Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını xarici ölkələrdə tanıtmağı qarşısına məqsəd qoyan “İrs” jurnalı 16 ilə yaxındır ki, çap olunur və 170-dən çox ölkədə müxtəlif dillərdə oxuculara təqdim edilir.
NUHÇIXAN xəbər verir ki, jurnalın ingilisdilli versiyası – “İrs-Heritage”in növbəti buraxılışı bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Faktlarla zəngin jurnalda arxiv materiallarından və xarici mütəxəssislərin müəllifi olduğu məqalələrdən geniş istifadə edilib, Fransa, Böyük Britaniya, İtaliya, İsrail, Türkiyə və Rusiyadan olan ekspertlərin fikirlərinə xüsusi yer ayrılıb. Müxtəlif başlıqlı məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Milli Təhlükəsizlik Konsepsiyası, Azərbaycanın dövlət müstəqilliyinin tanınması, dövlətçiliyin yaradılması, ordu quruculuğu, mədəniyyət sahəsinin inkişafı, Cümhuriyyətin yaradılmasının təməlində duran şəxsiyyətlər barədə ətraflı məlumatlar əksini tapıb.
Jurnalda 1917-ci ilin fevralından 1918-ci ilin mayınadək olan müddətdə imperial vilayətdən parlament respublikasınadək keçən yola nəzər salınıb, həmin dövrdə cərəyan edən proseslərə toxunulub.
Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətlərindən danışılan məqalədə isə Cümhuriyyətin xəritəsi təsvir olunub, Nazirlər Kabinetinin yaradılmasından bəhs edilib. Bildirilib ki, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşib, bayraq, himn və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub.
“1918-1919-cu illərdə Dövlət Bəyannaməsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Paris Sülh Konfransında Azərbaycanın dövlət müstəqilliyinin tanınması tarixi”, “Demokratik respublikanın Qarabağ və Zəngəzur uğrunda diplomatik mübarizəsi” və “Qafqaz Ermənistanında qaçqınların məskunlaşması” adlı məqalələrdə Azərbaycanın tarix üzrə fəlsəfə doktorlarının araşdırmaları yer alıb.
Azərbaycanın ordu quruculuğu bölməsində isə bildirilir ki, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb.
Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli Xan Xoyski, parlamentin sədri Əlimərdan bəy Topçubaşov haqqında məqalələr də əksini tapıb. Azərbaycanın zəngin mədəniyyətindən bəhs edilən yazıda isə ecazkar musiqimizdən, dahi bəstəkar Üzeyir Hacibəylinin əvəzolunmaz əsərlərindən, musiqi teatrının inkişafından söhbət açılıb. Həmçinin Azərbaycanın milli rəmzi olan dövlət bayrağı haqqında dolğun məlumat verilib, jurnalda ilk poçt markaları və istifadədə olan əsginaslar çap olunub.
Beynəlxalq jurnalda alman, ingilis, italyan, rus və türk ekspertlərin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalələri xüsusi maraq kəsb edir. Britaniyalı ekspert İan Pertin “Həmidə xanım – zamanın və millətinin qadını” məqaləsində vurğulanıb ki, müstəqilliyinin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini isə xüsusilə qeyd etmək lazımdır.
Alman mütəxəssislər Matias Dornfeldt və Enriko Sivaldın araşdırmalarında isə Azərbaycan Xalq Cümhuriyyətinin Almaniyanın nəzər-nöqtəsində olmasından danışılır. İtaliyali ekspert Daniel Pommier Vinçellinin yazısında İtaliya və Azərbaycanın münasibətlərinə diqqət çəkilir.
Jurnala Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və baş prodüseri Arzu Əliyeva olan “Əbədi ezamiyyət” sənədli filminin ingilis dilinə tərcümə edilən diski də əlavə olunub. Xatırladaq ki, filmdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs olunur.