Dəstə kənd yolu yenidən qurulub

436

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində Dəstə kənd avtomobil yolu da yenidən qurulub.

NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə inkişaf vardır. Bu inkişaf və tərəqqidən hər bir yaşayış məntəqəsinə pay düşmüşdür. Dəstə kəndini buna nümunə göstərə bilərik. Kənddə geniş quruculuq işləri aparılmış, müasir məktəb, kənd mərkəzi, lazımi tibbi avadanlıqlarla təmin olunmuş həkim ambulatoriyası, rahat yol, xidmət mərkəzi tikilmiş, içməli su xətti çəkilmiş, abadlıq işləri aparılmışdır. Həmçinin kənd tamamilə qazlaşdırılmış, mənzillər telefonlaşdırılmış, elektrik enerjisinin daimi verilişi təmin edilmişdir. Hazırda kənddə 370 internet istifadəçisi vardır. Yaradılan bu şərait sakinlərin rahat yaşayışına xidmət etməklə yanaşı, həm də bir kəndin timsalında ölkəmizin inkişafının göstəricisidir. Kəndin bundan sonrakı inkişafı, qurulanların qorunması isə sakinlərin və burada fəaliyyət göstərən dövlət təşkilatlarının üzərinə düşən vəzifədir. Kənddə təsərrüfatlar genişləndirilməli, meyvə bağları salınmalı, yaşıllıqlar artırılmalıdır.

Ali Məclisin Sədri yeni ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsinin Dəstə kəndi olduğunu bildirib, bu münasibətlə sakinləri bir daha təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıb.

Kənd ağsaqqalı Əliqulu Əsgərov Dəstə kənd ağsaqqaları, din xadimləri və sakinləri adından minnətdarlıq edərək deyib: Bu gün Ali Məclisin Sədri ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək doğma Naxçıvanımızı abadlaşdırıb. Dəstə kəndi də öz abadlığı və müasirliyi ilə seçilir. 15-20 il bundan əvvəl Naxçıvanda olanlar artıq muxtar respublikanı tanıya bilmirlər. Çünki geniş quruculuq işləri aparılıb, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilib. Naxçıvan şəhərindən rayon mərkəzlərinə və dağ kəndlərinə çəkilən müasir yollar, tikilən məktəblər, kənd və xidmət mərkəzləri, ambulatoriyalar inkişafın, tərəqqinin bəhrəsidir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Ordubad Azərbaycanın incisidir”. Bu gün aparılan quruculuq işləri Ordubadın simasını tamamilə dəyişib, Dəstə kəndini isə Ordubadın incisinə çevirib. Kənd məktəbinin binası universitetə bənzəyir. Bütün bu işlər ölkə Prezidenti cənab İlham Əliyevin yaratdığı əmin-amanlığın, sabitliyin və inkişafın nəticəsində mümkün olub. Dövlət başçısının Sərəncamı ilə Culfa-Ordubad yolunun yenidən qurulması sakinlərin böyük fərəhinə və sevincinə səbəb olub. Bu tikilənlərin hamısı könülləri oxşayır. Dəstə kənd sakinləri hər zaman Ulu Öndərimizin ideyalarını uğurla davam etdirən ölkə Prezidenti ilə birlikdədir.

Əliqulu Əsgərov Ali Məclisin Sədrinə ad günü münasibətilə təbriklərini çatdırıb.

Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirib.

Sakinlərlə görüşdən sonra yolda aparılan yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, 5,5 kilometrlik kənd yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində yol hərəkət nişanları qoyulub, 255 su keçidi və 4620 metrlik beton kanal çəkilib, 22 kilometrdən çox kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: