Brusellyoz xəstəliyindən necə qorunaq?

221

Elə amillər var ki, heyvandarlığın inkişaf etməsinə, məhsuldarlığının artmasına, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına mənfi təsir edir. Bu amillərdən biri də brusellyoz xəstəliyidir. Brusellyoz vəhşi heyvanların bir çox növlərinin, kənd təsərrüfatı heyvanlarının, eləcə də insanların xroniki infeksion xəstəliyidir. Xəstəliyin törədicisi brucella adlanan bakteriyadır. Xəstəlik törədicisinin əsas mənbəyi  bruselladaşıyıcı heyvanlardır.

Xəstəlik törədicisi xarici mühit amillərinə qarşı davamlıdır. Brusellalar kimyəvi maddələrin təsirinə qarşı həssasdır.

Xəstəlik əsasən xəstə heyvanla sağlam heyvan bir yerdə saxlanıldıqda və otarıldıqda yayılır. Brusellyoz xəstə heyvandan  sağlam heyvana birbaşa təmas yoluyla, həmçinin xəstəliyə yoluxmuş heyvanların ifrazatları və ya bədən mayeləri ( qan, dölətrafı maye və s.) ilə çirklənmiş qida və suyun qəbulu  nəticəsində keçir. İnsanlar brusellyoz xəstəliyinə xəstə heyvanlardan və ya onların zərərsizləşdirilməmiş məhsullarından istifadə etdikdə yoluxur. Qaynadılmamış və ya pasterizə edilməmiş süd və süd məhsullarından ( pendir, xama, yağ, qaymaq və s.) istifadə etdikdə, xəstə heyvanla təmas yolu ilə ( heyvanın kəsilməsi, emalı, yunun qırxılması, bala alma zamanı yardım göstərilməsi, heyvanlara qulluq edilməsi) aerogen yolla-toz şəklində havaya qalxan yun hissələrində, torpaqda törədicinin olması nəticəsində yoluxur. Aerogen yoluxmaya nadir hallarda təsadüf edilir və yun qırxımı, tükün daranması və onların sonradan emalı zamanı ( çeşidləmə, toxuma və s. ), habelə heyvanların saxlandığı, yaxud onlardan alınmış xammalın emal edildiyi yerlərin təmizlənməsi zamanı mümkündür.

Heyvanlarda brusellyozun əlaməti balasalma (əsasən boğazlığın son ayları) və ya zəif balanın doğulması, süd məhsuldarlığının azalması, hərarətin yüksəlməsi, qısırlıq, çəkinin azalması, sonun ləngiməsi və balalıq infeksiyasının baş verməsi, nadir hallarda oynaqların iltihabıdır. Sadalanan bu kliniki əlamətlərdən başqa,  heyvanların brusellyoz xəstəliyinə yoluxmasını müəyyən etmək üçün müəyyən diaqnostik sınaqlardan da istifadə edilir. Bu sınaqların keçirilməsi üçün heyvanlardan qan və süd nümunələri götürülməlidir.

Brusellyoza xəstə insandan yoluxma nadir hallarda müşahidə olunur. Brusellyoz müəyyən dövrlərdə artmaqla bütün ilboyu müşahidə edilir. İnsanlarda xəstəliyin əsas əlaməti temperaturun yüksəlməsi, tərləmə, başağrısı, iştahanın azalması, limfa düyünlərinin, xüsusən də boyun və qoltuqaltı düyünlərin paxla böyüklükdə olması (bu zaman limfa düyünlərində ağrı müşahidə olunmur) halsızlıq kimi əlamətlər özünü göstərir.

Bu xəstəliyin qarşısını almaq üçün, ilk növbədə, ev heyvanları, xüsusilə qoyun, keçi, iribuynuzlu mal-qara arasında infeksiya mənbəyinin məhv edilməsinə yönəldilən tədbirlər görülməlidir. Yoluxma aşkar edilən təsərrüfat 30 gün ərzində nəzarətdə saxlanmalıdır. Heyvanlar arasında xəstəliyin ləğv edilməsi yoluxmuş təsərrüfatlarda heyvandarlıqla məşğul olan insanlar arasında brusellyoz xəstəliyinin yayılmasının qarşısını alır. Brusellyozla mübarizədə qida ilə yoluxmaların profilaktikası böyük əhəmiyyət kəsb edir.

Heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı ən yaxşı mübarizə mütəmadi olaraq peyvəndləmə işlərini aparmaqdır. Nəticənin uğurlu olması üçün 3-6 aylıq xırdabuynuzlu, 3-8 aylıq  iribuynuzlu heyvanlar peyvənd olunmalıdır. Peyvəndləmədə  Rev-1 və S-19 vaksinlərindən  də istifadə edilir.

Lalə Məmmədli

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı  Nazirliyinin əməkdaşı

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: