Cəzaçəkmə müəssisəsində Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbiri keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
NUHÇIXAN xəbər verir ki, mayın 27-də Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar bayram tədbiri keçirilib.
Tədbirdə bildirilib ki, Azərbaycanın şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Xalq Cümhuriyyətinin yaranması təkcə Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm əhəmiyyət kəsb edirdi. Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlib və çox çətin şəraitdə fəaliyyət göstərib.
Qeyd olunub ki, mayın 28-i Azərbaycan tarixinə parlaq səhifə kimi daxil olub. Müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası cəmi 23 ay yaşasa da, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyət milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirilib.
Konsert proqramı məhkumlar tərəfindən alqışlarla qarşılanıb.