Noyabrın 25-də Minskdə “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.
NUHÇIXAN xəbər verir ki, “Minsk Arenada” keçiriləcək final yarışında rekord sayda – 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.
Ekspertlər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand səhnənin səs və işıq effektindən razılığını açıqlayıb.
“Minsk Arenada” Azərbaycan təmsilçisindən başqa, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.
Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına qədər noyabrın 25-də saat 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşəcək. Daha sonra həmin səslər müsabiqənin səsləri hesablayan heyətinə təqdim ediləcək. Eyni zamanda 3-5 iştirakçıya səs vermək mümkündür.