Bolqarıstan televiziyası Dağlıq Qarabağla bağlı film çəkir

109

Bolqarıstanın BTV televiziyasının əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədilə Tərtər rayonuna səfər edib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan xarici jurnalistlərə erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Həmçinin dinc sakinlər arasında xəsarət alma və ölüm hallarına səbəb olur. Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.

Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir. Bu isə kənd təsərrüfatı işlərində çətinliklər yaradır. Düşmən qış fəslində isə suyu açmaqla, əkin sahələrini və yaşayış məntəqələrini su altında qoyur. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır.

Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaqlar ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.

Sonra media nümayəndələri rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx kəndlərində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və dövlətimizin başçısının Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıb, çəkilişlər ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: