Dəstə Kənd Mərkəzinin açılışı olub
NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də Dəstə Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, 2 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 8453 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika otağı və 58 yerlik zal yerləşir.
Dəstə kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilir. Bu ilin məhsulu üçün 285 hektar sahədə taxıl əkilib. Dəstə kəndi xüsusilə faraş tərəvəzçilik və meyvəçilik sahəsi üzrə ixtisaslaşıb. Ötən il kənddə 3 yeni limonçuluq təsərrüfatı yaradılıb.
Yeni Azərbaycan Partiyası Dəstə kənd ərazi ilk təşkilatının sədri Tofiq Babayev kənd ictimaiyyəti adınadan minnətdarlıq edib. Bildirilib ki, ərazi ilk təşkilatının 459 üzvü vardır ki, onların da 102-si gənc, 156-sı isə qadındır.
Rabitə evində poçt bölməsi yaradılıb, bu sahə üzrə göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Burada yeni nəsil texnologiyalara əsaslanan 704 nömrə tutumlu ATS quraşdırılıb, genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Hazırda Dəstə kəndində 518 telefon və 370 internet istifadəçisi vardır.
Həyətdə abadlıq işləri aparılıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.