Beynəlxalq kosmik stansiya kainatın soyuq qütbü olacaq

170

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Yerin orbitinə maddə hissəciklərini “mütləq sıfır” dərəcəsinədək dondurmaq ehtimalını öyrənəcək laboratoriya göndərib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, kainatın soyuq qütbü rolunu oynayacaq laboratoriyanın çəkisizlik şəraitində uzun müddət qalacağı ehtimal olunur. “Soyuq atom laboratoriyası” (CAL) Virciniya ştatından “Antares” raketi vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Laboratoriyada olan maqnit sistemi və lazer sayəsində Boze-Eynşteyn kondensatı (hissəciklərin Kelvin üzrə milyard hissəsinin temperaturunda olan maddə) əmələ gəlir. Bu, Kelvin üzrə “mütləq sıfır” dərəcəsinə (Selsi üzrə mənfi 273,15 dərəcə) bərabərdir. Hərçənd termodinamika qanunlarına görə, buna nail olmaq mümkün deyil.

Alimlər bildirirlər ki, “mütləq sıfır” dərəcəsində hissəciklərin xaotik hərəkəti tamamilə dayanır. Mikroqravitasiya sayəsində hissəciklər bu vəziyyətdə 10 saniyə qala bilər, amma Yerdə bu proses bir saniyədən də az davam edir. Kosmosun uzaq yerlərində minimal temperatur 2,7 Kelvin (Selsi üzrə mənfi 270,45 dərəcə) təşkil edir. NASA bəyan edib ki, orbital eksperiment zamanı kainatda ən soyuq məkan yaradılacaq. Agentliyin bəyanatında deyilir: “Soyuq atom laboratoriyası” bizi imkansız kimi görünən bu məqsədə çatdıra bilər”.

Bu eksperiment yer şəraitində də aparılıb. Cenevrədəki Avropa Nüvə Tədqiqatları Şurasında (CERN) Kelvin üzrə 1,9 dərəcəyə qədər (Selsi üzrə mənfi 271,3 dərəcə) dondurulmuş maqnitlər mövcuddur. 2000-ci ildə Helsinki Texnoloji Universitetinin alimləri də maddəni “mütləq sıfır” dərəcəsinə yaxın dondura biliblər. Lakin orbital laboratoriyanın onlardan üstünlüyü çəkisizlik şəraitində işləməsidir. NASA-nın eksperimenti sayəsində qravitasiya və kvant fizikası, hətta sirli qaranlıq maddə haqqında yeni kəşflər də ola bilər.

“Mütləq sıfır” dərəcəsi haqqında alimlər ilk dəfə XVII əsrdə fərziyyələr irəli sürüblər. Bu termindən Frensis Bekon və Robert Boylun tədqiqat əsərlərində istifadə olunub. Daha sonralar fiziklər Satyendra Nat Boze və Albert Eynşteyn də bu mövzuda diskussiyalar aparıblar. Alimlər belə qənaətə gəliblər ki, Kelvin şkalası üzrə sıfır dərəcəsinə ancaq nəhəng rezervuarda nail olmaq mümkündür, çünki dondurulan maddədən çıxan istinın yayılması bunu tələb edir. Hətta kosmosda da “mütləq sıfır” dərəcəsinə nail olmaq imkansızdır. Belə ki, kosmik çəkisizlik şəraitində də kiçik hissəciklərin hərəkəti kinetik enerji, bu isə öz növbəsində istilik yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: