Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı bəyannamə imzalayıb.
NUHÇIXAN xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.
Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyi bildirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il yubileyini elan edən qubernator H.MakMaster Cənubi karolinalıları bu təbrikə və ən xoş arzulara qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırır.