Çin Mərkəzi Televiziyasında Azərbaycanla bağlı silsilə verilişlər yayımlanıb - FOTOLAR

160

Çin Mərkəzi Televiziyasının 4-cü kanalının (CCTV4) “Bir kəmər, bir yol” mövzusuna həsr olunan proqramının növbəti 8 buraxılışında Azərbaycandan bəhs olunub.

NUHÇIXAN xəbər verir ki, verilişlərdə Azərbaycanın tarixi, coğrafi mövqeyi, müasir inkişafı, iqtisadi imkanları, turizm potensialı, mətbəxindən söz açılıb, iki ölkə arasında münasibətlərə toxunulub.

Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqaz regionunda, Xəzər dənizinin qərb sahilində yerləşməklə Şərq ilə Avropanı birləşdirir. Azərbaycanın coğrafi mövqeyinə baxmaqla onun nə qədər vacib olduğunu anlamaq olar. Bir çox sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşduğu məkan olan Azərbaycan əsrlərboyu İpək yolu üzərində şərq ilə qərb arasında ticarətdə vacib rol oynayıb.

Bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın inkişafında yeni dövr başlayıb. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, çox vacib beynəlxalq iqtisadi qovşağa çevrilə bilib. Müstəqil dövlət kimi xarici ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə diplomatik əlaqələr yaradılıb.

Verilişin aparıcısı paytaxt Bakıda aparılan tikinti və inkişaf proseslərindən söz açaraq, qeyd edir ki, “Küləklər şəhəri”ndə tarixi və müasir memarlıq nümunələrini yan-yana görmək mümkündür.

Bildirilir ki, İçərişəhər tarixi İpək yolu üzərindəki ən çox yaşı olan və yaxşı mühafizə olunan yaşayış məntəqələrindən, “Alov qüllələri” isə müasir Bakının rəmzlərindən biridir. Bundan başqa, turistlərin böyük maraq göstərdikləri “Atəşgah” məbədindən, “Yanar dağ”dan da bəhs olunub.

Azərbaycanın təbii gözəlliklərindən də bəhs olunan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birincidir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində istifadə olunması barədə məlumat verilib.

CCTV-nin əməkdaşları Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Naxçıvanda “Duzdağ” sanatoriyasında, Əlincə qalada çəkilişlər aparıb, Şəkidə milli mətbəximizdə xüsusi yeri olan piti, Tovuzda isə şərabçılıq ənənələri ilə tanış olublar.

Kanal tamaşaçılarına Azərbaycanın zəngin mədəni irsi, o cümlədən xalq yaradıcılığı, adət-ənənələri barədə məlumat verib. Bundan başqa, Azərbaycanın iqtisadi inkişafından, neft strategiyasından, qeyri-neft sektorunun inkişafına olan diqqətdən, iki ölkə arasında iqtisadi-ticari əlaqələrdən, yüksək keyfiyyətli Azərbaycan məhsullarının Çinə ixrac imkanlarından söz açılıb.

CCTV4 kanalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Çinin Azərbaycandakı səfiri Vey Cinxua ilə ikitərəfli əlaqələrimizə dair müsahibələri də yayımlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: