Culfa rayonunun təbiəti və ekoturizm potensialı

330

Naxçıvan Muxtar Respublikasının təbiəti öz zənginliyi ilə həmişə maraq oyadıb. Bu zənginliyin payında Culfa rayonunun da özünəməxsus yeri vardır. Rayonun əksər hissəsi dağlıq ərazilərdir. Belə ki, Culfa rayonunun şimal-şərq hissəsi  boyunca uca zirvələri olan Zəngəzur dağ silsiləsi uzanır. Dağ silsiləsi Araz çayına doğru açılaraq Culfa maili düzənliyinə keçir. Rayonun ən yüksək nöqtəsi Dəmirli dağıdır. Coğrafi xüsusiyyətlərinə nəzər salsaq görərik ki, ərazidə təbaşir-neogen çöküntüləri geniş yayılmışdır. Naxçıvan şəhərindən Culfa rayonuna gedən magistral yol boyunca görünən rayonun dağları öz qeyri-adi fərqliliyi ilə seçilir. Belə ki, burada geoloji faktor dağların xarici görünüşünə öz təsirini göstərib. Bu dağlar zahirən nəhəng, qülləvari tikililəri xatırladır.

44Rayon ərazisində olan çaylar ecazkarlığı ilə seçilir. İran İslam Respublikası ilə sərhəd boyunca  Araz çayı axır. Rayon ərazisində olan  digər irili-xırdalı çaylar isə Araz çayına tökülür. Rayonun incilərindən olan bu çaylara Əlincəçay, Qaradərə, Xəzinədərə, Ləkətağsu, Kolasu, Teyvaz və s. çayları misal göstərmək olar. Yeri gəlmişkən onu da qeyd edək ki, rayon ərazisində çaylarla yanaşı böyük iqtisadi əhəmiyyəti olan çoxlu mineral su yataqları mövcuddur. Mineral suların təbii “muzeyi” adlandırılan muxtar respublikamızda 200-dən çox mineral və müalicəvi su mənbəyi vardır ki, onlardan 85-i Culfa rayonu ərazisində qeydə alınıb. Xüsusilə Araz və Əlincəçay vadiləri boyunca yerləşən mineral bulaqların əksəriyyəti soyuq sulu mineral bulaqlardır. Rayon ərazisində olduqca məşhur olan Darıdağ arsenli mineral bulağı yerləşir. Bulaq Darıdağın sıldırım yamacları arasında Culfa şəhərindən 8 km aralı, dəniz səviyyəsindən 900 m yüksəklikdədir. Burada yer altından təzyiqlə çıxan mineral tərkibli isti su karbon qazlı, mərgümüşlü, yüksək minerallaşmış xlorlu-karbonatlı-natriumludur. Bulaqdan gündə 500 min litrə yaxın güclü minerallaşmış su çıxır ki, onun müalicəvi əhəmiyyətindən respublika miqyasında geniş istifadə olunur. 1978-ci ildən fəaliyyətə başlayan  Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Burada ürək–damar, dayaq-hərəkət periferik əsəb sistemləri, dəri və s. xəstəlikləri olan xəstələr vanna qəbul etməklə müalicə olunurlar.

Culfa rayonu ərazisində tariximizin incilərindən olan Gülüstan türbəsi, Əlincəqala kimi öz qədimliyi ilə seçilən abidələrlə yanaşı, təbiət abidələri də qədimliyi ilə insanı valeh edir. Belə ki, muxtar respublikamızda olan 13 təbiət abidəsindən 2-si Culfa rayonu ərazisində yerləşir. Bunlar qədim geoloji-paleontoloji obyeklər olan Haçadağ və Nehrəm dərəsidir. Rayonun Xanəgah kəndinin yaxınlığında yerləşən Haçadağ öz əzəmətli görünüşü ilə muxtar respublikamızın simvoluna çevrilməklə muxtar respublikamıza gələn qonaqları heyran edir. Rayonun relyef xüsusiyyətlərinin müxtəlif olması, özünəməxsus iqlimi onun təbiətinin gözəlliyinə öz töhfəsini verib.

Rayonun Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərinin ətrafında olan təbii meşə sahələri valehedici mənzərəsi ilə göz oxşayır. Rayonun Şimal-Şərq hissəsi Zəngəzur Milli Parkının ərazisinə aiddir ki, muxtar respublikada olan nadir fauna və flora növlərindən əksəriyyətinə rayon ərazisində təsadüf olunur. Xüsusən gəvən, yulğun, çinar, palıd, zirinc kimi bitkilərlə yanaşı, nadir heyvan növləri olan oxlu kirpi, bezoar dağ keçisi, muflon, qonur ayı, ular, gözəl kəkliyi misal göstərmək olar. Onu da qeyd edək ki, bir zamanlar çox az-az təsadüf olunan bezoar keçilərinə və muflonlara artıq tez-tez rast gəlinir. Demək olar ki, bezoar dağ keçiləri rayonun dağlarının bəzəyinə çevrilib. Əlbəttə, bu dediklərimiz təbiətə göstərilən qayğının bariz nümunəsidir.

Yol kənarlarında salınan yeni-yeni yaşıllıq zolaqları, meyvə bağları, görülən meşə bərpa işləri təbii zənginliyi artırır. Ətraf mühitin yaşıllaşdırılması, təbiətin ekoloji saflığının qorunması bu yerlərdə ekoturizmin inkişafına da öz müsbət təsirini göstərir, rayona gələn qonaqların sayının ilbəil artmasına səbəb olur.

Bəli, ətraf mühitin qorunması, mühafizə olunması bizim gələcək nəsillər qarşısında vətəndaşlıq borcumuzdur. Vəzifəmiz təbiətimizi sevmək və sevdirməkdir. Bir xalqın mədəni səviyyəsi onun təbiətinə göstərdiyi qayğı və diqqətlə ölçülür. Təbiətimizi, onun gözəlliyini, meşələrini, yaşıllıqlarını nə qədər çox sevsək, mühafizə etsək, təbiətimiz də bizə gözəllik bəxş edəcək.

Elçin KAZIMOV,

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının

əməkdaşı

 “Arazın səsi ” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: