“Bu gün kərəntidən yapışmayanlar, sabah tüfəngdən də yapışmayacaq” - Sara Əzimova yazır

Torpaq halallıq, torpaq namus, torpaq mübarizə deməkdir. Elə tarixən dünyada baş verən qanlı-qadalı müharibələr, bu müharibələr hesabına tökülən insan qanları daha çox torpaq uğrunda olmayıbmı?

137

Atalarımızın bununla bağlı çox müdrik kəlamları var. Onlardan birini xatırlamaq yerinə düşər: Torpaqdan pay olmaz. Məhz ona görə bu müqəddəs neməti xalqımız həmişə namus, qeyrət və mübarizə rəmzi kimi qəbul edib, ərənlərimiz torpaqlarımız uğrunda mübarizələrdə şəhidlik zirvəsinə ucalıblar. Bu gün halal torpağımızı qorumaq hər bir gəncin qarşısında duran ən şərəfli vəzifədir. Təbii ki, torpağı qorumaq heç də onu hasarlamaq demək deyil. Torpağı qorumaq həm də onu əkib-becərməkdir. Dədəmiz Qorqud demişkən: “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz”. Unutmaq olmaz ki, torpaq ona baş əyəni xan edər, ağa edər. Torpaq onu öldürəni dirildər. Sən torpağa tər versən, o da sənə borclu qalmaz, qarşılığında  zər verər…

 …İllərdir ki, Naxçıvanda kəndli torpağının əsl sahibinə çevrilib. Ona torpağını əkib becərmək üçün hər cür şərait yaradılıb. Torpaqlar rayonlaşıb, harada nə əkmək lazım olduğu, hansı mütərəqqi metodlardan istifadə etməyin yolları kəndliyə öyrədilir. Torpaq mülkiyyətçilərinin texnikası, gübrəsi, suyu, məhsuldar toxumu, əldə etdiyi məhsulu bazara çıxarmaq imkanları var… Bu sahədə demək olar ki, əkin-biçinlə məşğul olan kəndlinin qarşısında heç bir maneə yoxdur. Çünki müasir kənddə yaşayır. Yaşadığı ünvanda rastlaşdığı hər hansı çətinliyi vaxt itirmədən aradan qaldırmaq imkanı var. Səhiyyə məntəqəsi, kənd və xidmət mərkəzləri, poçt şöbəsi bu ünvanlara şəhər rahatlığı və müasir xidmət anlayışı gətirib. Yəni bir sənəd dalına düşüb gününün çoxunu rayon mərkəzində, şəhərdə keçirmir. Lazım olanda dövlət səyyar xidmət maşınını onun ayağına göndərir. Əlqərəz, kəndli vaxt itkisinə yol vermir. Övladları hər cür şəraiti olan məktəblərdə oxuyur. Kəndlər tamamilə qazlaşdırılıb, telefonlaşdırılıb, daimi elektirik enerjisi və sürətli internetlə də təmin olunub. Bu gün Naxçıvanın istənilən kəndində dünyanın istənilən nöqtəsi ilə rahat əlaqə yaradırsan. İndi şəhərimizlə kəndlərimiz arasında heç bir fərq yoxdur. Rahat və abad yollar rayon mərkəzinə və Naxçıvan şəhərinə qısa müddətdə çatmağa imkan verir. Bir sözlə, dövlətimiz hər bir yaşayış məntəqəsində, bu istər Naxçıvan şəhərində olsun, istərsə də dəniz səviyyəsindən iki-üç min metr yüksəklikdə yerləşən kəndlərdə olsun, əhalinin rahat yaşayışı üçün mümkün tədbirləri həyata keçirib və hazırda keçirməkdədir. Kəndlərdə yaşayan insanlara bircə o qalır ki, onlara paylanmış torpaqlardan səmərəli istifadə etsinlər. Torpağı özlərinin daimi iş yerinə, halal qazanc mənbəyinə çevirsinlər. Yalnız bu halda kənd adamı iqtisadiyyatımızın inkişafına öz töhfəsini vermiş olar. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri çıxışlarının birində bu məsələnin vacibliyinə toxunaraq demişdir ki, “Dövlətimiz məktəb tikintisində şəhərlə kəndə fərq qoymur. Kəndlərdə tikilən bu məktəblər şəhərdə inşa edilən məktəblərdən heç də geri qalmır. Dövlətimiz bunu ona görə edir ki, siz burada rahat yaşayasınız, uşaqlarınız yaxşı oxusun, müəllimlərimiz yaxşı şəraitdə dərs keçsin, torpaqlardan səmərəli istifadə etsin, torpağı boş saxlamasın. Torpağın boş saxlanması bizim ümumi büdcəmizə, ölkəmizə vurulan ziyan deməkdir”.

Gündəlik olaraq “Şərq qapısı” qəzetini oxuyuram. Qəzet səhifələrində tez-tez muxtar respublikada fəaliyyət göstərən istehsal və emal müəssisələri, fərdi və fermer-kəndli təsərrüfatları haqqında maraqlı yazılara rast gəlirəm. Müxbir işlədiyim vaxtlarda belə təsərrüfatlarda özüm də çox olmuşam. Torpaq mülkiyyətçiləri ilə görüşmüşəm. Söhbətlərini dinləmişəm. Xüsusilə, Kəngərli rayonunun Çalxanqala və Babək rayonunun Nehrəm kəndlərində görüşdüyüm zəhmət adamları məndə onlara həsəd, dövlətimizə minnətdarlıq, gələcəyimizə ümid, sevinc və fərəhlə baxmaq hissi yaratmışdı. Ürəyimdə əhsən demişdim belə təsərrüfat sahiblərinə. Çünki onlar təkcə torpaq əkmirlər, həm də maldarlıqla, heyvandarlıqla, arıçılıqla, meyvəçiliklə, quşçuluqla məşğul olurlar. Belə təsərrüfatların rəhbərləri öz yaşayışları ilə bərabər bir neçə qohum-qəbiləsini, yaxın qonşularını da təsərrüfata cəlb ediblər. Onlar torpaqdan güc ala-ala bu qiymətli sərvətdən öz güzəranları və bazarımızın bol yerli məhsulla təminatı üçün istifadə edirlər (Növbəti yazılarım həmin təsərrüfat sahiblərinə həsr olunacaq). Bir sözlə, torpaq insanlara yaxşı yaşayış tərzi, yüksək məişət şəraiti, sağlam həyat, yaxşı mənada nə lazımdırsa, onu verir. Çünki torpaq halallıq sevir. Bəs, görəsən bu gün bəzi gənclərimiz bu qiymətli sərvətin nələrə qadir olduğunu bilirlərmi?

 Yuxarıda da qeyd etdiyimiz kimi kənd adamı ona verilən torpaqdan istəyirsə əkinçilik, istəyirsə meyvəçilik və üzümçülük, istəyirsə də heyvandarlıq üçün istifadə edir, məhsul bolluğu yaradır, daxili bazarın tələbatına töhfəsini verir, ailə büdcəsini artırır. Bu işdə ona öz ailəsi yaxından kömək edir. Artıq bu gün kəndli fermer və ailə təsərrüfatlarının sayı artır. Bu isə o deməkdir ki, torpaqlarımızdan bir neçə ailə birlikdə istifadə etmək qərarına gəliblər. Muxtar respublikamızda belə təsərrüfatlar çoxdur. Açıq etiraf edək ki, vaxtilə kənddə yaşamaq istəməyib, gözəl təbiəti, saf havası olan doğma el-obalardan uzaq düşüb şəhərə üz tutan və indi kəndə qayıdıb torpaqdan yapışan gənclərimiz də az deyil. Onlar sahibkar kimi bir profil üzrə yox, bir neçə kənd təsərrüfatı sahəsi üzrə çalışırlar. Əbəs yerə deməyiblər ki, kənddə yaşayan adam bütün kənd işlərini bacarmalıdır. Bir qədər araşdırma aparsaq, görərik ki, muxtar respublikanın kəndlərində belələri saysız-hesabsızdır. İllər öncə mağazalarda növbəsinə dayandığımız kərə yağına belə istehsal edən torpaq mülkiyətçilərimiz, sahibkarlarımız var.Heyvandarlıqla məşğul olan belələri onlara verilmiş pay torpaqlarından məhz heyvandarlığın inkişafı üçün istifadə edir. Son illərdə torpaq mülkiyyətçilərinin meyvəçiliyə, üzümçülüyə də marağı xeyli artıb.

Gəlin görək doğma kəndlərində qalıb əkin-biçinlə, təsərrüfatla məşğul olanlar, azmı gəlir əldə edirlər? Əksinə onların qazancı bol, ruzisi halaldır. İstehsal etdiyi məhsulun  – balın, pendirin, südün, ətin, yumurtanın, kərənin, yağın, almanın, cəvizin, heyvanın, üzümün, söz vaxtına çəkər göycənin ilin bütün dövründə müştərisi var. Özü də qapısının ağzında. İstəsə bir qəpik rüsum vermədən Naxçıvan şəhərindəki mərkəzi bazarda da sata bilər. Bu yerdə bir məsələni vurğulayım ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası bu işə öz töhfəsini verir. Bu tədbir bazarlarımıza “alan da razı, satan da razı, qazanan hamımız” mədəniyyəti gətirib. Deməli, sadəcə qalır zəhmətə qatlaşmaq.

Bu gün yaşadığımız cəmiyyətdə torpağı yaxşı əkib becərən, maldarlıqla məşğul olan gənc torpaq mülkiyyətçiləri nə qədər çox olsa da, onlara yenə ehtiyacımız var. Elə torpaq mülkiyyətçiləri var ki, onlar işləri ilə ad qazanır, bir alimin, məmurun, müəllimin, həkimin Vətəninə verə bildiyini, hələ bəlkə də ondan da artıq xeyri verir ölkəsinə. Bu yaxınlarda Naxçıvan Dövlət Televiziyasında Ordubad rayonunun Bist kənd tam orta məktəbində işləyən Aybəniz Vəliyevanın dediklərini olduğu kimi oxucularımıza çatdırıram: “Gənclərimizi mən kəndlərə çağırıram. Ana torpaqlarına çağırıram. Böyüdükləri torpaqlara çağırıram. Kənddə yaşamaq o demək deyil ki, sən mədəniyyətdən uzaqsan, kənddə yaşamaq o demək deyil ki, sən geridə qalmısan. Xeyr, şükür dövlətimiz kəndlərimizə qaz çəkib, işıqlarımız davamlı olaraq yanır… Kəndin şəhərdən heç bir fərqi yoxdur. Mən kənddə yaşayan bir müəlliməm. Ailəmiz ziyalı ailəsidir. Uşaqlarımın ikisi müəllim işləyir, biri tibb təhsili alır. Yoldaşım da müəllimdir. Amma biz bütün boş vaxtlarımızda təsərrüfatla məşğul oluruq”.

Fikrimcə, gənclərimizi torpaqlardan səmərəli istifadə etməyə təşviq etməliyik. Bu işdə məktəblərimizin də üzərinə böyük vəzifələr düşür. Tədris müəssisələrində gənclərimizin asudə vaxtlarında kənd təsərrüfatı işlərinə güclü maraq yaratmalıyıq. Bu gün gənclərimizi mobil telefon oynadan əllərlə yox, zəhmətlə yoğrulmuş əllərlə görmək istəyirik. Sosial şəbəkələrdə boş və mənasız zaman keçirən gənclərimizə torpağı sevdirməyi, onlara əkib-becərmək kimi mühüm keyfiyyətlər aşılamalıyıq. Hər bir müəllim ixtisasından asılı olmayaraq şagirdlərinə vətənə məhəbbət, torpağa sevgi və onu qorumağın yolunun həm də əkib-becərməkdən keçdiyini aşılamağa borcludur. Vətəni qorumaq və vətənpərvər olmaq təkcə silah götürmək demək deyil ki… Elə yazımın əvvəlində gətidiriyim müdrik kəlamdakı kimi torpağı qorumaqla yanaşı, həm də onu becərməlisən axı. Böyük şairimiz Məmməd Araz əbəs yerə deməyib: “Bu gün kərəntidən yapışmayanlar, sabah tüfəngdən də yapışmayacaq”.

Torpaq deyəndə həmişə gözlərimin önündə fədakar bir qadın obrazı canlanır: Bahar Talıbova. Dözümlə fədakarlığın ahəngindən yoğrulmuş zirvələri fəth edən, topaqla ucalan Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbova müsahibələrinin birində ötən əsrin 90-cı illərinin dağıdıcılıq prosesində torpaqdan aralı düşən gənclərə tövsiyə edirdi ki, torpaq min illər boyu olduğu kimi yenə də hamımızın ruzi mənbəyi olmalıdır.Gənclərimiz başa düşməlidir ki, torpağı əkmiriksə, onda onu qorumağın da faydası yoxdur. Və əlavə edirdi ki, məni torpaq böyütdü. Torpaq şöhrətləndirdi. Mən torpağa əyilmişəm, torpaq da mənə güc-qüvvət verib. Torpağın üzü qaradır, lakin o, üz ağardır.

Torpaq zəhmət, özünə sevgi tələb edir. Əziz gənclərimiz, torpaq Vətəndir. Ona can gətirin, əkin, biçin, qoy sizdən razı qalsın. Unutmayın ki, ZƏHMƏT BATAQLIQDA DA GÜL BİTİRƏR!!!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: