BMT-nin baş katibi iqlim dəyişiklikləri ilə bağlı həyəcan təbili çalıb

177

BMT-nin baş katibi Antonio Quterreş sentyabrın 12-də San-Fransiskoda keçiriləcək iqlim konfransı ərəfəsində həyəcan təbili çalıb.

NUHÇIXAN BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, baş katib ABŞ-ın qərbində güclü yanğınları, Qrenlandiyada buz dağlarının əriməsini, fırtınaların sayının artmasını və quraqlığı iqlim dəyişikliklərinin nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, artıq dünyada bioloji ehtiyatlar uğrunda yerli münaqişələr başlanıb.
A.Quterreş deyib: “İqlim dəyişikliyi zamanın ən vacib məsələsidir, onun yaratdığı problemlərin həlli isə bəşəriyyət tarixində dönüş nöqtəsidir”. Baş katib vurğulayıb ki, söhbət bəşəriyyətin varlığına olan təhlükədən gedir. İqlim şəraitinin pisləşməsi nəticəsində kəskin ərzaq qıtlığı yarana bilər. Flora və faunanın sürətlə tükənməsi isə ekoloji sistemin deqradasiyasına gətirib çıxaracaq. Yaşadıqları ərazidə ərzaq məhsulları tapmayan insanlar isə evlərini tərk etmək məcburiyyətində qalacaq. BMT-nin baş katibi əlavə edib ki, onilliklər boyu alimlərin çaldığı həyəcan təbili nəticəsiz qalıb və hazırda onların ən qorxulu proqnozları görünməkdədir. “Biz həm də ona görə hərəkətə keçməliyik ki, bu, bizim mənəvi borcumuzdur. Ekoloji böhranın yaranmasında ən çox inkişaf etmiş dövlətlər təqsirkardır, əziyyət çəkənlər isə ən yoxsul və zəif ölkələrdir”, – deyə Quterreş vurğulayıb.
Baş katib daha sonra bildirib ki, bu sahədə fəaliyyətsizliyə bəraət qazandıran siyasətçilərin arqumentləri əsassızdır. Belə ki, məhz iqlim dəyişiklikləri böyük iqtisadi itkilərə səbəb olur. Məsələn, son on ildə pis hava şəraiti və atmosfer çirklənməsindən ABŞ-a dəyən zərər 240 milyard dollar təşkil edib. 2030-cu ildə isə bu səbəblərdən dünya iqtisadiyyatı 2 trilyon dollar itirəcək. “Daha təmiz yanacaq, alternativ tikinti materialları, mükəmməl akkumulyatorlar, təkmilləşdirilmiş kənd təsərrüfatı metodları zəhərli qazların atmosferə buraxılmasını azalda bilər. Bütün bunların həyata keçirilməsi üçün dövlətlər və iş adamları elmə və texnologiyaya daha çox vəsait ayırmalıdırlar”, – deyə BMT-nin rəhbəri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: