Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
NUHÇIXAN xəbər verir ki, dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksinin də açılışında iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı, o cümlədən əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilir. Ordu quruculuğu sahəsində görülən işlər onun silah təminatı və döyüş qabiliyyətinin artırılması ilə yanaşı, həm də şəxsi heyət üçün müasir əsgəri-məişət komplekslərinin tikilməsi ilə ölçülür. Bu gün muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Muxtar respublikanın ərazisi etibarlı qorunur, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinin döyüş qabiliyyətini artırmaq üçün tədbirlər görülür, hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər keçirilir, əsgərlərin yaşayış şəraiti yaxşılaşdırılır. Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Ali Məclisin Sədri deyib: Yaradılan şərait xidmətin nümunəvi təşkilində əsas amildir. Əgər əsgər, gizir və zabitlərin xidməti üçün lazımi şərait varsa, onda xidmət də nümunəvi təşkil olunacaqdır. Ona görə də yaradılan şəraitdən xidmətin səviyyəsini yüksəltmək üçün istifadə edilməli, bu ərazilər etibarlı qorunmalıdır. Gərməçataq və Buzqov kəndlərində geniş abadlıq-quruculuq işləri aparılmış, məktəb binaları tikilmiş, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Sərhəd yaşayış məntəqələrində bu işlər ordumuza güvənilərək həyata keçirilmişdir. Yeni əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi ordumuz üçün lazımi şərait yaradılması və xidmətin səviyyəsinin yüksəldilməsi deməkdir.
Ali Məclisin Sədri şəxsi heyəti bir daha bayramlar münasibətilə təbrik edib.
Əsgərlərdən Tural Rufullayev, Əşrəf Cəfərzadə və Cavanşir Məmmədov minnətdarlıq ediblər. Qeyd olunub ki, bu gün muxtar respublikanın bütün döyüş mövqelərində xidmət birlik və həmrəylik əsasında qurulub. Torpaqlarımız etibarlı müdafiə olunur. Yaradılan şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir. Bütün bunlar şəxsi heyəti daha da ruhlandırır. Şəxsi heyət hərbi sirlərə dərindən yiyələnir, qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirirlər.
Əsgərlər “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.
Yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, əsgəri-məişət kompleksində silah otağı, növbətçi otağı, tibb məntəqəsi, ideoloji sinif, zabitlər üçün iş otaqları, mətbəx, yeməkxana və mağaza mövcuddur. Binanın ikinci mərtəbəsində əsgər və zabit yataqxanaları istifadəyə verilib. Kompleksin ərzaq və əşya anbarları da müasir səviyyədə qurulub, soyuducu kameralar və digər zəruri avadanlıqlarla təchiz edilib. Binada hamam-camaşırxana və qazanxana da yerləşir.
Ərazidə geniş abadlıq işləri görülüb, sıra meydanı, idman sahəsi və istirahət guşəsi yaradılıb, texnika saxlancı tikilib.
Kapitan Əziz Qəfərov xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkilində komandir heyətinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, şəxsi heyət arasındakı birliyin daha da möhkəmləndirilməsi və yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.
Hər iki əsgəri-məişət kompleksi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunub, binalar daimi işıq, su və istilik sistemi ilə təchiz edilib.
Gətirilmiş ərzaq məhsulları Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələrin anbarlarına təhvil verilib.
***
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.