Cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib
Naxçıvan Olimpiya İdman Kompleksində 5 mart “Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə məqsəd cüdo idman növünün təbliğ və inkişaf etdirilməsi, eləcə də onlar arasında perspektivli idmançıların aşkara çıxarılması olub. Yarışda 10 çəki dərəcəsində 100-dən çox idmançı qalib gəlmək üçün əzmkar mübarizə aparıb. Yekunda müvafiq çəki dərəcələri üzrə Seyid Seyidov, Cəfər Məmmədli, Osman Məmmədov, Ayxan İsmayılzadə, Abbas Məmmədov, Fuad Əşrəfli, Emil Nəzərov, İsmayıl Abbasov, Coşqun Əliyev və Elamin Zeynalov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, birinci yerə çıxan idmançılar bu ayın 14-də keçiriləcək yeniyetmələrin Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə ediblər. Sonda bütün çəki dərəcələrində ilk üç pilləni tutan idmançılara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.