Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Ceyms Holder “Avropa günləri” çərçivəsində Naxçıvana etdiyi səfərdən xoş təəssüratla ayrılıb. NUHÇIXAN xəbər verir ki, britaniyalı qonaq bunu jurnalistlərlə etdiyi söhbətdə vurğulayıb: “İlk dəfədir Naxçıvanda oluram. Havası təmiz, yeməkləri dadlı və ləzzətli, insanları qonaqpərvər, küçələri səliqə və sahmanlı olan bu gözəl şəhər məni özünə heyran etdi. Artıq bir neçə ildir Bakı şəhərində yaşamağıma baxmayaraq, orada yediyim bir çox yeməyin, meyvələrin, içdiyim “Sirab”, “Badamlı” kimi təmiz suların vətəni olan Naxçıvana gəlməkdən, bu gözəl şəhərlə tanışlıqdan məmnunluq hissi keçirirəm. Buradakı tarixi abidələr, yeni inşa olunmuş binalar Avropa standartları səviyyəsində qurulub. Tam əminliklə deyə bilərəm ki, bu, Şərq və Qərb üslubunu özündə birləşdirən Naxçıvana gələn digər xarici qonaqların da diqqətini cəlb edir. “Avropa günləri” çərçivəsində keçirilən möhtəşəm tədbir isə Naxçıvan və naxçıvanlıları daha yaxından tanımaq, gələcəkdə muxtar respublika ilə əlaqələrimizi genişləndirmək, ikitərəfli münasibətləri daha da gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə beynəlxalq əhəmiyyətli tədbirin şəhərinizdə keçirilməsi bir də onu göstərir ki, Naxçıvanda, həqiqətən də, tolerant mühit formalaşıb və qədim diyarınızda multikultural dəyərlər yaşadılır və inkişaf etdirilir”.