Dağ kəndi Keçilinin bugünkü növrağı

205

Dağlar qoynunda qərar tutan Keçili kəndi indi  ayrı büsata bürünüb. Ağaclardan yerə səpələnmiş rəngarəng yarpaqlar, dağların sazağı, küləyi, çayın-çeşmənin həzin-həzin axan sularının səsi ətrafa yayıldıqca sanki təbiətin fərqli bir ahəngi üzə çıxır. Havaların soyuması quşları, dağ heyvanlarını da sükuta qərq etdiyindən ətrafda bir qədər sakitlik  hökm sürür. Ancaq əliqabarlı insanların, çörəyini daşdan çıxaranların, torpaqla hər fəsil əlaqə  saxlayanların səs-sədası hələ də gəlir. Yağış, soyuq, boran və digər bu kimi amillər insanların gözünü qorxutmur. Bəlkə bu səbəbdəndir ki, bu kənd uzunömürlülər diyarı kimi tanınır. Uzun və mənalı ömür sürən kənd adamları milli dəyərlərimizin, adət-ənənələrimizin də əsil “qoruqçusu”dur. Məsələn, kənd xalçaçıları ilə məşhur olub. Yetər Məmmədova, Süsənbər Səfərova ən yaxşı xalça ustaları kimi bu gün də kənd camaatının yaddaşında yaşayır. Kənd ağbirçək nənələrin, ağsaqqal babaların yaddaşından süzülüb gələn folklor nümunələri ilə də zəngindir. Yaşı yüzü haqlayan, ya da yüzü çoxdan keçənlərin təvəllüdünün xalı-xalçaya, məcməyiyə, sərincə yazılması da bu kəndin qədim tarixindən xəbər verir.

Keçilitoponimi qədim türk tayfalarından olan Keçililərin adı ilə bağlıdır. Bəzi müəlliflərə görə Keçililər türk tayfasının qollarından biridir. Mənşəcə isə Oğuz tayfasına mənsubdur. Azərbaycan ərazisinə Səlcuqların tərkibində gəliblər. İlk vaxtlar Araz çayının sağ sahilində yaşayan Keçililər, nəhayət, XVI əsrdə Səfəvilər dövründə Naxçıvana gəlib və Kəngərlilərə qarışıblar. Bəzi məlumatlara görə isə Keçililər Kəngərlilərin bir tirəsidir. Keçili tayfasının həmçinin Türkiyədə yaşayan Yürüklərlə əlaqəsi olduğu da qeyd olunur. Mənbələrdə qeyd edilir ki, Keçililər Zaqafqaziyada geniş bir ərazidə yaşayıblar. Şahbuz rayonunda olan Keçili kəndinin adı da bu etnonimlə bağlı toponimdir.

Rayon mərkəzindən 20 kilometr məsafədə yerləşən Keçili kəndini başlanğıcını Üçqardaş, Camalqalası, Sərxan səngəri kimi dağlardan götürən gur çay ikiyə bölərək axarlı-baxarlı edib. Abadlıq, yenidənqurma isə kəndə başqa bir abı-hava gətirib. Nəticədə rayonun başqa kəndləri kimi, Keçilidə də kənd yaşıl turizminin inkişafı üçün böyük imkanlar mövcuddur. Burada kənd turizminin növləri və inkişaf potensialı genişdir. İndi yaradılmış xidmət sahələri ilə yanaşı, təbii şərait də kənd yerlərinə getdikcə daha çox turist cəlb edir. Kənd turizminin digər üstün cəhətləri arasında kustar sənaye məhsullarının, əl işləri ilə hazırlanan məhsulların, yerli və ənənəvi yeməklərin, onların bişirilməsi üçün lazım olan ərzaq məhsullarının satışından əldə edilən gəlirlər Keçili kəndində də yetərincədir.  Həmçinin evlərin turistlərə kirayəsindən, turistlərin daşınmasından, bələdçilikdən, təbiətin mənzərəli yerlərinə və muzeylərə baxışdan, ənənəvi mərasim və ayinlərin təşkilindən əldə edilən gəlirlər də keçililərin iqtisadi gəlirlərini artıran əsas amil kimi qiymətləndirilir. Turizm təsərrüfatının inkişafı prosesində yerli əhali turistlərə xidmət göstərmək üçün bütün  imkanlardan istifadə edə bilərlər. Belə ki, qədim adət-ənənələr, məişət qaydaları, unudulmuş və ya unudulmaqda olan bütün adətlər və mədəni-tarixi əhəmiyyəti olan mərkəzlər diqqətdə saxlanılır. Folklor sənəti nümunələri müxtəlif adlar altında turistlərə təqdim edilir. Bütün bunlar isə böyük zəhmət bahasına yeniləşən, gözəlləşən kəndlərimizin respublikamızdan kənarlarda təbliğinə və tanıdılmasına bir töhfə olur.

Kəndin iqtisadiyyatı inkişaf edir

Ölkə Prezidenti tərəfindən ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması nəticəsində Keçili kəndində indi müasir dövrün tələblərinə uyğun sosial obyektlər tikilib, məktəb binası istifadəyə verilib, yeni infrastruktur sahələri yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də xüsusilə sərhəd bölgədə yerləşən dağ kəndlərinin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində kəndlərimizin sosial-iqtisadi həyatında çoxlu yeniliklər yaradılıb. Keçili kəndi də elə bu qayğı sayəsində uzun illərdən bəri həllini gözləyən bütün problemlərdən qurtardı. Kənd camaatını ən çox razı salan isə uzun illərdən bəri kəndin girəcəyindəki sıldırım qayaların ətəyi ilə axan Şor və Şirin çaylarının üzərində gediş-gəliş üçün körpünün salınmasıdır.

Dövlət qayğısı nəticəsində kəndin cavanları burada yurd-yuva salıb, ev qururlar. Keçilinin “Aralıq” adlanan massivində 30-dan artıq kənd sakini məskunlaşıb. “Aralıq”dan başqa  kənddə bir də “Küskünlər” məhəlləsi var. Bu məhəlləyə də Keçili çayından dağların döşü ilə təsərrüfat suyu və Çınqıllı bulağından içməli saf su çəkilib. Kənddə əhalinin sağlamlığını qorumaq üçün həkim ambulatoriyası da fəaliyyət göstərir. Həmçinin kənddə kənd mərkəzi, mədəniyyət evi, kitabxana, baytarlıq, ATS və başqa bir çox xidmət sahələri kəndin mərkəzləşmiş qaydada idarə olunmasına xidmət edir.

Bu dağ kəndində indi iki istehsal müəssisəsi-Çınqıllı Lavaş və Çınqıllı Su sexləri fəaliyyət göstərir. Həmin istehsal müəssisəsində bir neçə  kənd sakini işlə təmin olunub.

Kəndin təbii iqlim şəraiti isə meyvəçilik üçün daha əlverişlidir. Bağlarda səliqə ilə sıralanmış meyvə ağaclarına baxanda kənd sakinlərində əsl təsərrüfatçı səliqəsinin olduğunu görmək mümkündür. Bağlarda gözəlliyi göz oxşayan bir neçə adda alma, armud dadı-tamı ilə seçilir. Bu gün kənddə hektarlarla meyvə bağı var ki, həmin meyvə bağlarından mövsüm ərzində tonlarla məhsul istehsal olunaraq dövlətimizin iqtisadi siyasətinə böyük töhfə verilir. Kənddəki şəxsi təsərrüfatlarda istehsal olunan yerli məhsullar alıcılar tərəfindən razılıqla qarşılanır. Belə məhsul bolluğu həm də bazarlarda qiymətlərin aşağı düşməsinə səbəb olan əsas amildir.

Bu gün kəndin sosial həyatına nəzər salanda hər bir sahədə baş verən inkişafı, tərəqqini görmək olur. Kənddə sosial-iqtisadi siyasətin uğurları əhalinin ümumi yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, kəndlə şəhər arasındakı böyük fərqi də aradan qaldırıb.

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: