Buraxılış imtahanlarında istifadə olunmuş “sual kitabçaları” Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib

292

Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarında istifadə olunmuş “sual kitabçaları” Dövlət İmtahan Mərkəzinın (DİM) saytında yerləşdirilib.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, 9-cu sinif şagirdləri üçün martın 4-də keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B variantları) “sual kitabçaları”, açıq tipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” və qapalı tipli test tapşırıqlar üzrə “etalon cavablar”, iyunun 21-də aparılmış imtahanın ikinci mərhələsində istifadə olunmuş “sual kitabçaları”, “etalon cavablar”, həmçinin həmin gün 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında istifadə olunmuş “sual kitabçaları”, “etalon cavablar” ilə tanış olmaq mümkündür.

Xatırladaq ki, ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında, ikinci mərhələsi isə iyun və iyul aylarında keçirilib. İmtahanın birinci mərhələsinin nəticələri may ayının əvvəllərindən etibarən mərhələli şəkildə elan edilib. İmtahanın ikinci mərhələsinin nəticələri isə iki gün sonra açıqlanıb. Hər bir imtahan iştirakçısı DİM-in saytında özünə aid olan səhifədə imtahan nəticələri, “cavab vərəqi”nin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıq tipli tapşırıqlar üzrə “qiymətləndirmə meyarları” ilə tanış olmaq imkanına malikdir.

Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dili fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunub. İkinci mərhələdə isə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilib.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə iyunun 21-də və 27-də, iyulun 3-də keçirilib. İmtahanlar Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılıb. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: