Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında Sloveniya “Olimpiya”sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxacaq.
NUHÇIXAN xəbər verir ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü israilli baş hakim Erez Papir idarə edəcək.
Bir həftə əvvəl Lyublyanada oynanılmış qarşılaşmada “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 79-cu dəqiqədə Donald Gerrye vurub. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisinə istənilən hesablı heç-heçə də kifayət edəcək.
Komandalar meydana itkilərlə çıxacaq. “Qarabağ”dan yarımmüdafiəçi Qara Qarayev, “Olimpiya”dan isə qanalı hücumçu Abass İssa ilk oyunda qırmızı vərəqə aldıqları üçün forma geyinməyəcəklər. Əvəzində qonaq komandanın kapitanı Branko İliç zədəsini sağaldıb və o, 20 futbolçudan ibarət heyətlə Bakıya gəlib.
Bu cütün qalibi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq. “Kukesi” Malta “Valletta”sını səfər qolu sayəsində (0:0, 1:1) üstələyib. Məğlub tərəf isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar Yolunda “Kruzaders” (Şimali İrlandiya) klubuna rəqib olacaq. “Kruzaders” Bolqarıstan “Ludoqorets”inə səfərdə 0:7, evdə 0:2 hesabı ilə uduzub.
Çempionlar Liqası, I təsnifat mərhələsi
Cavab oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya)
Hakimlər: Erez Papir, David Elias Biton, Eliyahu Kasapu, David Fuksman (hamısı İsrail)
Tofiq Bəhramov adına Respublika Stadionu