Böyük alim, sadə insan-Həsən Abdullayev

283

Bir yaycılı, bir həmkəndli kimi gözümü açıb ətrafımı tanıdığım andan adını eşitdiyim və adını eşitdikcə qürurlandığım məşhur alim Həsən Abdullayev artıq 100 yaşındadır. 1918-ci ilin 20 avqustunda Naxçıvan qəzasının Yaycı kəndində (indiki Culfa rayonu) anadan olan Həsən Məmmədbağır oğlu Abdullayev ömrünü elmə, elmi yaradıcılığa, elmi təşkilatçılığa həsr etmiş, “fizika elminin atası” kimi yüksək mənəvi titula sahib olub.

2017-ci ilin 14 iyulunda alimin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı sərəncam minnətdarlıq hissi ilə qarşılandı.

Mən bu yazıda yüz yaşlı yubilyarımızın elmi yaradıcılıq yolundan ətraflı bəhs etmək, onun saysız-hesabsız uğurlarını birər-birər açıb göstərmək fikrində deyiləm. Çünki Həsən Abdullayevin zəngin elmi irsi bir məqaləyə, heç bir kitaba da sığışa bilməz. Əsas məqsədim onu necə tanımışamsa, necə eşitmişəmsə elə də dəyərləndirməkdir. Onun haqqında azacıq belə qələm işlətməyi özümə sadəcə ziyalı borcu sanıram. Ötən əsrin 50-ci illəri başa çatmaq üzrə idi. Həsən Abdullayevin vaxtilə təhsil aldığı Yaycı kənd orta məktəbinin 7-ci sinfində oxuyurdum. Səs yayıldı ki, Həsən müəllim və Xalq şairi Mirvarid Dilbazi məktəbimizə gəliblər. Çox çəkmədi ki, bütün siniflərin şagirdlərini məktəbin uzun dəhlizinə topladılar. Oturanlar da oldu, ayaq üstə qalanlar da… Əsas diqqət rəyasət heyətində əyləşən və adı dilimizin əzbərinə çevrilən Həsən Abdullayevə və dərsliklərdən yaxşı tanıdığımız şairə xanıma yönəlmişdi. Alim Həsən Abdullayevin cəlbedici siması, mənalı baxışları təsirli və yaddaqalan idi. Əvvəlcə Mirvarid Dilbazi çıxış edib şeirlərini oxudu. Sonra Həsən Abdullayev ayağa qalxdı. Təhsildən, elmdən söhbət açdı. Bizim üçün yeni olan o qədər məsələlərə toxundu ki… Onun son sözləri indi də qulağımda səslənir: – Oxuyun, elmlərə dərindən yiyələnin. Yaşadığımız həyatın açarı, çətinliklərdən yaxa qurtarmağın, hər şeyə qalib gəlməyin yeganə yolu elmdir, bilikdir. Və onları dərindən öyrənməkdir. Onun söylədiyi inandırıcı fikirlər təsirsiz qalmadı. Biz məktəblilərdə sanki bir oyanış hiss olundu, çalışqanlığımız birə iki qat artdı. Və dərs ilinin yekununda bu öz faydasını göstərdi. Ali məktəblərə qəbulda da Yaycı məktəbi uzun illər fərqləndi.

Həsən Abdullayev Yaycı kəndindəki yeddiillik məktəbi bitirib. 1937-ci ildə Həsən Abdullayev Bakıya gedib Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olunur. 1944-cü ildə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının fizika-riyaziyyat bölməsinə işə daxil olur.  1948-ci ildə fizika-riyaziyyat elmləri namizədi adını qazanır. Keçmiş SSRİ –nin bir sıra nüfuzlu elm ocaqlarında təhsil alıb, elmi işlə məşğul olur. Elmlər doktoru kimi vətənə qayıdır.

Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun direktoru təyin olunur. Onun fundamental tədqiqatlarının sayəsində respublikamızda yeni sənaye sahələri, elmi-təcrübi mərkəzlər, o cümlədən Fotoelektronika İnstitutu, Radiasiya Tədqiqatları bölməsi, Kosmik Tədqiqatlar İnstitutu təşkil olunur.

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1971-ci ildə isə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib. O həmçinin 15 il SSRİ Ali Sovetinin deputatı olub. 1970-ci ildə Azərbaycan EA-nın prezidenti vəzifəsinə irəli çəkilir. Akademik Fərəməz Maqsudov bu haqda belə deyirdi: – 1970-ci ildə akademiyaya kimin rəhbərlik etməsi sual altında idi. Azərbaycan rəhbəri cənab Heydər Əliyev… akademik Həsən Abdullayevin elmi tədqiqat işləri və təşkilatçılıq fəaliyyəti ilə yaxından tanış idi və məhz  onun Akademiyaya rəhbərlik etməsini məsləhət bilmişdi.

Həsən Abdullayevin Akademiyanın prezidenti olduğu dövrlərdə (1970-1983) Naxçıvanda, Gəncədə, Şəkidə elmi mərkəzlər yaradılıb, yeni elmi-tədqiqat İnstitutları fəaliyyətə başlayıb.

2000-ci ildə “Gənclik” nəşriyyatında çap etdirdiyim “Yaycı yetirmələri” kitabımın baş qəhrəmanı Həsən Abdullayev idi. Bu məqsədlə onun ömür-gün yoldaşı Zərifə xanımla görüşdüm. Ətraflı söhbətləşdik. Həsən müəllim haqqında bitib-tükənməyən xatirələrindən danışdı. – Həsən müəllim musiqiyə fizikanı sevdiyi qədər bağlanmışdı. – Bu sözləri Zərifə xanım söylədi, – belə ki, hər səhər işə və dərsə getməzdən əvvəl uşaqlarla musiqi ifa edərdilər. Özü tar çalardı.  Bəzən də qaval götürüb “Şah İsmayıl”dan, yaxud “Sevil”dən ariyalar oxuyardı. Sonra xoş əhval –ruhiyyə ilə özü işə, iki qızımız və bir oğlumuz da məktəbə yollanardılar. Hərdən işdən gec gələndə də royalın arxasına keçib muğam ifa etməyə başlayardı.

Zərifə xanım danışırdı ki, Həsən müəllim Akademiyaya rəhbərlik etdiyi dövrdə tez-tez elmi konfranslara dəvət alırdı. İmkan olanda məni də şəxsi həkimi kimi özü ilə aparırdı. 1973-cü ildə İrana getmişdik. Həsən müəllim Tehran və Məşhəd universitetlərində o zamanın tələbinə uyğun olaraq rus dilində mühazirə oxudu. Bizim üçün ayrılmış tərcüməçi onları fars dilinə çevirib auditoriyaya çatdırırdı. Sonra biz Təbriz şəhərinə yollandıq. Təbriz universitetində də mühazirə oxumalı idi. Həsən geniş salona diqqətlə nəzər yetirib mühazirəsinə Azərbaycan dilində başladı. Tərcüməçinin bir neçə dəfə, “keç rus dilinə” deməsinə baxmayaraq, o, sonadək doğma dilində davam edib mühazirəsini başa çatdırdı. Öz doğma dillərində ilk dəfə mühazirə dinləyən təbrizli tələbələr bunu çox böyük sevinclə qarşıladılar. Salon uzun sürən alqışlar, gurultu bürüdü. Sonsuz coşqu içində olan tələbələr Həsən müəllimi ali təhsil ocağının çıxış darvazasınadək alqışlarla  yola saldılar. Həsən Abdullayev daxilən milli, xalqını, onun təmiz, saf dilini uca tutan şəxsiyyət idi. 1978-ci ildə yeni qəbul olunmuş SSRİ Konstitusiyasında ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində Azərbaycan dilinin dövlət dili statusu qazanması Həsən Abdullayev kimi vətənpərvər vəzifə sahiblərini milli dildə danışmağa və onu təbliğ etməyə rəvac verdi. O,  həmin vaxtdan etibarən Akademiyanın Rəyasət Heyətinin yığıncaqlarını Azərbaycan dilində aparır, başqalarını da bu dildə danışmağa sövq edirdi.

Həsən müəllim təbiətin gözəlliklərini dərindən duyur və sevirdi. Xüsusilə o, dənizin vurğunu idi. Vaxt tapdıqca Xəzərin qumlu sahillərinə gedər, hətta soyuq havalarda belə dənizdə çimməkdən zövq alardı. Şöhrəti dünyanın geniş coğrafiyasına yayılan dahi fizik həm də çox sadə qəlbə, təmiz ürəyə sahib idi. Söhbət zamanı Zərifə xanım Həsən müəllimin Bakıda yaşayan həmyerlilərindən Xanımqız adlı qadının adını çox etiramla çəkdi. Bizim də yaxından tanıdığımız  sevə-sevə ürəkdən “Xanımqız xala” deyə müraciət etdiyimiz həmkəndlimiz olan  qadının paytaxtdakı evi bütün yerlilərinin üzünə həmişə açıq olardı. Erkən vəfat edən həyat yoldaşı Ramazan Quliyev də çox qonaqpərvər insan olmuşdur. Xanımqız xala bir vaxtlar Bakıda oxuyan tələbə Həsən Abdullayevə də əl tutub, xeyirxahlıq edib, mənəvi dayaq olmuşdu.  O da öz həmkəndlisinin ona etdiyi yaxşılığı şöhrət zirvələrinə yetişəndə də qətiyyən unutmayıb, vaxt tapdıqca onun görüşünə gedib, yaşayışları, bu və digər problemləri ilə maraqlanıb, köməyini əsirgəməyib.

Həsən Abdullayev həm işdə, həm evdə çox tələbkar insan idi. Hər işi tez və dəqiq yerinə yetirməyi sevərdi. Az yatardı. Yuxunu ömürdən gedən vaxt hesab edirdi. O, hər sahədə istedadlı idi. Deyirlər ki, Həsən müəllim musiqi ilə məşğul olsaydı, yenə də zirvədə dayanardı. O, eyni zamanda dəyərli, istedadlı ədəbiyyat, incəsənət xadimləri ilə şəxsi və ailəvi dostluq münasibətləri saxlayar, onlarla fəxr edərdi. Klassiklərdən Nizami Gəncəvinin vurğunuydu. Onun hikmətli kəlamlarını əzbər bilir və tez-tez dilə gətirərdi.

1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş qanlı olaylar şux qamətli, iti yerişli, sağlam bədənli vətənpərvər alimi ciddi surətdə sarsıtdı.  Sağlamlığını getdikcə itirən Həsən müəllim ömrünün 75-ci ilində -20 avqust 1993-cü ildə xəstəxanada yataqda idi. Onu təbrikə gələn akademikləri, sənətkar dostlarını belə tanımaq imkanında deyildi. Bundan az sonra-sentyabrın 1-də alimin ürəyi əbədilik dayandı. O, birinci Fəxri Xiyabanda dəfn olundu. Xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirildi. Onun mənalı ömrü Azərbaycanda elmin inkişafına, xüsusilə fizika elminin yüksəlişinə çox böyük stimul verdi. O, 20-ci əsrdə Azərbaycanın yetişdirdiyi görkəmli elm xadimi idi.

  Bu günlər Naxçıvan torpağının bu şöhrətli yetirməsinin 100 illik yubileyi muxtar respublikamızda da geniş şəkildə qeyd edilir, onun həyatı və qiymətli elmi irsi dərindən öyrənilir.

Fərəc FƏRƏCOV

Naxçıvan MR-in Əməkdar jurnalisti

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: