımızın həm də ən əziz payıdır.

Həmərsin-bir neçə adı da vardır: itburnu, quşburnu, dərgil. Həmərsin rayonun quru və otlu yamaclarında, çəmənlərində, meşələrində, kolluqlarında, eyni zamanda daşlı-çınqıllı yerlərində inkişaf edir və bol məhsul verir. İşıqsevən bitki olan həmərsin may-iyun aylarında  çiçəkləyir. Nazik, aşağıya doğru əyilmiş budaqlarda ağ-çəhrayı, qırmızımtıl iri çiçəklər açılır. Əlvan çiçəklər axşamlar ləçəklərini bükür. Səhər tezdən isə yenidən açır. Sanki insanlarla yuxuya gedir, onlarla birlikdə yenidən oyanırlar. Ləçəklər öz ətri və gözəlliyi ilə bal arılarını özünə cəlb edir, arılar ondan yaxşıca nektar və bol tozcuq toplayırlar. Payızın xəfif küləyi yarpaqlara dəyəndə çılpaqlaşmış həmərsin kolunu al-qırmızı meyvələr bəzəyir. Meyvələri çəhrayı qırmızıdan, tünd-qırmızıya qədər dəyişir. Dadı turşaşirin olub, ağız büzücüdür, iyi yoxdur. Onun meyvəsində  C vitamininin 20  faizə qədər miqdarı vardır. Bundan əlavə, A2, B2 və K vitaminləri ilə də zəngindir. Vitaminlərdən başqa, şəkər, üzvi turşu, rəngləyici və mineral maddələr də bu bitkinin tərkibində əsas yer tutur.

Toxumlarının tərkibində yağlar, karotin və vitamin E vardır. Kök və yarpaqlarında aşı maddələri, toxumunda vanilin olur. Meyvələrinin tərkibində polivitaminlər olmaqla çay kimi dəmlənərək istifadə edilir. Həmərsin meyvələri və ondan hazırlanan dərman preparatları insan bədəninin müqavimətini artırır. Gözlərə qüvvət verir, qan dövranını sürətləndirir və qanı təmizləyir. Bağırsaqları yumşaldır, həzmi asanlaşdırır. İnsan orqanizmindəki tullantı maddələrinin bədəndən uzaqlaşdırılmasına kömək olur, bağırsaq qurdlarını salır.  Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirir. Qandakı maddələr insulinin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələrinə çox yaxşı təsir edir. Tərkibindəki C vitamini sayəsində orqanizmin temperaturunun aşağı salınmasında, nevroz, qanazlığı, sarılıq, ateroskleroz xəstəliklərinin müalicəsində istifadə edilir. Bu meyvə soyuqdəymədə, böyrək və qaraciyər xəstəliklərində öd və sidikqovucu kimi mühüm təsirə malikdir. Meyvələri ilə yanaşı, onun çiçəklərinin və kökünün də dəmlənməsindən istifadə olunur. Çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir. Kökünün dəmlənməsi orqanizmdə olan daş və duzları təmizləyir.  Kosmetikada da geniş  istifadə edilir. Belə ki, onun yağı dəri hüceyrələrini yeniləyir, qırışları aradan qaldırır.

Həmərsindən  ayrıca cem, meyvə şirəsi, kompot, kisel, şərbət, mürəbbə hazırlanır. Haqlı olaraq qızılgülün əcdadının həmərsin olduğunu söyləyirlər. Həqiqətən də qızılgülün bir çox irsi əlamətləri həmərsinə bənzəyir. İnsanlar hələ çox qədimdən bu bitkini mədəniləşdirməyə başlamış və bir çox müsbət nəticələr əldə etmişlər. Onun meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, sağlam ömür yaşamaq üçün onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir vermək lazımdır. Hal-hazırda bu bitkinin məhsulunun yığım dövrüdür. Və bu il bitkinin məhsulu bolluq təşkil edir.

Dağlarımızın qiymətli sərvətlərindən biri də zirincdir. Zirinc və onun faydaları haqqında Keçili kənd sakini  Yadulla Xəlilov deyir ki, adi zirinc 2-3 metr hündürlükdə olub, qol-budaqlı kol bitkisidir. Cavan budaqları sarı-qonur rəngdədir, yarpaqları incədir, ellips və ya yumurtavari lanset formadadır, kənarı kirpikvari mişar şəklindədir. Çiçəkləri salxım formasındadır. Meyvəsi şirəlidir, yetişəndə parlaq qırmızı, bəzən isə sarı-qırmızı rəng alır. Dadı turşdur, iki toxumludur. Bitki aprel-may aylarında çiçək açır, meyvələri sentyabr və oktyabr aylarında yetişir.

Bu bitkiyə daha çox meşə açıqlıqlarında, çay kənarlarında, kolluqlarda rast gəlinir. Ata-babadan həmişə qorunub mühafizə olunan kol bitkisidir. Erkən yazda təzə yarpaqları turşməzə nemət kimi də yeyilir. Meyvələri qaralıb yetişdikdə tərkibi A, B, C, D, K, E vitaminləri, kəhrəba və limon turşusu ilə zənginləşir. Yarpaqlarını bitki çiçəkləyən dövrdə, köklərini payızda, qabıqlarını yazın ilk ayında, meyvələrini isə tam yetişəndə-sentyabr-oktyabr aylarında toplayıb, açıq quru havada qurudur və nəmişlik olmayan  yerdə saxlayırlar. Zirincin meyvələrindən yeyinti sənayesində müxtəlif mürəbbə, kompot, turşu, sirop, qənnadı məmulatları və s. hazırlanıb işlədilir. Quru meyvələrindən çay kimi dəmləyib istifadə edirlər.

Zirincin şorabası ta qədimdən yüksək qan təzyiqinin ən kəsərli dərmanı sayılıb. Qurudulmuş halda küftə, dolma kimi milli xörəklərimizə qatqı kimi əlavə edilir. Qiymətli baltutar bitkisi də hesab olunur. Çünki arılar həvəslə zirinc çiçəklərindən nektar toplayırlar. Meşə və kolluqlarda zirinc budaqlarından salxım-salxım görünən qırmızı meyvələri ilə insanı özünə cəlb edir. Sanki təbiətin gözəlliyi kimi onu qorumağa, yığılan zaman budaqlarını sındırmamağa çağırır.

   

Hicran

“Oğuz səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: