Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq.
NUHÇIXAN-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq. Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).
Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.