Cəvizə həsrət qarğalar… - Ülvi Hüseynli yazır

199

Dağ kəndlərində hər fəsil kimi yaz da bir başqa olur. Söz vaxtına çəkər. 10 yaşım olardı, kəndimizə yaz fəsli həmişəki kimi arandan 20 gün sonra qədəm qoymuşdu.

Bir tərəfdən qışın qəddini təzəcə qıran günəş isti şəfəqləri ilə təbiəti oyatmağa tələsir, bir tərəfdən isə dağların hörükləri kimi uzanan, əriyən qarın qol-qanad verdiyi çayların şaqraq səsi, bulaqların gözündə təzə-təzə çərtən yarpızın xoş ətri, kolların dibində boynunu bükən bənövşənin “ürkək baxışı” insan qəlbini riqətləndirir, təbiətə vurğunluq yaradırdı. Səhərin gözü açılmamış cacıq, ələyəz, dihcə, baldırğan yığmağa tələsən qadınların təlaşı, həyətdə-bacada torpaqla əlləşən kənd adamlarının çöhrəsi, bağ-bağçanın kasad süfrəsindən yeməyə nəsə axtaran uşaqların hay-küyü qışın nisgilinin çoxdan unudulduğundan soraq verirdi.

Bir də həmin vaxt – 1990-cı illərdə Naxçıvanın kəndlərində növbəti qışa yazdan tədarük görən, təbiətin bu gözəlliklərinə “balta çalan” qollu-biləkli odun yığanlar vardı. Uşaq olsam da, yaxşı yadımdadır ki, kəndimizdə odun yığmaqla ad çıxaran, bu işin əsl “peşəkarları”nın sayı da ilbəil artırdı. Onlar qar yerdən gedən kimi balta və mişarlarını sazlayar, dağda, dərədə, çöldə, bayırda nə qədər yemişan, həmərsin, armud, iydə ağacı vardısa, hamısını tumurcuğa, çiçəyə “həsrət qoyub” şələ-şələ həyətlərə daşıyardılar. Bəziləri isə öz həyətlərindəki qollu-budaqlı ağacları yan üstə yatırardı. Nə qədər acınacaqlı olsa da, insanlar bunu etməyə məcbur idi. Çünki 5 ay qışı olan kəndimizdə – Şahbuz rayonunun Kükü kəndində evləri başqa cür isitmək mümkün deyildi. Həmin o illərdə kəndimizdə nə qədər ağac qırıldı, bunu hesab etmək mümkün deyil, amma bildiyim odur ki, evimizdən yuxarıda yerləşən alma meşəsinin meşəlikdən soraq verən bir adı qalmışdı, bir də “başları kəsilmiş” ağacların kötükləri.

Qonşumuz Həsənalı kişinin həyətində qocaman bir cəviz ağacı vardı. Vardı deyəndə, indi də qalır. Az olan ili ondan 2-3 kisə məhsul yığırlar. Bir səhər gördük ki, Həsənalı mişar və baltanı ağacın ətrafına qoyub var-gəl edir, hələ gənclik dövründə əkdiyi bu cəviz ağacını necə kəsib odun edəcəyinin planını qurur. Bu xəbər məhəlləmizdə böyük təlaş qopardı, adəti üzrə kənd çayçısında çərənçiliyə tələsənlər bir anlıq ayaq saxladı, hamı Həsənalının həyətinə cəm oldu, qonum-qonşu axışdı hadisə yerinə. Hərə bir məsləhət verirdi kişiyə. Kimi ağacı necə kəsmək lazım olduğunu göstərir, kimi cəviz ağacın kəsməzlər deyirdi, kimi də Həsənalını inandırmağa çalışırdı ki, bəs ay rəhmətliyin oğlu bu cəvizi kökündən aşırıb bir qışlıq odun etməyin vaxtı çoxdan gəlib çatıb, nə durmusan baltanı dola boynuna. Elə bu vaxt bir də gördük ki, qonşumuz “təlaş” Mazan qan-tər içində özünü vaqe elədi hadisə yerinə və başladı bir ağızdan höcətləməyə ki, bəs filankəslər Türkiyədən gəliblər cəviz ağacı alırlar, sən də durma tez ağacı kəs ki, satıb onlara beş-on qəpik pul qazanasan. Hamıya məlumdur ki, o illərdə nə qədər qocaman cəviz ağaclarımız divan, kreslo, stenka olmaq üçün kəsilib dəyər-dəyməzinə satıldı dövrünün işbazlarına. Sizi inandırım ki, həmin işbazlara dur deyən olmasaydı, indi cəviz üzünə həsrət idik.

Nəsə, mətləbdən çox uzaqlaşmayaq. Olduqca zəhmətkeş və dünyagörüşlü bir insan olan Mükərrəm babam kənddəki pay torpaqlarımızda iki alma və bir cəviz bağı salıb. Ağaclara xüsusi vurğun insan idi. Həsənalının istəyin eşidən kimi dedi ki, cəviz ağacı evin ruzi-bərəkətidir, soyuqda qalsan da onu gərək kəsməyəsən. Həsənalının ağlına bu sözlərdən nəsə batdı, ya batmadı, onu deyə bilmərəm, amma həyətindəki cəvizi kəsməkdən vaz keçdi, baltasını götürüb üz tutdu həmin o alma meşəsinə və başladı acığını oradakı ağaclardan çıxmağa. Nə hikmət idisə, həmin il Həsənalının cəvizi bir dənə də olsun bar vermədi, hətta yayın ortalarında ağacın şəqqavətli budaqlarından bir neçəsi qurudu, onları da kəsib dibində oduna çevirdilər. Ala qarğalar başında, Həsənalının nəvəsi Şirulla da dibində cəviz axtarmaqdan bezar oldu, amma bir “quqquluq” belə tapa bilmədilər. Babam dedi ki, ağac kəsilməyin “hiss edib” küsüb, bir neçə il bar verməyəcək. Elə də oldu… Cəvizin sonrakı barını isə görmək isə Həsənalıya qismət olmadı – ömür vəfa etmədi.

Bu hadisəni xatırlamağa və yazını yazmağa məni vadar edən bir neçə gün əvvəl camaat arasında cəviz ağacları ilə bağlı yayılan söz-söhbət oldu. Adətən bazar günləri kəndə gedirəm. Ötən həftə də kəndə təzəcə çatmışdım ki, həmin gor qonşumuz Həsənalının oğlu Yusif hay-küylə özün yetirdi həyətimizə və birnəfəsə döşəməyə başladı ki, “bilmirsən cəviz ağaclarını niyə kəsirlər?!” Təəccüblə baxdığımı görəndə əlavə etdi ki, “xəbərin yoxdu, komissiya da yaradıblareee, əkəndən də naloooooq alacaqlar”. Onu nə qədər inandırmağa çalışsam da ki, bu yalandır, yenə hansısa zatı bəlirsizin şaiyəsidir, fikir vermə, amma bir mətləbə nail olmadım. Elə dedi ki, sən bilməzsən.

Bu gün hamıya məlumdur və gündəlik şahidiyik ki, Naxçıvanda bütün işlər sahmanındadır. Kənddə də, şəhərdə də, hətta kəndimizin üstündəki Qanlıgöl yaylaqlarında da insanlar rahat yaşayırlar. Hərə öz işi ilə məşğuldur. Bir vaxt ağacları kəsilən çöllərimiz indi meşədi, bağ-bağatdır. Bir vaxt uzun qış günlərini dərd edən kəndçilərim indi işığı, qazı, telefonu, sürətli interneti olan evində rahat yaşayır. Bir vaxt ekologiyamıza “balta çalan” qonşularım indi ağac əkir, bağ salır, yetişdirdikləri Kükü almasını, cəvizini bazara çıxarır. Bir vaxt kənd mərkəzinin “məşhur qiybət sahibləri” indi daha sərfəli işlə məşğuldur, mal-heyvan, toyuq-cücə, arı saxlayır, torpağını əkir, məhsulunu satıb daha yaxşı dolanır. Bir vaxt çala-çuxur, toz-torpaqlı yollarda “PAZ” avtobusları ilə şəhərə gəlmək zilləti yaşayan kükülülər indi xarici maşınlarda asfalt yollarda ora-bura rahat şütüyürlər. Bir vaxt bağlı qapılar arxasındakı “KORVET” kompüterlərinin həsrətini çəkdiyim kənd məktəbimizdə indi şagirdlər internetə girir, müasir kompüterlərdən və elektron lövhələrdən istifadə edirlər. Bir vaxt evləri boşalan, kənddən şəhərə qaçan kükülülər indi şəhərdən kəndə gedir, müasir evlər tikir, kəndimizdə məskunlaşma ilbəil artır. Hətta şəhərdən gəlib kəndimizdə istirahət evləri tikən onlarla ailə var. Bir vaxt gecələr düşmən gülləsinin səsindən səksəkədə yatdığımız Küküdə indi turist qəbul edirik. Nəhayət bir vaxt kəsdiyimiz alma, armud, cəviz ağaclarının yerində indi yenilərin əkmişik, əkirik, əkəcəyik də. Hər il bol məhsul götürüb bazarda satırıq, satacağıq da.

Bir kəndin timsalında qeyd olunan bu nüanslar əslində bütün Naxçıvan kəndlərinin bugünkü simasıdır: Havuşda da, Şahbulaqda da, Tividə də, Nəsirvazda da, Ləkətağda da, Boyəhməddə də və adlarını sadalamadığım digər kəndlərdə də dediklərimin hamısı real həyat lövhələridir. Amma ki, bunu gözü götürməyən nakəslər soaial şəbəkələrdə və mənşəyi bilinməyən internet saytlarında arada başlayırlar qarğa kimi qırıldamağa ki, bəs Naxçıvanda filan hadisə vaqe olub, necə ki, “cəviz ağaclarını kəsirlər”, “cəvizə naloq alacaqlar” və s.

Ömründə cəmiyyət üçün bir daşı daş üstə qoymayan, hər gün bir fikrə düşüb insanları çaşdıran, şəxsi mənafeyini hər şeydən üstün tutan bu cür insanlar böyük bəladır.

Cəviz Naxçıvanda təkcə quru meyvə kimi deyil, həm də milli mətbəxdə geniş istifadə olunur. Ondan hazırlanan şirniyyatlar, xüsusilə mürəbbələr özünəməxsusluğu ilə seçilir. Bu gün Naxçıvanın cəviz mürəbbəsinə, paxlavasına və şəkərburasına böyük tələbat var. Adla deyilir. Müasir yanaşma ilə desək, brend məhsula çevrilib.

Naxçıvanda hər yanda cəviz əkilir. İldə tonlarla məhsul istehsal olunur. Yaxından uzaqdan gələnlər Naxçıvan bazarına üz tutub torba-torba cəviz alıb aparırlar. Ötən il təkcə biz kənddəki bağımızdan tələbatdan artıq, hardasa 500 kiloqram cəviz yığdıq. Bu işlə məşğul olan qonşularımız elə qapılarının ağzında tonlarla cəviz satdı, halal xoşları olsun. Bu yaz kəndimizdə 100-ə yaxın yeni cəviz tingi əkilib. Ümumilikdə kənddə hər ailənin 4 ya da 5 məhsul verən cəviz ağacı var. Onda sual olunur ki, bu söz-söhbəti çıxarmağa nə ehtiyac var? Bir də ki, içi boş başdan ancaq belə “fərziyələr” çıxar.

Kim istəsə, bu dəqiqə Naxçıvana gəlib cəviz bağların gəzə bilər. Kim istəsə, Naxçıvanda hektarlarla cəviz bağı sala bilər. Kim istəsə, Naxçıvandan bundan sonra da tonlarla cəviz ala bilər. Nə kiminsə belini əlindən alıb cəviz əkmə deyən var, nə də kiminsə torbasına baxıb ondan “naloq” tələb edən.

Bilirsiniz, bu mövzuya baş qoşmamaq da olar. Amma insanları əsası olmayan söhbətlərlə təngə gətirmək, başını qatmaq olmaz. Axı onlar sizin kimi xuduru işlərlə məşğul deyil. Onlar torpağını əkir, məhsulunu satır, ailəsini dolandırır, ölkəsinə, xalqına xeyir verir.

Üzümü “söhbətbazlara”, “şayiəbazlara” tutub deyirəm ki, 20-25 il bundan əvvəl nə qışın qarı-boranı, nə Türkiyədən gələn işbazların “stenka vədi”, nə də qonşumuz “təlaş” Mazanın özü kimi dəyərsiz məsləhəti Həsənalıya cəvizi kəsdirə bilmədi. İndi siz də boş-boş hay-küy qoparıb Həsənalının oğlu Yusifi yoldan çıxara bilməzsiniz. Amma cəviz yetişəndə yolunuzu bir Naxçıvandan salarsınız, buranın insanları qonaqpərvərdir, heç kəslə kin-küdrət saxlamaz, “kəsdiyiniz”, “naloq” tələb etdiyiniz cəviz ağaclarından topladıqları məhsuldan sizə də pay qoyarlar. Bəlkə o zaman cəvizə həsrət qarğalar kimi səsiniz kəsilə…

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: