Bizim uşaqların gülüşü elə bizim xoşbəxtliyimizdir… - Sara Əzimova yazır...

126

Dünən Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulan belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşası bir sıra uğurlu tərəfləri ilə yadda qaldı. Və bəri başdan deyim ki, izləyənlərə yüksək zövq və mənəvi rahatlıq bəxş edə bildi.

Naxçıvan teatrının yeni sənət qələbəsi…

Ötən əsrin 30-cu illərinin əvvəllərində Azərbaycan teatrında ilk dəfə səhnəyə qoyulan bu əsərə indiyədək müraciət edilməmişdi.   “Göy quş” fəlsəfi əsər olduğundan müəllif ideyasının açılmasında,  tamaşanın  bədii həllində güclü rejissor, rəssam və bəstəkar işi vəhdət təşkil etməlidir. Sevindirici haldır ki,  tamaşa uğurlu alındı, əsərin ideya-məzmun dəyərinin tamaşaçıya çatdırılmasına müvəffəq olundu. Tamaşa baxımlılığı,  uğurlu səhnə həlli ilə  Naxçıvan teatrına  yeni psixoloji ovqat və estetik üslub gətirdi. Qocaman teatrımızın səhnəsində  ilk dəfə tamaşaçıya təqdim olunan  əsəri  Naxçıvan teatrının  yeni sənət qələbəsi adlandırsaq heç də yanılmarıq.

Bir məqama da toxunaq ki, əsərin   mövzusunun fəlsəfi-psixoloji qatları dərindir və əksər hallarda bunu ilk baxışda dəqiqliklə tutmaq olmur.  Tamaşanın finalına doğru mövzunu tam dərk edəndən sonra saatlarla əsərin təsirindən qurtulmaq olmur. Səhnə əsərinin canlılığının, təravətinin bir gözəlliyi də məhz bundadır.

Tamaşadan sonra yaradıcı heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  əsərin səhnə həllini yüksək dəyərləndirərək kollektivə təşəkkür etdi. Ali Məclisin Sədri dedi ki,  fəlsəfi janrda yazılmış əsərlər çətin qavranılmasına baxmayaraq, böyük mənalar ifadə edir. Tamaşanın uğurlu alınması həm də Naxçıvanın inkişafının göstəricisidir. Çünki hər bir yerin inkişafı, təkcə iqtisadi inkişafla deyil, həm də mədəni inkişafla ölçülür. Mədəni inkişaf olmadan ümumi inkişafı təmin etmək mümkün deyil.

Bütün hadisələr  odunçunun övladları Tiltil adlı oğlan və onun Mitil adlı bacısının Milad bayramı gecəsi mistik xoşbəxtlik simvolu olan Göy quşun axtarışına çıxmaları ətrafında  cərəyan edir. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Tamaşanın sonunda bacı və qardaş yuxudan oyanaraq, öz dünyalarına qayıdırlar. Onlar başa düşürlər ki, xoşbəxtliyi uzaqda axtarmağa ehtiyac yoxdur. Xoşbəxtlik hər kəsin öz qəlbindədir. Hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi, mərhəmət və xeyirxahlıqdır.  İnsan əlində olanlarla yetinməyi bacarmalıdır.  O, elə hey axtarışda olur.  Sadə evi olan daha böyük, daha zəngin  evdə yaşamaq arzulayır.  Yaxud ətrafındakı insanların həyatını heyranlıqla izləyir, öz evindəki xoşbəxtliyi görmür və sair.  Elə əsərdəki bu bacı-qardaş kimi. Məhz yuxudan sonra onlar bəyənmədikləri daxmalarına saray kimi baxırlar,  hər şey onlara gözəl və mənalı görünür. Onlar bu dünyada olanların, baş verənlərin  gizli mənasını duya, anlaya bilirlər. Təbii ki, insanların belə yuxu görüb həyatı dərk etməsi çətindir.  Məhz ona görə də bu ibrətamiz əsər tamaşaçısını düşündürür, xəyallar aləminə aparır, insan oğluna xoşbəxtliyin yaşadığımız bu dünyada olduğu həqiqətini təlqin edir, adıçəkilən səhnə əsəri “Müdrik ol, onda hər şeydən əvvəl xoşbəxt olmağı öyrənəcəksən” fikrini insan beyninda formalaşdırmağa nail olur.

Sevindiricidir  haldır  ki, tamaşada əsas rollar Naxçıvanda yetişib formalaşan gənc aktyor və aktrisalara tapşırılıb. Onlar oynadıqları rolları öhdəsindən lazımınca gələ bilirlər. Bu da onu göstərir ki, Naxçıvan teatrında  yeni peşəkar aktyor nəsli formalaşır. Əsərin qəhrəmanları — odunçunun övladları olan Tiltil adlı oğlan və onun Mitil adlı bacısını Vəli Babayev (“Naxçıvan” Universitetinin tələbəsi) və Heyran Abdullayeva (Naxçıvan Musiqi Kollecinin tələbəsi)  ustalıqla tamaşaçıya təqdim edə bilirlər.  Onların mükəmməl səhnə hərəkətləri, yerində edilən jestlər,  səlis səhnə danışığı və sair hər iki gəncin bu sahədə gələcəkdə bir çox uğurlu tamaşalara imza atacaqlarından xəbər verir.   Onu da diqqətə çatdırım ki, bu tamaşada yer alan gənclərin hamısı Naxçıvan Dövlət Uşaq Tetarının səhnəsindən böyük teatr səhnəsinə addım atanlardır. Bu gənclər  hadisələrin ustalıqla tamaşaçıya çatdırılmasına müvəffəq oldular.

Tamaşanın yaddaqalan simalarından biri “Naxçıvan” Universitetinin tələbəsi Fatimə Yusifli idi. Tamaşada Tiltil   və  Mitilin anasını  canladıran gənc aktrisa 21  yaşında olmasına baxmayaraq  bu obrazı təsirili və dolğun yarada bildi.  Aktirsanın təqdim etdiyi  obraz öz canlılığı və təbiiliyi ilə seçilirdi. O, aydın nitqi, kaloritli səhnə görkəmi, peşəkar  oyun üslubu  ilə  bu obraza  yaddaqalan səhnə həyatı verdi.  Fatimə dünyada ən böyük xoşbəxtliyin  ana və valideyn sevgisi olmasını təmkin və böyük məharətlə tamaşçısına çatdırdı.  Tamaşanın ən təsirli anlarından biri olan həmin səhnədə ana  gözəl libasda  uşaqların qarşısına çıxır. Uşaqlar  istəyirlər ki, anaları  həmişə belə gənc və gözəl olsun. Ana  isə onlara deyir ki, ata-analar qəlbən həmişə gənc və gözəldirlər. Sadəcə olaraq, onları belə görməyi bacarmaq lazımdır.

Xalq artisti Rza Xudiyev, Əməkdar artistlər Behruz Haqverdiyev, Əli Əliyev, Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktrisalardan  Nurbəniz Niftəliyeva, Mehri Nəbiyeva, Zəminə Baxşəliyeva da  əsərin uğurlu səhnə həllinə və müəllif ideyasının açılmasına nail ola bildilər.

Tamaşanın hər səhnəsi ibrətamizdir. Bacı-qardaşın atası odunçu olduğuna görə Palıd ağacı   dilə gəlir. Ağacların öz  qol-budaqlarının kəsilməsindən  Tilitilə şikayətlənməsinin  də arxasında böyük məna, müasir cəmiyyətə mesaj və çağırış var. Axı, ağac kəsmək təbiətə ziyan vurmaqdır.

Mən yenidən rejissor işinə qayıtmaq istəyirəm. Rejissor  hər hansı əsərin mövzusunu  həssaslıqla duyub, qavrayıb, öz təxəyyülündə yoğurub ona səhnə poetikasında səciyyəvi təcəssüm verə bilirsə, aktyorları həmin janrın estetik tələblərinə yönəltməyi bacarırsa, o zaman canlı, təravətli, düşündürən, mənəviyyatımızı silkələyən tamaşa hasilə gəlir. Fikrimizcə, rejissor Tofiq Seyidov buna nail ola bilib.

Təbii ki, hər tamaşanın uğurlu səhnə həllində rejissorla yanaşı,  bəstəkar, rəssam işləri də mühüm əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın tamaşaya verdiyi səhnə tərtibatı da yüksək dəyərləndirilməlidir. Hadisələr cərəyan etdikcə ümumi fonda baş verən olayların məkan yerdəyişimi inandırıcı olması ilə diqqəti çəkir.  Yəni, hər şey öz məkanında, öz rəng çalarında əksini tapır. Bu sözləri əsərin musiqi tərtibatı barədə də demək olar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovanın əsərin  ideyası ilə  həmahəng səslənən musiqisi  tamaşa boyu öz təsrinin göstərir.

P.S. Tamaşanı   izlərkən ötən əsrin 90-cı illərinin əvvəllərinə- çörəyə həsrət qalan uşaqlığımıza qayıtdım. Bir daha şükr etdim ki, indi o çətin günlərimiz artıq yoxdur. Naxçıvanda uşaqlar əsərdəki  Tiltil və Mitil kimi “Göy quş”  axtarışında deyillər. Çünki onlar xoşbəxtdirlər. Firəvan, rahat həyat sürürlər. Bizim uşaqların gülüşü və rahatlığı elə bizim xoşbəxtliyimizdir…

Gəlin qədrini və dəyərini bilək!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: