Böyük amallar uğrunda vuruşan kəslər..

260

Bu il Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, həm də Azərbaycan Ordusunun yaranmasının 100 illiyi tamam olur. Ölkə başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunması, eləcə də 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsi 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika  olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçiliyində özünəməxsus dəyərlər miras qoydu ki, bunlardan biri də hərb tariximizlə bağlıdır. Cümhuriyyət dövrünün ordusu həmin dövrdə bir çox yeniliklərə imza atıb, hərb ənənələri formalaşdırıb. Müxtəlif vaxtlarda 3 hərbi nazirin başçılıq etdiyi Azərbaycan Ordusu rus-yapon müharibəsində qəhrəmanlıq və rəşadəti ilə ad çıxaran, Müqəddəs Georgi və Stanislav ordenləri ilə təltif edilən, tam artilleriya generalı Səməd bəy Mehmandarovun rəhbərliyi dövründə böyük təşkilatlanma yolu keçib.

1917-ci ilin Rusiyadakı fevral burjua inqilabı ilə çar II Nikolayın taxtının devrilməsi Cənubi Qafqazda xalqların azadlıq arzularını alovlandırdı. Məhz belə bir tarixi şəraitdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri  isə Xosrov bəy Sultanbəyov olub. Bu, o zaman idi ki, Bakı bolşevik-daşnak qüvvələrinin əlində idi və milli hökumət fəaliyyətini Tiflisdə davam etdirirdi. Daha sonra hökumətin Gəncəyə köçürülməsi ilə hərbi nazirlik Fətəli xan Xoyskiyə həvalə olundu. 1918-ci il  sentyabr ayında Bakı işğalçılardan azad olunmuşdu və oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Mürəkkəb ictimai-siyasi vəziyyətin hökm sürdüyü vaxtda tam artilleriya generalı olan Səməd bəy Mehmandarov Rusiyada idi. Port-Artur limanı uğrunda gedən döyüşlərdə qəhrəmanlığı rus generallarını belə heyran qoyan, müharibənin gedişində çox böyük taktiki həmlələrə imza atan general Birinci Dünya Müharibəsində də əsl hərbiçi səriştəsini və cəsarətini ortaya qoydu. Onun Azərbaycana gəlişi isə 1918-ci ilin sentyabr ayına təsadüf etdi. Maraqlı məqam bundan ibarət idi ki, uzun müddət çar ordusunda xidmət etmiş generala milli hökumət ehtiyatla yanaşdı. İlk vaxtlar F.X.Xoyskinin müavini təyin edilən Mehmandarova Nazirliyin formalaşdırılması işi tapşırıldı. Bu həm də onun üçün sınaq dövrü hesab edilə bilərdi. Çox qısa müddətdə orduya peşəkar rəhbərlik Səməd bəyin əlində cəmləşdi. Nazirlər Şurasının 29 dekabr 1918-ci il tarixli qərarı ilə general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Artıq müstəqil ordunun təkmilləşdirlməsi üçün vacib addımlar lazım idi. Çox qısa zaman kəsiyində ordunun say tərkibi 30-35 min nəfəri ötdü, Novruz bayramı münasibətilə Gəncədə hərbi parad təşkil olundu. Azərbaycan dili orduda dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərini Azərbaycan dilində öyrənmək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilirdi. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda xüsusi kurslar yaradıldı və həmin kursların aparılması üçün təcrübəli mütəxəssislər cəlb olundu. Hərbi qulluqçuların geyim formasında milli üsluba uyğun dəyişikliklər edildi. Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış Milli Hərbiyyə məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. 1919-cu ilin sonunda isə həmin məktəbin bazasında hərbiyyə məktəbi açıldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan istehkamçılar, hərbi dəmiryolçular, feldşer məktəbləri də fəaliyyətə başladı.

Həmin vaxt bolşeviklərlə əlbir  olan ermənilər Zəngəzurda və Qarabağda planlı olaraq qiyam qaldırdılar. Məqsəd yenicə formalaşan Azərbaycan Ordusunu həmin zonaya cəlb etmək və beləliklə, Bakının işğalını daha da asanlaşdırmaq idi. Məkrli plan baş tutdu. Cümhuriyyət ordusunun başı qiyamın yatırılmasına qarışdığı bir vaxtda müstəqil dövlət ruslar tərəfindən işğal olundu, 23 aylıq ömür sürən hökumətin özəyinə bolşevik baltası vuruldu. Sonrakı illər ərzində Cümhuriyyət mühacirləri, eləcə də  bu hökumətlə yaxından-uzaqdan əlaqəsi olan kim varsa, təqiblərə, repressiyalara məruz qaldı.

Müstəqil dövlət anlayışı bir də ötən əsrin sonlarında meydana çıxdı. 1990-93-cü illərdə xalqımızın böyük oğlu, görkəmli siyasətçi Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işləyən zaman gələcək müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirdi. Qarşıda duran prioritet məsələlərdən biri də məhz ordu quruculuğu ilə bağlı idi.

Müstəqillik illərində də ölkəmizdə, eləcə də muxtar respublikamızda ordu quruculuğuna xüsusi diqqət göstərilir. Azərbaycanın hərbi büdcəsinə ayrılan xərclər hər il artırılır. Hərbi hissələrin silah arsenalı gücləndirilir, maddi-texniki təminat yaxşılaşdırılır. Mayın 16-da Naxçıvana  Prezident kimi 14-cü səfərini edən Ali Baş Komandan İlham Əliyev qədim diyarda bir neçə hərbi təyinatlı obyektin açılışında da iştirak etdi. Düşmənə Naxçıvandan xəbərdarlıq edən  dövlət başçısı bildirdi: “ Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”.

Bu fikirlər Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın inkişaf perspektivlərini göstərir. Bu gün ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistanı ciddi şəkildə narahat edir. Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu isə Ermənistanın kabusuna çevrilib. Çünki Naxçıvanın yerləşdiyi ərazi mühüm strateji əhəmiyyətə və mövqeyə malikdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Ermənistanın başı üzərindən asılmış “Domokl qılıncı”dır və bu qılıncın işə düşməsi Ermənistanı sözün əsl mənasında başsız qoya bilər.

Cəmi  23 ay ömür sürən şərqin ilk demokratik respublikası ordu quruculuğunun vacib ənənələrini bizə miras qoydu. Müstəqillik illərində isə bu ənənə yeni tarixi şəraitdə inkişaf etdirilir, ordunun bazası gücləndirilir. Düşmənin qorxulu röyasına çevrilən və Cənubi Qafqazın ən güclüsü olan Azərbaycan Ordusunun  bu günü ilə hər birimiz fəxr edirik.

                                                       Muxtar RZAZADƏ

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: