“Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə zəruri planlaşdırma fəaliyyətləri icra olunub
Beynəlxalq Ordu Oyunları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsində zəruri planlaşdırma fəaliyyətləri icra olunub.
Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, tədbir zamanı dəniz poliqonlarının müəyyənləşdirilməsi, ərazinin naviqasiya avadanlığı vasitələri ilə təchizatı, müsabiqə keçiriləcək dəniz rayonlarında və akvatoriyalarda gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlər yerinə yetirilib.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.
Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək.
Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.
Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.