Bu gün UEFA Millətlər Liqasında II turun son görüşləri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, üçüncü oyun günündə 4 liqada 7 qarşılaşma nəzərdə tutulub.
A Liqasında 2-ci qrupun görüşündə İslandiya Belçikanı qəbul edəcək. İlk turda şimallılar İsveçrə ilə səfər matçında 0:6 hesabı ilə uduzub. Qolların hamısını “Qarabağ”ın qapıçısı Hannes Halldorsson buraxıb. Son dünya çempionatında bürünc medal qazanmış Belçika isə Millətlər Liqasında debüt edəcək.
4-cü qrupda İspaniya Xorvatiyanı qəbul edəcək. Pireneylilər ilk turda İngiltərəni 2:1 hesabı ilə yenib. Xorvatiya isə Millətlər Liqasında ilk görüşünü keçirəcək.
B Liqasında cəmi bir oyun olacaq. 3-cü qrupda Bosniya və Herseqovina yığması Avstriyanı qəbul edəcək. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi komanda ilk turda səfərdə Şimali İrlandiyaya qalib gəlib – 2:1. Avstriya isə ilk dəfə bu gün meydana çıxacaq.
C Liqasında hər iki oyun 2-ci qrupa təsadüf edəcək. Finlandiya Estoniyanı, Macarıstan Yunanıstanı qəbul edəcək. İlk turda Finlandiya evdə Macarıstana, Yunanıstan səfərdə Estoniyaya minimal hesabla qalib gəlib – 1:0.
Nəhayət, D Liqasının 2-ci qrupunda Moldova doğma meydanda Belarusla, San Marino isə Lüksemburqla üz-üzə gələcək. Belarus ilk turda San Marionu 5:0, Lüksemburq isə Moldovanı 4:0 hesabı ilə darmadağın edib.
UEFA Millətlər Liqası, II tur
A Liqası
2-ci qrup
İslandiya – Belçika
4-cü qrup
İspaniya – Xorvatiya
B Liqası
3-cü qrup
Bosniya və Herseqovina – Avstriya
C Liqası
2-ci qrup
Finlandiya – Estoniya
Macarıstan Yunanıstan
D Liqası
2-ci qrup
Moldova – Belarus
San Marino – Lüksemburq
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.