Bolqarıstanın Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi nümayiş olunub
Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Milli Arxeologiya İnstitutu (Muzey ilə birgə), Petriç Bələdiyyəsi və Petriç şəhər Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Bolqarıstanın Yunanıstan və Makedoniya ilə həmsərhəd Petriç şəhərində “Azərbaycanın arxeoloji irsi” adlı foto-sərgi təşkil olunub.
Səfirlikdən NUHÇIXAN-a verilən məlumata görə, sərginin açılışında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Milli Arxeologiya İnstitutunun (Muzey ilə birgə) direktoru Ludmil Vaqalinski, Petriç şəhərinin meri Dimitır Brıçkov və onun müavinləri, şəhər İcma Şurasının sədri Qeorqi Trençev, Sandanski şəhərinin meri Kiril Kotev, Blaqoevqard vilayətinin qubernatorunun müavini Antoaneta Yançeva, Bolqarıstan Mədəniyyət Nazirliyinin “Mədəni irsin qorunmasına nəzarət” Baş Direktorluğunun direktoru Aleksandr Traykov, tarixçilər, mədəniyyət xadimləri, eləcə də yerli şəhər sakinləri iştirak ediblər.
Açılışda çıxış edən N.Qurbanova sərginin Azərbaycanda aparılan arxeoloji qazıntılar və bu sahədə son inkişafa nəzər salmağa imkan yaratdığını qeyd edib: “Azərbaycan qədim insan məskənlərindən biridir və Dağlıq Qarabağda Azıx və Tağlar, Qazaxda Damcılı və Daşsalahlı, Naxçıvanda Qazma mağaralarında aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar bunu sübut edir”.
Sonda sərginin həmçinin bolqar mütəxəssislərini Azərbaycanla elmi əməkdaşlığa sövq edəcəyinə inandığını bildirilib və paytaxtlarımız arasında açılan birbaşa hava əlaqəsinin bu əməkdaşlığına töhfə verəcəyindən söz açılıb.
Şəhərin meri D.Brıçkov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək səfir N.Qurbanovanın Petriç şəhərinə səfərinin, habelə Tarix muzeyində təşkil olunmuş sərginin Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Petriç Tarix Muzeyinin direktoru S.İvanov rəhbəri olduğu Tarix Muzeyinin belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib və sərgini Azərbaycan tarixini yaxından öyrənmək baxımından imkan olaraq qiymətləndirib.
Açılış çərçivəsində səfir N.Qurbanova həmçinin Petriç şəhərinin yerli “БАЦ” televiziyasına müsahibə verib. O, ölkəmizin qədim tarixi, aparılan arxeoloji qazıntılar, aşkar olunmuş zəngin maddi-mədəniyyət nümunələri, bu sahədə əldə edilən nailiyyətlər barədə məlumat verib. Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. Bolqarıstan Milli Radiosu, Focus Xəbər Agentliyi, eləcə də bir sıra xəbər portalları tədbirlə bağlı məqalələr yerləşdiriblər.
Sərgi 1 ay davam edəcək.