Biçindən sonra sahələri yandırmaq olmaz
NUHÇIXAN xəbər verir ki, hazırda muxtar respublikada sahələrdə taxıl biçilir. Bəzi təsərrüfatçılar və torpaq mülkiyyətçiləri məhsulun yığımından sonra əkin sahəsinin yandırırlar. Bunun torpaq üçün faydalı olduğunu düşünənlər əslində yanılır və qanunazidd addım atırlar. Mütəxəssislər bildirirlər ki, biçin başa çatdıqdan sonra əkin yerlərinin yandırılması bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflora və mikrofaunasını məhv edir. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Həm də bu əməli törədənlər qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.
Məlum olduğu kimi muxtar respublikamızda əkinəyararlı torpaq sahələri azlıq təşkil edir. Ona görə də kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə və mühafizəsinə, torpaq qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir.
Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bol və keyfiyyətli məhsul istehsalı üçün torpaqdan təyinatı üzrə istifadə etməli, təsərrüfat fəaliyyətlərində torpağın münbit qatının korlanmasına yol verməməlidirlər.
Turab Hacızadə