“Carpet XL” jurnalının növbəti sayında Azərbaycan xalçaçılığı haqqında məqalə dərc edilib

142

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) xalça istehsalı ilə yanaşı, bu qədim el sənətimizin dünyada təbliği sahəsində müvafiq tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən işlərin davamı kimi, “Carpet XL” jurnalının 4-cü sayında Azərbaycan xalçaçılığından bəhs edən növbəti yazı dərc olunub.

ASC-nin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, məqalədə qədim xalçaçılıq ənənələrimizdən, müasir dövrdə xalçaçılığın inkişafından, “Azərxalça”nın fəaliyyətindən ətraflı bəhs edilib.

Bildirilib ki, tarixən Azərbaycanda orijinal çeşnili, öz naxışları ilə seçilən xalçalar toxunub. Bu xalçalar Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz qrupları üzrə təsnif və tədqiq edilir. Dünya bazarlarına çıxarılan Azərbaycan xalçaları həmişə böyük maraqla qarşılanıb.

Qeyd olunub ki, dövrümüzə qədər gəlib çatan ən qədim Azərbaycan xalçaları XVI əsrdə toxunan “Əjdahalı” xalçalardır. Əsasən XVI-XVIII əsrlərdə toxunan bu xalçanın qədim nümunələrinə dünyanın məhşur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür.

Məqalədə Azərbaycanda boyaqçılıq sənətinin inkişaf tarixinə də nəzər salınıb. Vurğulanıb ki, Azərbaycanın xalçaçılıq və boyaqçılıq tarixini bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. XIX əsrin ortalarında burada istehsal olunan təbii boyaq maddələri daxili ehtiyacları ödəməklə yanaşı, həm də xaricə ixrac edilib.

Respublikamızın bölgələrində “Azərxalça”nın yaratdığı filiallar barədə də məlumat verən müəllif xalça emalatxanalarında istehsal olunan məhsulların keyfiyyətini xüsusi qeyd edib.

Yazıda Qusarın Laza kəndinin, Şamaxının yun bazarının, qədim Azərbaycan xalçalarının və “Azərxalça”nın istehsalı olan məhsulların fotoşəkilləri də təqdim olunub.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən “SN Verlag” Nəşr Evi tərəfindən ildə dörd dəfə ingilis və alman dillərində dərc olunan bu jurnalın əsas oxucuları ABŞ və Avropa ölkələrindədir.

Daha çox biznes sektorunda yayılan bu jurnalda Azərbaycan xalçalarının təbliğ olunması mühüm əhəmiyyət daşıyır. Çünki saylarında klassik xovlu və xovsuz xalçalara, modern xalçalara geniş yer verən jurnalın əsas oxucuları xalçaçılıq üzrə aparıcı şirkətlərin rəhbərləri, pərakəndə satış sektorunun nümayəndələri, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən xalça satışı mərkəzlərinin, mağazalarının təmsilçiləridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: