Dəniz nəqliyyatında yükdaşımaların həcmi 2,8 dəfə artıb

149

Azərbaycanın logistika mərkəzinə çevrilməsi, beynəlxalq nəqliyyat layihələrinin əsas iştirakçısı olması, Avropa və Asiya arasında körpü rolunu oynaması ölkənin tranzit potensialını sürətlə inkişaf etdirir. Ölkədə dəniz və dəmir yolu nəqliyyatı ilə yükdaşımalar yeni bir dövrə qədəm qoyub. Rəsmi açılış mərasimi ötən ilin oktyabr ayının 30-da keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazası üzrə işlərin sürətlə görülməsi və Ro-Ro terminalının istifadəyə verilməsi, Azərbaycan nümayəndə heyətlərinin ölkənin tranzit imkanlarını artırmaq məqsədilə xarici ölkələrdə həyata keçirdikləri görüşlər dəniz nəqliyyatında daşımalara müsbət təsirini göstərir.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərə əsasən 2018-ci ilin yanvar ayında dəniz nəqliyyatı ilə 124 min 717 ton yük daşınıb. Bu rəqəm ötən ilin yanvar ayına nisbətən 2,8 dəfə çoxdur. Dəniz nəqliyyatı ilə 2016-cı ilin yanvar ayında 94 min 653 ton, 2015-ci ilin yanvar ayında isə 60 min 57 ton yük daşındığını nəzərə alsaq, 2015-ci ildən bu yana ən çox yükdaşımaların məhz 2018-ci ildə həyata keçirildiyini görərik. Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin artmasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyəti böyükdür. Daim donanmasındakı gəmiləri əsaslı təmir edən və yeni gəmilərin alınması istiqamətində işlər görən QSC Xəzər dənizində yeganə bərə operatoru olaraq fəaliyyət göstərir. Gəmiçiliyin donanması nəqliyyat və ixtisaslaşdırılmış donanma olmaqla iki hissəyə ayrılır: 51 gəmidən ibarət nəqliyyat donanması və 204 gəmidən ibarət ixtisaslaşdırılmış donanma. QSC-nin 13 gəmi-bərəsi “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” üzrə yüklərin daşınmasına xidmət edir ki, bu da daha çox yüklərin daşınmasına imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: