Cahana sığmayan Azərbaycan şairi

89

Qüdrətli sənət nəhənglərinin bədii dühasından və idrakından doğan orta əsr Azərbaycan poeziyasının görkəmli yaradıcıları olan sənətkarlardan hər biri ədəbiyyatda tarixi mərhələyə imza atmış, konkret ədəbi istiqamətlərin ən görkəmli simalarına çevrilmişlər.

Böyük sənət korifeyləri Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Saib Təbrizi və başqaları ədəbi fikrin inkişafındakı möhtəşəm xidmətləri ilə orta əsrlərdə Şərq dünyası miqyasını aşaraq, beynəlxalq aləmdə də əsl sənət ulduzları kimi parlamışlar. Bu sənətkarların adları ilə bağlı olan ədəbi məktəblər, poetik-üslubi istiqamətlər türk-müsəlman aləmində uzun əsrlər poeziyanın inkişafında aparıcı mövqeyə malik olmuşdur. Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi belə qüdrətli sənətkarların sırasında İmadəddin Nəsimi görkəmli yer tutur.

İmadəddin Nəsimi Ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan böyük sənətkardır.

Nəsimi Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır.

İmadəddin Nəsimi dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biridir.

Nəsimi böyük ədəbi məktəb yaratmışdır.

Seyid İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və mütəfəkkiridir. O, Azərbaycanın qədim elm və ədəbiyyat mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlıq və gənclik illəri burada keçən Seyid İmadəddin Nəsimi Şamaxıda mükəmməl mədrəsə təhsili almışdır. Bədii istedadı ilə diqqəti cəlb edən İmadəddin Nəsimi ilk şeirlərindən etibarən ədəbi mühitdə istedadlı cavan şair kimi qəbul olunmuşdur. Qardaşı Şah Xəndanın məzarının və türbəsinin Şamaxı qəbiristanlığında bu günə qədər yaxşı vəziyyətdə qalması və xalq tərəfindən ziyarət yeri kimi qəbul olunması İmadəddin Nəsiminin mənsub olduğu şəcərəyə Azərbaycan xalqının, yerli əhalinin bəslədiyi yüksək ehtiramı nümayiş etdirir. Müxtəlif ədəbiyyatlarda Nəsiminin doğum yerinə dair müəyyən ölkələr və şəhərlər barədə qeyd edilən versiyalar onun anadan olduğu yerə aid olmayıb, tərcümeyi-halının digər hadisələri, xüsusən hürufilik təriqətini yaymaq üçün etdiyi səfərlər, müvəqqəti məskunlaşdığı məkanlarla əlaqədardır. Belə ki, Nəsimi hürufizm ideyalarını yaymaq üçün Azərbaycan vilayətlərindən başqa həm də İranda, Türkiyədə, İraqda, Suriyada olmuş və geniş təbliğat işləri aparmışdır. Olduğu ölkələrdə Nəsiminin və hürufizmin əleyhdarları olduğu kimi, tərəfdarları da formalaşmışdır. Bütün çətinliklərə baxmayaraq, onlar ustadlarının adını və əqidəsini daim uca tutaraq yaşatmışlar.

İmadəddin Nəsiminin həyatda və sənətdə rəhbər tutduğu hürufilik təliminin görkəmli yaradıcısı Fəzlullah Nəimi Astrabadi (1340-1394) ilə əlaqələri də maraq doğuran mühüm hadisələrlə bağlıdır. Mənbələrdə haqlı olaraq bu əlaqələr mürşid-şagird münasibətləri kimi yüksək qiymətləndirilir. Öz dövrünün görkəmli şəxsiyyətləri olmuş bu böyük mütəfəkkirlərin əlaqələri haqqında müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə, İmadəddin Nəsimi XIV əsrin 80-ci illərində hürufizm ideyalarını təbliğ etmək üçün Şirvana gələrək söhbətlər aparan hürufizmin ideya-nəzəri əsaslarını yaratmış Fəzlullah Nəimi ilə burada tanış olmuşdur. Elmi ədəbiyyatlarda da qeyd olunduğu kimi, yaradıcılığının başlanğıc dövründə “Hüseyni” təxəllüsü ilə şeirlər yazan İmadəddin Nəsimi hürufizmin böyük ideoloqunun təliminə maraq göstərmiş və bu təriqəti qəbul etmişdir. Fəzlullah Nəiminin qızı ilə ailə qurması da sadəcə tərcümeyi-hal göstəricisi olmayıb, Nəsiminin ustadı ilə bütün varlığı ilə bağlı olmasının, əqidə və amal birliyinin mühüm faktlarından biridir. Eyni zamanda, İmadəddin Nəsiminin Şirvandan ayrılıb son dəfə Türkiyə-Suriya səfərinə gedərkən Naxçıvana gəlib, Xanəgahda Fəzlullah Nəimi ilə görüşməsi haqqındakı rəvayətlər də ədəbi-ictimai fikir tariximizin nadir səhifələrindən biri olmaqla bərabər, onların arasındakı münasibətlərin dərinliyini nümayiş etdirir. Fəzlullah Nəimi hürufizmin mükəmməl nəzəriyyəsini, İmadəddin Nəsimi isə böyük poeziyasını yaratmış qüdrətli şəxsiyyətlərdir. Bundan başqa, İmadəddin Nəsiminin Şərqdə qəzəl janrında böyük şeir xəzinəsi yaratmış Hafiz Şirazi ilə yaxın münasibətlərinin olması onun dövrün ədəbiyyat aləmində əsas simalardan biri kimi qəbul edildiyini düşünməyə əsas verir.

Orta əsr klassik Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirləri insanın qüdrəti haqqında himn kimi səslənir. Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağırışlar ifadə edilmişdir. O, kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etmişdir:

Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,

Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.

…Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim,

Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.

… Ey bu şeyda könlümün halın soran hər dəm mana,

Dərdini bildirməz ol, eşqin oduna yanəsi.

…Buldu ləlindən Nəsimi nəfxeyi-ruhulqüdüs,

Ey Nəsiminin həyatı, canımın cananəsi.

İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üsyankar şeirləri ilə haqqa qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparmışdır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir.

Mənəvi kamillik konsepsiyasını ifadə edən Şərq poeziyasında Nəsiminin lirikası fərqli bir mövqeyə malikdir. O, əsərlərində idealla insanlıq arasında bərabərlik yaratmağa nail olmuşdur. Daha doğrusu, İmadəddin Nəsimi insanı ilahi qüdrətə malik ideal miqyasında vəsf etmişdir. Onun şeirlərində insan orta əsrlər Şərq və Azərbaycan poeziyasında olduğu kimi, yaxud aşiqanə üslubdan daha çox konkret olaraq fərdin mənəvi ucalığı, şəxsiyyətin daxili azadlığı və əzəməti formatında təqdim olunmuşdur. Nəsimi insanı klassik Azərbaycan şeirindəki eşq mehrabından çıxararaq, ilahi varlıq müstəvisinə doğru yol gedən həqiqət aşiqi qismində tərənnüm etmişdir. Nəsimi daha çox aşiqanə ruhda inkişaf edən Azərbaycan poeziyasında ictimai motivlərin meydanını genişləndirmişdir. Bundan başqa, Nəsiminin poeziyasında nəsihətçilik arxa planda qalmış, həyat fəlsəfəsi və mübarizə ruhu ön mövqeyə keçmişdir. İmadəddin Nəsimi özü də keşməkeşli tərcümeyi-halı və mübariz ruhlu şeirləri ilə kamil insan obrazının möhtəşəm şair-mütəfəkkir abidəsi kimi ucalır.

Fikrimizcə, İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur şeiri İmadəddin Nəsiminin mükəmməl avtoportretidir. Sənəti və şəxsiyyəti haqqında müasirlərindən tutmuş tədqiqatçılarına qədər məğrur şairin barəsində yazılanların hamısında “Sığmazam” bəyanatı Nəsiminin real simasını və idealını mənalandıran açar anlayış kimi göstərilir. Azərbaycan klassik lirikasının nadir nümunələrindən biri olan “Sığmazam” şeirində İmadəddin Nəsiminin mübariz ideyalarının və çağırışlarının dövrə-zamana sığmayan qüdrəti ifadə olunmuşdur. “Sığmazam” şeiri cahana sığmayan böyük Azərbaycan şairinin əsrlərdən-əsrlərə qədər gəlib çatan və yaşamaqda davam edən məğrurluq manifestidir. Şeirdəki yenilməz dağlar kimi parlaq və əzəmətli görünən lirik mən “Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm” – deyən İmadəddin Nəsiminin cahana və zamana sığmayan proobrazıdır. Bu, Şərq poeziyasında insan haqqında ən möhtəşəm poetik monoloqdur.

“Sığmazam” qəzəli kövnü-məkana, cism ilə cana, dəhrü-zəmana və cahana sığmayan qüdrətli Azərbaycan şairinin bənzərsiz ucalığının şərhi-bəyanıdır. Bu, həyatda və sənətdə Nəsimi səviyyəsinə çata bilməyin poetik bəyanatıdır:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam.

…Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü-gümana sığmazam.

…Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,

Gör bu lətiqifeyi ki, mən dəhrü-zəmanə sığmazam.

…Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,

Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,

Bundan uludur ayətim, ayətə, şanə sığmazam.

Xalq şairi Bəxtiyar Vahabzadə “Məndə sığar iki cahan” misrasının izahından bəhs edərkən buradakı iki cahan anlayışı ilə Nəsiminin “Məndə sığar ikən cahan” mənasını ifadə etməsi qənaətində olduğunu qeyd etmişdir. “Məndə sığar ikən cahan” anlayışı da hürufi ədəbi-fəlsəfi təliminə uyğun olub, Nəsiminin əqidə bütövlüyünü və qeyri-adi məğrurluğunu ifadə edir. Bədii mətn mənasında gerçəkliyə uyğun olub-olmamasından asılı olmayaraq, bu təfsir də Nəsimi obrazının əzəmətini və miqyasını dolğun surətdə əks etdirən versiyalardan biri kimi mühüm əhəmiyyət daşıyır.

Seyid İmadəddin Nəsiminin lirikası özünəməxsus sənətkarlıq xüsusiyyətlərinə malikdir. Ənənəvi klassik şeir üslubunda yazıb-yaratmasına baxmayaraq o, orta əsrlər Azərbaycan lirikasını bənzərsiz bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirmişdir. Təsvir və ifadə vasitələrindəki yeniliklər Nəsimi sənətinin orijinallığını müəyyən etmişdir. Onun hər misrasında bir neçə təşbehin işləndiyi qəzəlləri təkrarsız sənət nümunələridir. Şairin “Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım” misrası ilə başlayan 7 beytlik qəzəlinin bütün misralarının başdan-başa bənzətmələrdən və daxili qafiyələrdən ibarət olması ümumşərq poeziyasında nadir sənət hadisəsi sayılmağa layiqdir.

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,

Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

…Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,

Dürüm, mirvaridim, kanım, əqiqim, lə’lü mərcanım.

Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,

Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.

Çırağım, şəm’imü nurim, ziyamü yıldızım, şəmsim,

Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım!

Bədii dilin sadəliyi, aydınlığı və xəlqiliyi etibarilə də İmadəddin Nəsiminin lirikası sələflərindən və xələflərindən fərqlənir. O, dərinmənalı şeirləri ilə Azərbaycan şeir dilinin zənginliyini, sadəlik və aydınlığını geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Nəsimi öz ideyalarını, hürufi fikirlərini saraylardan daha çox xalqa çatdırmaq üçün sadə və anlaşıqlı dildə yazmağa üstünlük vermişdir. Beləliklə, Nəsimi klassik romantik poeziyanı xalqa daha da yaxınlaşdırmışdır. Onun XIV-XV əsrlərdə yazılmış elə şeirləri vardır ki, həmin poetik nümunələri dilin saflığı baxımından xalq dilinin poeziyada hakim mövqeyə çatdığı XVIII əsr lirikası örnəkləri ilə müqayisə etmək olar. Bu mənada Nəsiminin şeirləri Azərbaycan ədəbiyyatında farsdilli poeziya ilə Molla Pənah Vaqif lirikası arasında möhkəm mənəvi körpüdür. Hətta şairin bir çox qəzəlləri dilinin tərkibi etibarilə XX əsrin və hətta bu günün alınma sözlərə həssas olan qəzəl janrında yazılmış şeirləri təəssüratı yaradır:

Canana mənim sevdiyimi can bilir ancaq,

Könlüm diləyin dünyada canan bilir ancaq.

…Abdal oluban bəylik edən arifi gör kim,

Bu səltənətin qədrini sultan bilir ancaq.

…Könlüm gəmisin qərq edə gör eşq dənizinə

Kim, bu dənizin bəhrini ümman bilir ancaq.

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Bu qəbildən olan qəzəllər məqtə beytdəki müəllifliyi bildirən Nəsimi sözü yerinə Vahid (Əliağa Vahid), yaxud Mirmehdi (Mirmehdi Seyidzadə) və ya hətta Süleyman (Süleyman Rüstəm) yazılsa, dilinin sadəlik, aydınlıq və saflıq etibarilə həmin qəzəlin bu görkəmli şairlərə aid olduğuna heç kəs şübhə ilə yanaşmaz. Dilinin sadəliyinə, poetik ahəngdarlığına, ideyaca müasirliyinə görədir ki, bəstəkarlarımız və müğənnilərimiz indi də Nəsimi şeirlərinə müraciət edirlər.

Seyid İmadəddin Nəsimi böyük mütəfəkkir şairdir. Onun fəlsəfəsində hürufizm ideyaları və ədəbiyyatın böyük idealları öz əksini tapmışdır. Nəsimi ədəbiyyatda müəyyən ənənəsi olan “Ənəlhəq” ideyasını ədəbi təlim səviyyəsinə çatdırmışdır. Böyük şair həyatda da, cəmiyyətdə də, ədəbiyyatda da sarsılmaz əqidə yolunda, vahid amal uğrunda mübarizə aparmışdır. Möhkəm mənəvi bütövlük və kamillik İmadəddin Nəsiminin idealıdır. Orta əsrlər Azərbaycan poeziyasında insanı Nəsimi qədər uca və möhtəşəm səviyyədə, qüdrətli təqdim edən sənətkar göstərmək çətindir. O, klassik ədəbiyyatda xüsusi yer tutan humanizm fəlsəfəsini yeni mərtəbəyə qaldırmışdır. Nəsimi əsasən qəzəl üstündə köklənmiş Azərbaycan klassik şeirini yüksək poetik səviyyədə müstəzad, tərcibənd, müləmmə, tuyuq, əliflam janrlarında yazılmış orijinal şeirlərlə zənginləşdirmiş, daim novator sənətkar kimi çıxış etmişdir. Bütün bunlara görə novator xüsusiyyətlər və ənənələrlə zəngin olan Nəsimi yaradıcılığı ədəbi məktəb səviyyəsinə yüksəlmişdir. Nəsimi ədəbi məktəbi Azərbaycandan başqa digər türk-müsəlman ölkələrinin də ədəbiyyatını əhatə etmişdir. Novator şairin adı və sənəti ilə bağlı olan poetik ənənələr uzun əsrlər boyu yaşamış, poeziyanın inkişafında böyük rol oynamışdır. Nəsiminin mübariz, mətin, mərdanə poeziyası bu gün üçün də aktual və müasirdir.

Böyük əqidə sahibi İmadəddin Nəsiminin faciəli şəkildə öldürülməsi haqqında geniş yayılmış rəvayətlər dünya ədəbiyyatında təkrarı olmayan qəhrəmanlıq mifidir. Nəsiminin həyatı və sənəti əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəlməyin ibrətamiz nümunəsidir. Bizim zamanlara qədər gəlib çatmış rəvayətə görə edam zamanı onun bədənindən axan qanın bir damcısı “bu məlunun qanından bir damcı hara düşsə kəsilib atılmalıdır” – deyən rəsmi şəxslərdən birinin barmağına sıçradıqda həmin şəxs bu ifadəni “söz məsəli” dediyini bildirərək canını qurtarmaq istəmişdir. Həyatının ən son məqamında məğrur şairin bağrından qopmuş aşağıdakı misralar məsləyi yolunda dönməzlik dərsləri kimi səslənmişdir:

Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Cəmi 48 il ömür sürmüş və 3 dildə: Azərbaycan, fars və ərəb dillərində böyük və zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır. Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir, onun əsərləri insanlığı mənəvi kamilliyə, ədalətə, humanizmə çağırmaqda davam edir.

İmadəddin Nəsimi Azərbaycandan getdikdən sonra müxtəlif fasilələrlə Türkiyədə, İranda, İraqda yaşamış, nəhayət, Suriyada olmuş, Hələbdə məskunlaşmış və olduğu yerlərdə hürufizm ideyalarını geniş şəkildə təbliğ etmişdir. Onun təbliğ etdiyi hürufi ideyalar heç də hər yerdə birmənalı qarşılanmamış, müzakirə və mübahisə mövzusu olmuşdur. Mütəfəkkir şairin əleyhdarları bundan istifadə edərək, haqqında müxtəlif böhtan və şayiələr yaymışlar. İmadəddin Nəsiminin məsləyi yolunda faciəli şəkildə edam olunması onun sarsılmaz, möhkəm əqidəsinin isbatıdır. Buna baxmayaraq, İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarı xalq tərəfindən həmişə ehtiramla ziyarət olunmuş və bu məqbərə ibadətgaha çevrilmişdir. Çox təəssüf ki, son dövrlərdə Suriyada gedən acınacaqlı müharibə şəraiti böyük şairin məqbərəsi və məzarı ətrafında da müəyyən dağıntılara səbəb olmuşdur. Azərbaycan ziyalılarının nümayəndə heyəti, tanınmış alimlər və şairlər bir neçə dəfə İmadəddin Nəsiminin məqbərəsini ziyarət etmişlər.

Azərbaycanda Seyid İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri sahəsində böyük işlər görülmüşdür. İlk dəfə tanınmış Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz görkəmli sənətkarın irsini toplayaraq kitab halında nəşr etdirmişdir. Sonrakı illərdə şairin zəngin irsi daha geniş səviyyədə toplanılmış, kütləvi tirajla nəşr edilərək xalqımıza çatdırılmışdır. Nəsimi şeirindən müəyyən seçmələr ingilis, rus, fransız, alman, Ukrayna və sair dillərə tərcümə edilib yayılmışdır.

Eyni zamanda, İmadəddin Nəsiminin həyatı və yaradıcılığının tədqiqi istiqamətində mühüm addımlar atılmışdır. Görkəmli Azərbaycan alimi, professor Mirzağa Quluzadə “Böyük ideallar şairi” adlı monoqrafiyasını 1973-cü ildə nəşr etdirmişdir. Professor Cahangir Qəhrəmanovun elmi ictimaiyyətə təqdim etdiyi “Nəsimi divanının leksikası” adlı monoqrafiya və onun hazırlayıb nəşr etdirdiyi elmi-tənqidi mətn Azərbaycan nəsimişünaslığının mühüm nailiyyətlərindəndir. Müxtəlif illərdə tanınmış Azərbaycan alimlərindən akademiklər Həmid Araslı, Bəkir Nəbiyev, Teymur Kərimli, Rafael Hüseynov, AMEA-nın müxbir üzvləri Əliyar Səfərli, Azadə Rüstəmova, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, əməkdar elm xadimi Qəzənfər Paşayev, filologiya elmləri doktorları Ənvər Əhməd, Gülşən Əliyeva, filologiya elmləri namizədi Səadət Şıxıyeva və başqalarının əsərləri İmadəddin Nəsimi irsinin tədqiqinə dair sanballı elmi töhfələrdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə anadan olmasının 600 illiyinin yüksək səviyyədə və böyük təntənə ilə qeyd olunması qüdrətli Azərbaycan şairi İmadəddin Nəsiminin şəxsiyyətinə və yaradıcılığına dövlətimizin və xalqımızın bəslədiyi yüksək ehtiramın və ümumxalq məhəbbətinin ifadəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1979-cu ildə İmadəddin Nəsimiyə onun doğma vətənində, Bakı şəhərinin mərkəzi meydanlarından birində görkəmli heykəltəraşlar Tokay Məmmədov və İbrahim Zeynalovun ucaltdıqları düşündürücü heykəl Azərbaycan monumental heykəltəraşlıq sənətinin qiymətli nümunələrindəndir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində AMEA-nın Dilçilik İnstitutuna, Bakı şəhərinin ən böyük rayonlarından birinə və metro stansiyasına İmadəddin Nəsiminin adının verilməsi onun xatirəsinin öz ölkəsində yüksək səviyyədə əbədiləşdirildiyini əks etdirən tarixi reallıqlardır.

Eyni zamanda, xalq şairi Rəsul Rzanın “Son gecə” poemasının yazılması, Qabilin “Nəsimi” poemasının yaranması və Dövlət mükafatına layiq görülməsi, İsa Hüseynovun “Məşhər” romanının, “Nəsimi” filminin xalqa çatdırılması, Bəxtiyar Vahabzadənin “Fərhad” dramının səhnəyə çıxarılması Azərbaycanda görkəmli sənətkara bəslənilən böyük marağın və yüksək ehtiramın real əks-sədasıdır.

Azərbaycan dövləti müstəqillik dövründə də böyük şair İmadəddin Nəsimi irsinin tədqiqi, nəşri və təbliği istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə 2017-ci ilin may ayında İmadəddin Nəsiminin vəfatının 600 illiyinin Parisdə UNESCO-nun baş iqamətgahında beynəlxalq səviyyədə təntənəli surətdə qeyd edilməsi bu qüdrətli sənətkarı dünyaya tanıtmaq istiqamətində yeni səhifə açmışdır. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”kı 15 noyabr 2018-ci il tarixli Sərəncamı böyük mütəfəkkir şairə dövlət səviyyəsində bəslənən yeni və yüksək münasibəti aydın surətdə ifadə edir. Dövlət rəhbərinin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamında İmadəddin Nəsiminin şəxsiyyətinə və irsinə verilən aşağıdakı böyük qiymət bu görkəmli mütəfəkkir sənətkarın bənzərsiz sənətinin mahiyyətini və miqyasını dolğun şəkildə əks etdirir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir”.

Prezident “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” kimi elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı ölməz sənətkarın həyatı və yaradıcılığının, həmişəyaşar ideallarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına və təbliğ edilməsinə geniş meydan açır. Eyni zamanda, mühüm tarixi əhəmiyyətə malik olan Prezident sərəncamı yeni nəsillərin dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkarı nümunəsində tərbiyə edilib, azərbaycançılıq ruhunda formalaşdırılmasına göstərilən böyük dövlət qayğısının əməli ifadəsidir. Bütün bunlar həm də böyük Azərbaycan şairi İmadəddin Nəsimi mövzusuna elm, ədəbiyyat və incəsənətin bütün istiqamətlərində yenidən qayıdış baxımından qarşıya yeni vəzifələr qoyur.

Cəmi bir neçə ay bundan əvvəl, 2018-ci ilin sentyabr ayında Bakı şəhərində və Şamaxıda keçirilmiş Nəsimi şeir, incəsənət və mədəniyyət festivalı Nəsimi sənətinin ölməzliyini bir daha sübut etməklə bərabər, həm də bu zəngin bədii irsin tədqiqat və təbliğat baxımından geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Festivalın dünyanın müxtəlif ölkələrindən gəlmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilməsi, tədbirlərin Bakı şəhəri ilə yanaşı şairin vətəni Şamaxı şəhərini də əhatə etməsi İmadəddin Nəsimini Azərbaycana və cahana bəxş etmiş bu qədim diyarın özünün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən möhtəşəm hesabat olmuşdur. Xüsusən, Azərbaycan dövlətinin rəsmi dəvəti və himayəsi ilə İmadəddin Nəsiminin şəcərəsindən olub, hazırda Suriyanın Hələb şəhərində yaşayan və Nəsimi soyadını davam etdirərək yaşadan, Hələbdəki Seyid İmadəddin Nəsimi məqbərəsinin mühafizi Məhəmməd Cövdət Nəsiminin və onun mənsub olduğu ailənin digər üzvlərinin Nəsimi tədbirlərində iştirakının təmin edilməsi, onların ata-baba yurdu Şamaxı şəhərini ziyarət etmələrinə şərait yaradılması, Şamaxı qəbiristanlığında böyük sənətkarın qardaşı Şahxəndanın bu günə qədər qorunub saxlanılmış məqbərəsi ilə tanışlığı mühüm əlamətdar hadisəyə çevrilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 23-24 iyun 2017-ci ildə “Ey Nəsimi, cahanı tutdu sözün” adlı beynəlxalq konfrans keçirməsi və həmin elmi tədbirdə Azərbaycanla yanaşı Rusiya, Hindistan, Türkiyə və Gürcüstan alimlərinin məruzələrlə çıxış etmələri Nəsimi irsinin tədqiqinə müstəqillik dövrü işığında yenidən qayıdış sahəsində mühüm bir addım olmuşdur. 2018-ci ilin noyabr ayında İmadəddin Nəsimi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş geniş elmi-mədəni tədbirlər, xüsusən, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında ölməz sənətkarın büstünün açılması onun yeni tarixi şəraitdə dünya şöhrətinin təntənəsini göstərən mühüm hadisə olmuşdur.

Bütün bunlarla bərabər, imzalanmış sərəncamları Azərbaycan alimləri və yazıçılarından, incəsənət xadimlərindən daha sanballı əsərlər yaratmağı tələb edir. Çünki Nəsiminin həyatı və yaradıcılığı azərbaycançılıq ideyalarını, vətənpərvərlik və mənəvi bütövlük tərbiyəsini diqqət mərkəzinə çəkmək üçün tükənməz imkanlara malikdir. Etiraf etməliyik ki, Nəsimiyə həsr olunmuş bədii və elmi əsərlərin yaradılması sahəsində son yarım əsr ərzində yaranmış boşluğun aradan qaldırılması üçün çox iş görülməlidir. Xüsusən, şairin zəngin irsi tam halda çap olunaraq Azərbaycan oxucularına çatdırılmalıdır. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə İmadəddin Nəsiminin “Seçilmiş əsərləri” böyük tirajla nəşr edilib ölkə miqyasında bütün kitabxanalara göndərilmişdir. Son vaxtlarda professor Qəzənfər Paşayevin yenidən təkmilləşdirilmiş şəkildə nəşr etdirdiyi Nəsiminin İraq divanı və naməlum şeirləri, AMEA Əlyazmalar İnstitutunda əldə olunmuş yeni əlyazma nüsxələri şairin irsinin toplanması və nəşri işinə daha geniş miqyasda bir daha qayıtmağın zəruriliyini nəzərə çarpdırır.

Ümumiyyətlə, Azərbaycan elmi Nəsiminin tədqiq olunmasına bir daha baş vurmağa borcludur. İmadəddin Nəsimiyə həsr olunmuş professor Mirzağa Quluzadənin “Böyük ideallar şairi” monoqrafiyası 1973-cü ildə, 45 il bundan əvvəl yazılmışdır. Ötən dövr ərzində əldə edilən yeni əlyazmaları, ədəbi-tarixi sənədlər və xüsusən ölkəmizin dövlət müstəqilliyi qazanması ilə əlaqədar dəyişən zaman Nəsiminin dövrü və həyatını, zəngin irsini, sənət ənənələrini bütün reallıqları ilə birlikdə dərindən və əsaslı şəkildə tədqiq edib meydana qoymağı tələb edir. Həmin istiqamətdə AMEA Ədəbiyyat və Şərqşünaslıq institutlarında aparılan elmi-tədqiqat işlərinin miqyası genişləndirilməli, nəzəri səviyyəsi dərinləşdirilməlidir. İmadəddin Nəsimi haqqında xarici dillərdə tanıtma kitablarının hazırlanıb çap olunmasına böyük ehtiyac var. Eyni zamanda, şairin əsərlərinin xarici dillərə tərcümə edilib, kitab halında nəşr olunması dövlət sərəncamlarının və yeni zamanın qarşımıza qoyduğu zəruri tələblərdəndir. Bundan başqa, Nəsiminin həyat və yaradıcılığının ali və orta məktəblərdə tədrisi, dərsliklərdə tutduğu yer məsələlərinə də yenidən qayıtmağa borcluyuq.

Bütün dünya bu reallığı bir daha bilməlidir ki, İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədiyaşar Azərbaycan şairidir.

Nəsimi Azərbaycan ədəbiyyatı və ictimai fikri qarşısındakı böyük xidmətləri ilə ölməzlik qazanmış qüdrətli sənətkardır.

İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyğu və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Azərbaycan xalqı məhz həmin möhkəm milli-mənəvi dayaqlar və davamlı böyük ənənələr əsasında zaman-zaman formalaşma və dirçəliş mərhələləri keçərək, indiki yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır.

Möhtərəm Prezident İlham Əliyevin imzaladığı mühüm sərəncamların işığında biz, Azərbaycan alimləri və yaradıcı ziyalıları elan olunmuş “Nəsimi ili”nin ölkəmizdə klassik ədəbi-mədəni irsin, görkəmli ədəbi-tarixi şəxsiyyətlərimizin, böyük mütəfəkkirlərimizin, xüsusən də İmadəddin Nəsiminin həyatı və fəaliyyətinin öyrənilməsi, xalqa çatdırılması, böyük dönüş ilinə çevrilməsi üçün çox iş görməli, bütün qüvvələri səfərbər etməliyik.

Azərbaycan Respublikasının xalq şairi Qabilin “Nəsimi” poemasından gətirdiyimiz aşağıdakı misralar böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ölməz sənətinə bəslənilən tükənməz məhəbbəti dərin mənası ilə ifadə edir:

Sinəm qalxıb-enir ümmanlar kimi,

Seyrinə daldıqca bu xoş səhərin.

Gün kimi qalxırsan, babam Nəsimi,

Yaqut qübbəsindən sonsuz göylərim.

Axı kim deyir ki, bizdən uzaqsan,

Çox da görünmürsən göz qabağında.

Sən qövsi-qüzehsən, parlayacaqsan

Sənət göylərinin sonsuz tağında.

Bayrağa çevrildin, qanlı bayrağa,

Axıb üz-gözünü örtdükcə qanın.

Elə bil boylanıb baxdın uzağa,

Uzaq sabahına Azərbaycanın!

 

İsa Həbibbəyli,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: