Çəki vahidi kimi “kiloqram” anlayışının tərifi dəyişə bilər

168

Uzunmüddətli araşdırmalardan sonra çəki vahidi kimi “kiloqram” anlayışının tərifinin dəyişdirilməsi üzrə layihə hazırlanıb. Hazırda istifadə etdiyimiz bu çəki vahidinin tərifi Parisdəki bir bank kassasında saxlanılan “Le Grand K” (“Böyük K”) adlı platin külçə ilə ölçülür.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, alimlər Parisdə keçiriləcək Ağırlıq və Ölçü Konfransında ağırlıq çəki vahidini bu külçə ilə deyil, elektrik şiddəti ilə ölçməyi təklif edən layihəni səsə qoyacaqlar. İngiltərə Milli Fizika Laboratoriyasının mütəxəssisi Pardi Vilyams bu dəyişikliklə bağlı “kiloqram”ın çəki vahidi kimi populyar olduğunu, amma yeni sistemin daha mükəmməl işləyəcəyini deyib. O, dünya metrologiya tarixində inqilabi dəyişikliyə səbəb ola biləcək səsvermə gününü səbirsizliklə gözlədiyini vurğulayıb.

Layihə müəllifləri bildiriblər ki, 1889-cu ildən bəri beynəlxalq çəki vahidi kimi istifadə olunan “Le Grand K”nin bir neçə surəti var. Lakin bu külçə uzun illərdən sonra deformasiyaya uğrayıb və ağırlığı dəyişib. Onlar əlavə ediblər ki, bütün ağırlıqları tənzimləyən bu çəki vahidi müasir texnologiya – qabaqcıl farmakologiya, nanotexnologiya və həssas mühəndislik dövründə daha dəqiq olmalıdır. Bu səbəbdən artıq “Le Grand K”dan vaz keçməyin vaxtı gəlib.

Alimlərin qənaətinə görə, platin külçədəki dəyişiklik bir göz qırpımından da azdır. Lakin bu çox kiçik fərq böyük problemlərə yol aça bilər. İngiltərə Milli Fizika Laboratoriyasının kütlə spektrometriyası bölməsinin rəhbəri Stüart Devidson bildidib ki, yeni elektrik ölçümü daha dəqiq və sabit olacaq. Onun sözlərinə görə, Parisdəki külçə ilə götürülən çəki vahidi elmi cəhətdən qəbul oluna bilməz. “Parisdə saxlanılan platin külçə ilə onun surətləri arasında fərq olduğunu bilirik. İndi məqbul olan “Le Grand K” yüz ildən sonra öz dəyərini tamamilə itirəcək”, -deyə Devidson əlavə edib.

Yeni çəki vahidi elektromaqnit dalğalarının yaratdığı ağırlıq gücü vasitəsilə ölçüləcək. Alman fiziki Maks Plankın kəşf etdiyi ağırlıq və elektrik şiddəti arasında əlaqəni ölçən Plank sabiti adlı mütənasiblik əmsalı yeni çəki vahidinin əsasını təşkil edəcək. Mütəxəssislər elektromaqnit dalğalarından keçən cərəyanın miqdarını 0,000001 dəqiqliklə ölçə bilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: